Çərşənbə, 28 Avqust 2019 01:44

Rusiya azərbaycanlı blogeri deportasiya edir

Yazan

Blogerin Rusiya pasportunu etibarsız sayıblar

Sankt Peterburqun Dzerjinski rayon məhkəməsi Rusiya vətəndaşı olan bloger Elvin İsayevin Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıb.

Əslən azərbaycanlı olan Elvin İsayev Rusiya pasportunu ilk dəfə 18 il əvvəl alıb və sonradan sənədinin yararsız hala düşməsi səbəbindən 2014-cü ildə ona yenisi verilib.

Elvin İsayev “Youtube” kanalında Azərbaycan hakimiyyətinin ünvanına sərt sözlər işlətməsi ilə tanınıb.

Məhkəmə Elvin İsayevi Rusiya ərazisində yaşamaq rejimini pozmaqda günahkar bilib. Azərbaycana göndərilməzdən əvvəl o, əcnəbilər üçün nəzərdə tutulan təcridxanada saxlanılanacaq.

Onun Rusiyada yaşamaq rejimini pozmasına əsas kimi, 2015-ci ildə Azərbaycanın Sankt Peterburqdakı Baş Konsulluğunda aldığı arayış göstərilir. Həmin arayışda Elvin İsayevin Azərbaycan vətəndaşı olduğu bildirilib.

Elvin İsayevin vəkilləri onun özünə istinadən təsdiq ediblər ki, həqiqətən də Elvin hansısa məsələyə görə konsulluğa müraciət edib və nə üçün həmin arayışda Azərbaycan vətəndaşı kimi qeyd olunduğunu bilmir.

Vəkil Anton Pavlov deyib ki, əgər həqiqətən də Elvin İsayev həmin sənədi götürübsə, Azərbaycan tərəfinin səhvini də istisna etmək olmaz.

Rusiyanın “Fontanka” nəşri Elvin İsayevin Rusiya pasportunun həqiqi olub olmamasını yoxlayıb. Məlum olub ki, həqiqətən də 2001-ci ildə Elvin İsayev Azərbayan vətəndaşlığından imtina edərək, Rusiya pasportu alıb. Daxili İşlər Nazirliyinin bazasında Elvin İsayevin 2014-cü ildə pasportunu yenilədiyini və həmin sənədin həqiqi olması qeyd edilib.

Elvin İsayev həmçinin bildirib ki, 2017-ci ildə onun hakimiyyət nümayəndəsinə müqavimət maddəsi ilə məhkəməsi olub və o zaman həmin Rusiya pasportu təsdiqlənib. İsayev bildirib ki, Sankt Peterburqda onun həyat yoldaşı, iki həddi-büluğa çatmayan övladı, anası və qardaşları yaşayır. O qeyd edib ki, Azərbaycanda yaşamağa yeri yoxdur.

Elvin İsayevin vəkilləri məhkəmənin hökmündən şikayət edəcəklərini bildiriblər.

"AccessBank"ın Bakıxanov filialı Yardımlı rayon Solqard kənd sakini Valeh Hüseynliyə çatacaq 2400 manat kompensasiyanı ödəmir.

Bu barədə Arqument.Az-a Valeh Hüseynli özü məlumat verib.
 
O bildirib ki, bank ona ölkə başçısının sərəncamına əməl etmir: "2015-ci ildə "AccessBank"ın Bakıxanov filialından 10000 dollar kredit götürmüşdüm. Təxminən krediti götürdüyümdən 1 ay sonra ölkədə devalvassiya oldu. Buna baxmayaraq, banka borcumu tam ödədim. Bu ilin əvvəlində prezident banklarda dollar fərqinə görə ödənilmiş pulların vətəndaşlara geri qaytarılması ilə bağlı fərman imzaladı. Bu fərmandan sonra AccessBank mənə çatan 2400 AZN kompensasiyanı ödəmir".
 
Valeh Hüseynli deyir ki, hazırda ölkədə olmadığı üçün vəkilinə etibarnamə verib, lakin bank Azərbaycan konsulluğunun verdiyi etibarnaməni saxta hesab edir: "Hazırda ölkədə olmadığım üçün öncə vəkilim Fuad Şirinova etibarnamə göndərdim. Bank o etibarnaməni qəbul etmədi. Bankın tövsiyə etdiyi etibarnaməni hazırlayıb Azərbaycan Respublikasının Berlindəki Konsulluğunda rəsmiləşdirib qardaşım Dadaşov Taleh Əlisalam oğlunun adına göndərdim. Bu dəfə isə bank etibarnaməni tanımadı və saxt  olduğunu iddia edir. Etibarnaməni verən orqan Azərbaycan Respublikasının, Almaniya Federativ Respublikasındakı konsulluğudur. Necə ola bilər ki, konsulluğun verdiyi etibarnaməni bank saxta saya bilər? Dəfələrlə Banka rəsmi müraciət etsəm də, cavab verilmir".
 
