Wednesday, July 24, 2019

"Polislər belimi sındırmaq üçün o qədər vurdular..." Gəncə işi Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

İyunun 18-də Bakı Apellyasiya məhkəməsində Gəncə olayları ilə bağlı həbs edilən 6 nəfərlik qrupun növbəti məhkəmə prosesi keçirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Salman Hüseynovun sədrlik etdiyi prosesdə Elvin Nəzərov, Elman Rüstəmov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin işinə baxılıb.

Vüqar Xudiyev verdiyi ifadə zamanı Kəpəz və Gəncə rayon polis idarələrində dəhşətli işgəncəyə məruz qaldığını bildirib: “Kəpəz və Gəncə polis idarələrində azərbaycanlı polislər mənə elə işgəncə verdilər ki, dəqiq bilirəm ki, ermənilər azərbaycanlı əsirlərə elə işgəncə verməyib. Polislər mənim belimi sındırmaq üçün o qədər vurdular amma sındıra bilmədilər. Əllərimi, ayaqlarımı bağlayıb, məni stula bağladılar. Soruşurdular ki, Rəşadı tanıyırsan deyirdim tanımıram. Məni stul qarışıq divarlara, yerə, hara gəldi çırpırdılar. O qədər döydülər ki, qabırğalarım qırıldı, iki ay yerdən qalxa bilmədim. Kürdəxanıda uşaqlar gedib həkimə dedilər ki, burda bir nəfər var qabırğası qırılıb, yerindən tərpənə bilmir, ona baxın. Həkim soruşub ki, kimdir? Uşaqlar deyib ki, Gəncə məhbusudu. Həkim deyib ki, bizə deyiblər Gəncə işinə görə gələn məhbuslara baxmayın”. Bu zaman hakim Salman Hüseynov Vüqar Xudiyeva acıqlanıb və “Təzyiqlərdən danışma, bəsdir, Gəncəyə niyə gəlmişdin, ondan danış” deyərək müdaxilə edib və Vüqarın istintaq zamanı polis idarələrində ona verilən işgəncə faktının açıqlamasının qarşısını alıb.

Vüqar Xudiyev Gəncəyə İmamzadə ziyarətgahını ziyarət etmək üçün gəldiyini bildirib: “İyulun 10-da səhər saat 8-9 arası Elvinin dostları Eyruz və Səbuhi ilə gəldik İmamzada ziyarətgahını ziyarət etdik. Eyruzgil Mingəçevirdən gəlmişdi. Mənə Elvin (Nəzərov) dedi ki, dostlarım ziyarətgaha getmək istəyir, onların bir gecə sizdə qalmasına və ziyarətgaha getməsinə kömək et. Mən də etdim. Eyruzgil ziyarətgahı ziyarət etdikdən sonra dedi ki, gedək Xaşbulağa dincəlməyə. Razılaşdıq. Dönüb Xan Bağında oturub çay içib, Xaşbulağa getməyi planlaşdırdıq. Xan bağında oturub çay içirdik, iki polis bizə yaxınlaşdı və onlarla idarəyə getməyimizi tələb etdilər. Biz də getdik. Bizə orada Emin adlı polis dedi ki, sizə 15 sutka veriləcək, 15 sutkadan sonra çıxıb gedərsiz evinizə. Səbəbini də izah etmədilər.

Amma mənə polis idarəsində dedilər ki, 15sutkan bitəndən sonra qayıt get Mingəçevirə, bir də Gəncəyə gəlmə. Dedim, mən bu ölkənin vətəndaşıyam istədiyim yerə gedə bilərəm”.

Dövlət ittihamçısı Ədalət Əzimzadə-Gəncəyə kiminlə getmişdin?

V.X-Eyruz, Səbuhi ilə.

Ə.Ə-Onları Elvin göndərmişdi?

V.X-Bəli.

Ə.Ə-Siz işləyirsiz?

V.X-Bəli. Fəhlə işləyirəm. Yadımdaykən bir məsələni də diqqətinizə çatdırım. Mən aksiyadan qabaq Xan Bağında çay içərkən həbs edilmişəm. Amma ərizədə yazılıb ki, guya mən aksiya zamanı meydanda tutulmuşam.

Vəkil Zibeydə Sadıqova-Siz saat neçədə saxlanmısız?

V.X-Günorta 1-ə qalmış. İyulun 10-unda.

Z.S-Bəs sizi saxlayanda səbəbini soruşmadız?

V.X-İmkan verdilər ki. Elə vəhşi kimi rəftar edirdilər. Adamı adam yerinə qoymurdular ki söz də desinlər. Bizi gətirdilər polis idarəsinə həmin dəqiqə 15 sutka verdilər. Dedilər ki göstəriş verilib ki, bura gətirilən adamların hamsına 15 sutka verilsin.

Z.S-15 sutkalıq cəzanı məhkəmə təyin etdi?

Hakim Salman Hüseynov-Əlbəttə, məhkəmə təyin edir, polis təyin etmir ki.

V.X-Məhkəmə zad yox idi. Elə polis dedi ki, 15 sutka verilib sizə.

Z.S-Sizi mühakimə edəndə yanınızda yaxınlarınızdan və ya vəkilinizdən kim var idi?

V.X-Heç kim yox idi.

Z.S-Sizə dindirmədən öncə hüquqlarınızı izah etdilərmi?

V.X-Yox. Dindirmə demək olmazdı. O hala ancaq vəhşilik demək olar.

