Bakıda 100-ə yaxın sakin Qorxmaz Hüseynovdan prezidentə şikayət etdi - MÜRACİƏT

Bu məqaləni qiymətləndir
(0 səs)

Suraxanı rayonunun 100-ə yaxın sakini Prezidentə və Birinci Vitse-prezidentə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovdan şikayət edir. Onlar Qorxmaz Hüseynovun və yerli Su İdarəsinin fəaliyyətindən narazı olduqlarını bildirirlər. 100-ə yaxın sakinin adından xeberinfo.de-ə daxil olan müraciətdə deyilir ki, "Azərsu" ASC sədrinin fəaliyyəti əhali arasında narazılıq yaradır. Belə ki, rayonda davamlı olaraq günlərlə içməli suyun verilməsində problemlər yaranır. Yerli idarə vətəndaşların probleminə biganə yanaşır. Rəsmi müraciət edəcəklərini deyən sakinlər bildiriblər ki, "Azərsu" rəhbəri Qorxmaz Hüseynov bu vəzifəyə təyinat alandan adı dəfələrlə korrupsiyada hallanıb, qurumda isə özbaşınalıq baş alıb gedir. Hətta mediada Hüseynovun "Azərsu"ya öz yaxın qohunlarını yığması da dəfələrlə gündəmə gətirilib. Sakinlər deyirlər ki, iki gündür rayon ərazisində - xüsusən də Hövsan və Qaraçuxurda su yoxdur. "Azərsu" isə problemin həll olunacağını deməklə vətəndaşları "yol"a verir. "Ölkə başçısı dəfələrlə Bakıda və rayonlarda əhalinin su ilə təminatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayaraq külli miqdarda vəsait ayırıb. Necə ola bilər ki, bir quruma bu qədər pul ayırılır, amma texniki problemlər həllini tapmır. Soruşan lazımdır ki, Qorxmaz Hüseynov bu pulları hara xərcləyib? Dövlət əmlakını dağıtmağı, talan etməyi ona kim həvalə edib? Belə bir məsuliyyətsiz məmur ölkə başçısının və Birinci vitse-prezidentin gördüyü işlərə kölgə salır. Görünür, onu ən yüksək səviyyədə hansısa oliqarxlar müdafiə edir, ona görə də Qorxmaz Hüseynov vəsifə səlahiyyətlərindən sui-istifadə edir. Bizi Ramazan ayının ilk günündə susuz qoydular", - sakinlər bildirirlər. Suraxanı sakinləri bildiriblər ki, Qorxmaz Hüseynov kimi köhnə təfəkkürlü məmurlar artıq idarəetmədən uzaqlaşdırılmalıdır: "Çünki onlar dövlət qurumlarına öz şəxsi mülkiyyəti kimi baxırlar". Sakinlər ölkə başçısından Qorxmaz Hüseynovun fəaliyyətinin yoxlanılması barədə göstəriş verilməsini xahiş edirlər: "Cənab prezident, hörmətli Birinci Vitse-prezident, siz bilirsiniz ki, Qorxmaz Hüseynovun qardaşının da adı korrupsiyada hallanır. Biz dəfələrlə bu adamın qəbuluna getmişik, nəinki özü ilə heç müavinləri ilə görüşmək mümkün deyil. Bu qədər məsuliyyətsizliyin səbəbi nədir? Biz xahiş edirik ki, Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə "Azərsu" ASC-nin və Qorxmaz Hüseynovun fəaliyyətinin yoxlanılması barədə göstəriş verəsiniz". Mövzu ilə bağlı "Azərsu" ASC-dən münasibət öyrənmək mümkün olmayıb.

Oxu 21 dəfə