O, məsələ ilə bağlı Baş prokror Zakir Qaralova və Daxili İşlər naziri Vilayet Eyvazova da müraciət etdiyini deyib. 
 
Vətəndaşın şikayəti ilə bağlı "AccessBank"a göndərdiyimiz sorğuya da gün ərzində cavab verilməyib.













Çərşənbə axşamı, 27 Avqust 2019 21:50

Cənablar, 16 il eyni şeyi danışmaqdan yorulmursuz?!

Yazan

Bəzi müxalif partiya sədrlərinin çıxışlarında diqqətimi çəkən ciddi bir məqam var. İddia edirlər ki, hökumət parçalanıb, daxildə qruplar yaranıb, qırırlar bir-birini. Uzağı 6 aya idarəçiliyi itirəcəklər. Nə bilim Ramizin komandası paşayevləri üstələdi və sair. Bu sözləri təqribən 16 ildir eşidirik. Nə daxildə qırğın olur, nə müharibə. Əksinə, insanlarda mübarizə ruhu zəifləyir. Cəmiyyət şüuraltı düşünür ki, onsuz da yaxın vaxtlarda hökumət gedəcək. Lakin hər il rejimin daha da güclənməsini müşahidə edirik. Hüquq və azadlıqlar daha da məhdudlaşdırılır. 
Hörmətli sədrlər, belə çıxışla cəmiyyətin mübarizə əzmini məhv edirsiz. Bu rejim saat kimi işləyir, hökuməti asanlıqla əldən verməyəcək. "Dağılacaq, özləri gedəcək" kimi sözlərlə rejimə dəstək olmayın. İddia eləmirəm, bunu bilərəkdən edirsiniz. Lakin bu mövzuda etdiyiniz çıxışlar cəmiyyətdə arxayınlıq yaradır. 
Rejim hər gün güclənir, ömrünü uzatmaq üçün yeni planlar işləyir. 
Heydər Əliyev haqqında belə bir hekayə dolaşırdı. 1993-cü ildə hakimiyyəti qəsb edəndən sonra mətbuata ciddi nəzarət edirmiş. Bir gün soruşurlar ki, mətbuat üçün əsas xəbər nə olsun. "Deyin ki, Heydər Əliyev ağır xəstədir", deyə cavab verir. Bütün mətbuat baş xəbər edir. Müxalifət düşərgəsi də sevinir ki, Heydər öləcək, asanlıqla hökuməti ələ keçirəcəyik. Nəhayət 10 il ölkəni talan elədi, sonra da oğluna buraxdı hakimiyyəti. 
16 ildir ki, eyni tipli məlumatı hörmətli müxalif partiya sədrləri tirajlayırlar. Guya, bir neçə günə hökumətdaxili savaş başlayacaqmış, bunlar da asanlıqla hökuməti ələ keçirəcəkmişlər. 
Əliyev sülalə hakimiyyətindən qurtulmaq üçün hər gün döyüşmək, gərəkirsə, can vermək lazımdır. 
Cənablar, 16 il eyni şeyi danışmaqdan yorulmursuz?!

Cavid Cabbarlı

Çərşənbə axşamı, 27 Avqust 2019 20:26

Xalid Mahmudun yeni kitabı işıq üzü görüb

Yazan
Gənc şair Xalid Mahmudun yeni kitabı işıq üzü görüb. 
 
"Hər ömürdən sətirlər" adlanan bu kitab şairin birillik zəhmətinin bəhrəsidir. 
 
Kitab Azərbaycanda və eləcə də ölkə hüdudlarından kənarda maarifçiliyin inkişafında müstəsna xidmətləri olan lerikli ziyalıların qısa həyat və fəaliyyətindən bəhs  edir. 
 
197 ziyalının yer aldığı bu kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.(Arqument.az)

Əmlak siyahısında camış sürülərindən tutmuş, balıq göllərinə, xaricdə villalara qədər rast gəlmək olar

Ağdaş rayon sakinləri Xeberinfo.de-ə həmin rayonun icra hakimiyyətinin başçısı Tofiq İbrahimovdan şikayət məktubu göndəriblər. Məktubda Tofiq İbrahimova məxsus mülklərin siyahısı da yer alıb.