Kəpəz polis idarəsində məni dayanmadan döydülər. Amma DTX-də mənimlə normal rəftar etdilər. Kəpəz də bizə deyirdilər ki, yuxarıdan əmr gözləyirik, sizin hamınızı güllələyib öldürəcəyik. Deyəndə ki, günahımız yoxdur, bunu Allah da bilir. Başlayırdılar, Allahı, imamı, bayrağı söyməyə.

Kəpəz polis idarəsində bir müstəntiq tapılmırdı. Sonra bir müstəntiq tapıldı. O, da dedi ki, sənə bir maddə qoyacaq 531. Guya mən kütləvi iğtişaşda iştirak etmişəm.

Bizi Kürdəxanıya gətirəndə əvvəlcə eyni kamerada bizimlə qalanlara tapşrmışdılar ki, bu Gəncə işi ilə bağlı gələnlərə yaxınlaşmayın, yoxsa, sizə də eyni maddəni qoyarıq-vətənə xəyanət maddəsi.

Daha sonra Vüqar Xudiyev telefonun ondan 10 iyul saat 1 -də alındığını bildirdi. Lakin izahatda onun telefonuna gecə saat 11-də zəng gəlməsi haqqında yalan yazılmasına etraz etdi: “Guya gecə saat 11-də mənim mobil telefonuma zəng gəlib, həmin vaxt mən icra hakimiyyətinin yaxınlığında olmuşam. Axı gündüz saat1-də telefon məndən alıblar, məni də polis idarəsinə salıblar. Mən polis idarəsində olduğum zaman gecə saat 11-də mənim telefonumdan icra hakimiyyətinin yaxınlığında kim istifadə edib?. Bunu araşdırmaq lazımdır”.

Daha sonra Elvin Nəzərov onun Gəncə aksiyasında təşkilatçılıq etməsi ilə bağlı ittihamın uydurma və böhtan olduğunu bildirdi: “Axı mən kimi təhrik etmişəm, aksiyaya gəlməyə? Kimi aksiyaya təhrik etmişəmsə gəlib üzümə dursun. Axı Allahdan nyə qorxmursuz? Olmayan şeyləri niyə üstümə qoyursuz?”

Daha sonra Nemət Heydərlinin aksiya zamanı çəkilən görüntüləri tələb etməsinə görə monitorda həmin günün videosunu göstərməyi qərara aldılar. Bu zaman Nemət Heydərli “İndi məni göstərəcəklər” deyib güldü. Hakim ona “Mən səni tapacam o aksiyadan çəkilmiş görüntülərdə” deyib, aqressiv şəkildə N. Heydərliyə çəmkirdi. Sonra üzünü monitora tutub Nemətə acıqla “Budurmu sizin dinc aksiyanız?” deyib, aqressiv şəkildə videonu izləməy başladı. Lakin videoda Nemət görünmədi. Məhkəmə zalında olan anası Mianyə xanım, oğlunun aksiyadan öncə, səhər saatlarında tutlduğunu bir daha təkrarladı.

Nemət Heydərlinin vəkili Nazim Musayev hakimə qaldırdığı vəsatəti xatırlatdı: Nemətlə bir gündə Elvin Mehdizadə də saxlanılıb, lakin Elvin buraxılıb. Elvin Mehdizadənin dindirlməsini istəyirik.

Daha sonra dövlət ittihamçısı Ədalət Əzimov zaldakıların işgəncə faktının araşdırılmaması fikirinə etiraz edərək “heç bir işgəncə olmayıb” deməsi, 6 nəfərlik qrupu cin atına mindirdi. Məhbusların etirazına etirazla cavab verən hakim onları skaitləşdirməyə çalışdı: “Susun, özünüzü mitinqdəki kimi aparmayın, susun!”. Lakin məhbuslar dövlət ittihamçısı Ədalət Əzimovun iddiasına etirazlarını davam etdirdilər. Bu zaman Vüqar Xudiyev dedi ki, başına o qədər təpik, dubinka vurulub ki, bütün yaddaşını itirib.

Elvin Nəzərov isə 7 ay ərzində heç bir yaxını ilə əlaqə saxlamaq imkanının ona verilmədiyini bildirdi və Ə.Əzimova üzünü tutub: Durun gəlin, baxın biləklərimə. Hələ də işgəncə yerləri qalıb biləklərimdə. Qollarımı qandallayıb məni yerə yıxdılar. Qandalların üstündə 150 kiloluq adam oturdutdular. Qandallar biləklərimi kəsdi, ətimə girdi, bütün qanın içində idim. İndi deyirsiz ki, işgəncə olmayıb. Məgər bu işgəncə deyil?”.

Hakim məhbusların işgəncə ilə bağlı fikirlərinə əhəmiyyət verməyərək məhkəmənin növbəti tarixini elan etdi: iyunun 24-ü saat 12: 00...

Qeyd edək ki, 6 nəfərlik qrupa 2019-cu ilin 1 mart tarixində Sabunçu Rayon Məhkəməsində hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə

Allahverdiyev Elvin Nəriman oğlu 7 il

Nəzərov Elvin Novruz oğlu 7 il

Məmmədov Renat Miri oğlu 6 il

Xudiyev Vüqar Mənsur oğlu 7 il

Rüstəmov Elman İlham oğlu 8 il

Heydərli Nemət Hikmət oğlu 8 il müddətinə azadlıqdan məhrum edilib.

Yuxarıda adları çəkilən məhkumların hamısı eyni maddə ilə (220.1 -vətənə xəyanət) ittiham edilir. Lakin Rüstəmov Elman İlham oğlu və Heydərli Nemət Hikmət oğlu eyni zamanda polisə müqavimətdə (315.2) təqsirləndirlir.

Oxu 39 dəfə