Məktubu olduğu kimi təqdim edirik:

“Ağdaş rayon sakinləri tərəfindən şikayət ƏRİZƏSİ
Tofiq İbrahimov icra başçısı təyin olunduqdan sonra rayon sakinlərinin günü göy əskiyə bükülüb. Var-dövlət toplamaqdan gözü doymayan bu qoca icra başçıs Ağdaşa başçı təyin olunduqdan sonra sərvəti artmış, sayı-hesabı bilinmir. Buna baxmayaraq, bu qoca icra başçısının gözü doymaq bilmir. Nəticədə də zəhmətkeş ağdaşlılar zülm, əziyyət çəkirlər. Tofiq İbrahimovun başı ancaq var-dövlət yığmağa, biznes qurmağa qarşıdığı üçün rayon baxımsız qalıb.
Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın. Örüş yerləri zəbt olunub, qanunsuz olarq əkin işləri aparılıb. Hansı ki, qanuna əsasən örüş yerlərini təyinatı dəyişmədən əkmək olmaz.

Ağdaş rayon icra hakimiyyəti başçısı Tofiq İbrahimovun qanunsuz yolla əldə etdiyi sərvətləri bunlardı; Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, həmin kənddə 10 hektar meyvə bağı, Şor Dəhnə kəndində 31 hektar meyvə bağı, Şəmsabad kəndində 200 hektar yonca sahəsi, Tofiqi kəndində 250 hektar arpa sahəsi, balıq gölləri, Mürsəl kəndində 200 hektar çəltik sahəsi, Türyançayın Ağdaş ərazindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası, rayonun Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı, rayon mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd böyük yük avtomobilləri, Ağdaş şəhərində 2 yerdə möhtəşəm villası, Bakı şəhərində 21 yerdə villa və mənzillər, Qəbələ rayonunda isə 3 villası, 1 şadlıq evi, 3 restoranı, 1 Yanacaq Doldurma Məntəqəsi, 2 İstirahət güşəsi, 100 hektar fındıq bağları, ən əsası isə övladlarının adına sənədləşdirilmiş Londonda mülkləri, Türkiyədə otel, villaları və mənzillərə sahibdir. 
Tofiq İbrahimov qeyri-qanuni sahibkarlıq fəaliyyətilə məşğul olsa da, rayonda sahibkarlara, fermerlərə qənim kəsilib. Onlara “haqq“ kəsib, verməyən sərt şəkildə cəzalandırılır.
Hansı kənddə Tofiq İbrahimova məxsus ferma, əkin sahəsi və bağlar varsa, həmin kəndlərin camaatı zəlil olub. Su üzünə, örüş üzünə həsrət qalıblar. Kənd sakinlərinə verilən suvarma suyu ancaq onun sahələrinə aparılır. Örüş yerləri zəbt olunub deyə, mal-qaramız örüşsüz qalıb. 
Ağdaşda bələdiyyələrin, icra nümayəndələrinin və idarə müdirlərinin işi ancaq Tofiq İbrahimovun biznesini idarə etmək, ona haqq yığmaqdır.
Ağdaş rayon sakinləri Tofiq İbrahimova kimi yaxşı dolanırdı, kəndlilər təsərrüfatlardan gəlir götürürdü, sahibkarlar düzgün pul qazanırdılar. Tofiq İbrahimov öz korrupsiya əməlləri ilə Ağdaş camaatının başına böyük bir qara daş salıb. Rayon sakinləri sanki tamaşaya baxırmış kimi bu hoqqabaz başçının at oynatmasına baxırıq.Gözləyirik ki, bu qoca biznesmen, talançı başçının gözü nə vaxt doyacaq. Ancaq görünən odur ki, Tofiq İbrahimov qocaldıqca dünya malına hərisliyi daha da artmaqdadır. 

Vallah, Tofiq İbarhimovun bu ağılı və savadı ilə ondan heç fermaya çoban da olmaz!
İmza; Ağdaş rayon sakinlər;
1.Əliyev Fazil Sabir oğlu
2.Qarayev Vüqar Tələt oğlu
3.Bəxtiyarov Elşən Nemət oğlu
4.Quliyeva Bahar Nəsib qızı
5.Kamilov Böyükağa Bilal oğlu
6.Osmanova Gülnar Kərəm qızı
7.Nəbiyev Solmaz Xəlil qızı
8.Babayeva Sevil Cümşüd qızı
9.Umudov Böyükxanım Məmməd qızı
10.Əliyev Həsən Hüseyn oğlu
11.Adıgözəlov Nəriman Mirzə oğlu
12.İbrahimov Seyfi Tehran oğlu 
13. Əliyev Yaqub Məlik oğlu
14.Musayev Mirsəfa Niyazı oğlu“

Dünən (18.08.2019) Almaniyanın Essen şəhərində "Diktatoru tanıdaq" aksiyası keçirilib. "Kölgə" təşkilatının təşəbbüsü ilə keçirilən aksiyanın məqsədi Əliyev sülalə hakimiyyətinin mahiyyətini alman cəmiyyətinə çatdırmaq olub. Eyni zamanda Avropa ölkələrinə mesaj verilib ki, diktator İlham Əliyevlə əməkdaşlığa son qoyulmalıdır. 

 68941783 2533579953367701 1018672887202054144 n

 

"O pul bir şey deyil, sadəcə hamı soruşur, deyirlər, bəs sizə niyə vermədilər?”
 
"Oğlum 1992-ci ildə Ağdərənin çaylı kəndində şəhid olub. Ona şəhid adı da verilib. İllərdir müavinət də alırıq. Ancaq di gəl ki, sonuncu sərəncamdan sonra bütün şəhid ailələrinə verilən birdəfəlik qanpulu bizə düşmədi. Müraciət etdik, dedilər ki, sizin övladınız döyüşə könüllü gedib, ona şamil edilmir. Biz bilmiş olduq ki, vətən üçün könülsüz döyüşmək lazım imiş”.
 
Kürdəmirin Qaraqocalı kəndinin sakini Gülnar Zamanova belə deyir.
 
Onun oğlu Sehran Qəniyev 15 yaşında evdən qaçıb könüllü Qarabağa döyüşməyə gedib. Bir neçə aydan sonra isə döyüşdüyü kənddə mühasirə düşərək həlak olublar. Ana deyir ki, bəli, oğlu Qarabağa könüllü gedib. 
 
O, bunun qarşısını dəfələrlə alıb. Ancaq günün birində qaçıb və sadəcə gedib: "Vətənpərvər uşaq idi. Qarşısını ala bilmədim. Getdi və şəhid oldu. Buna sözüm yoxdu. Anası kimi həmişə fəxr etmişəm onunla. Bilirəm, onsuz da elə oğulu Allah adama sonacan verməz. Musiqiyə, idmana gedirdi. Tərbiyəli, ağıllı, hamı başına and içirdi. Mənə kömək edirdi, vətənpərvər, sevgi dolu bir uşaq idi. Mənə təsir edən ayrı-seçkilikdir. O pul bir şey deyil, sadəcə hamı soruşur, deyirlər, bəs sizə niyə vermədilər? Sehran şəhid sayılmır ki, nə məsələdir? Bütün bunlar da bir ana kimi mənə pis təsir edir. Şəhidi ayırmazlar, prezident bir sərəncam, bir qərar veribsə, sonacan versin. Bu işi layiqli şəkildə yerinə yetirsin”.
 
Gülnar Zamanova oğlunun döyüşə getdiyi vaxtları xatırlayır. Deyir, 1992-ci ilin iyulunda gedib. Müharibənin ən qızğın vaxtlarında ön cəbhədə 41 gün döyüşüb. Bir gün evlərinə də gəlib: "Avqustun 14-də gəldi. Elə bircə gün qaldı. 15-də tələsik getdi. Yalvardım-yaxardım, dedim, bala, sənin məktəbə gedən vaxtındır, uşaqsan, nə işin var səngərdə, müharibədə? Dinləmədi, qaçıb çıxıb getdi. Ağdərənin Çaylı kəndində döyüşürdü. Getməyi ilə ölümü bir olub. Elə getdiyi günün axşamı döyüş olub. Ermənilər bunların olduğu yeri mühasirəyə alıb, hamını qırmışdılar. Hətta meyitlərini 24 saat sonra çıxarmaq mümkün olmuşdu”.
 
Gülnar Zamanova deyir ki, belə bir şəraitdə həlak olan, vətənini sevib, könüllü döyüşə gedən birinə qarşı ayrı-seçkilik etmək günahdır: "Həm şəhidin özünə, həm də ailəsinə qarşı böyük haqsızlıqdır. Mənim ana kimi çəkdiyim əzablar hər hansı maddiyyatla ölçülmür. Həmin günü xatırlayıram. Qapıya gəldilər. Nəsə dedilər, yoldaşım təcili getdi. Evdə də heç nə demədi. Sonra zəng etdi ki, get qardaşıngilə, gələcəyəm ora. Getdim ki, 4 tabut var ortada. Oğlum, qardaşımın oğlu, bibim oğlu və bibimin nəvəsi. Hamısı eyni yerdə döyüşürdülər. Birdən öldürüblər. Soruşdum, nolub, kimdi bunlar? Dedilər, ay bədbəxt, elə biri sənin balandı. Ayaqlarım tutuldu, elə bildim ölürəm. Üstünə ölüm kağızı yapışdırmışdılar. Adını oxuyanda dünyam dağıldı, qaldım altında”.
 
Gülnar Zamanova deyir ki, dövlət şəhidlərin ailələrinə birdəfəlik müavinət verdi, onların ailələrinə təşəkkür etdi: "Anlaya bilmirəm, bizim övladımızın canı can deyil? Mən ana deyiləm? Oğul itirməmişəm? Bu, nə ayrı-seçkilikdir belə? Bizim qapımızı açan olmadı. Nədi ki, oğlum hərbiyə gedəndə 16 yaşı tamam olmamışdı və könüllü getmişdi. Beləsini daha da baş tacı etməkdən, deyirlər, könüllüdür, ona düşmür. Nə bilim, yaxşı oğul olmaq üçün könülsüz döyüşmək lazım idi? Bu adam torpağını sevirdi, vətənpərvər idi. Ona görə belə hörmət qoyurlar?”
 
Meydan TV məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənə bilməyib.
 
2019-cu ilin əvvəli prezident İlham Əliyev 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsini nəzərdə tutan Fərman imzalayıb.
Ağdərə 1992-ci il

İmişli rayonunda yeni qum-çınqıl karxanaları təşkil eləmək üçün Araz çayının məcrası dəyişdirilib, mühafizə zolağı məhv edilib. Bu isə rayon ərazisində ekoloji tarazlığı pozur və gələcəkdə Araz çayının daşması nəticəsində təbii fəlakətə səbəb ola bilər.

Bunu İmişli rayon sakini Məhbub Əvəz oğlu Zülfüqarlı ölkə KİV-lərinə müraciətində yazıb.

Məmur özbaşınalığından qaynaqlanan problemlərdən biri də rayon sakinlərinə məxsus mal-qaranın otlaması üçün nəzərdə tutulan örüş yerlərinin satılmasıdır.

M. Zülfüqarlı bildirir ki, İmişli rayonunda ekoloji böhrana səbəb olacaq və əhalinin rifah halını çətinləşdirən problemlərlə, eləcə də digər məsələlərlə bağlı müraciətlərinə əlaqədar qurumlar biganə yanaşırlar:

“Hətta Azərbaycanda nadir Tuqay meşələri məhv edilir və yerində bir deputat bostan-tərəvəz məhsulları əkdirir”.

Şikayətçinin yazdığına görə, İmişli şəhərinin mərkəzindən keçən “Nohur” deyilən su kanalı it, pişik cəsədləri, yollarda kəsilmiş heyvanların tullantıları ilə dolsa da, təmizlənmir və bu səbəbdən əhali ciddi problemlə üzləşir. Amma müvafiq qurumlar bununla bağlı müraciətlərə məhəl qoymur, əhalinin sağlamlığı təhlükə ilə üz-üzədir.

Məmur özbaşınalığı İmişlini ekoloji böhran həddinə çatdırıb

M. Zülfüqarlı

Digər bir problem isə İmişlidəki Heydər Əliyev parkı ilə bağlıdır. M. Zülfüqarlı iddia edir ki, həmin parkı məmurlar zəbt eləyib: “Mən dəfələrlə yuxarı təşkilatlara şikayət ərizəsi yazmışam ki, İmişli rayonunda Heydər Əliyev parkı satılıb. Nazir və komitə sədrlərinin diqqətinə bir daha çatdırıram ki, rayona gələndə, çörəyini yediyiniz bu kişinin heykəlinin qarşısında gül dəstələri düzüb təzim edərkən “Bizi bağışlayın!” ifadəsi işlətməmək üçün bu dahi kişinin adına verilmiş parkı öz adına qaytarın”.

M. Zülfüqarlı qeyd edib ki, bu və digər problemlərlə bağlı yuxarı təşkilatlara göndərdiyi şikayət ərizələrinə cavab məktublarının təsviri hissəsində “tədbir görülməsinin mümkünsüzlüyü” ifadə olunur. M. Zülfüqarlı əlaqədar qurumların rəhbərlərindən bir daha xahiş edir ki, artıq rayon əhalisi üçün dözülməz həddə çatmış bu problemlərin həllinə ciddi yanaşsınlar.

Şəhid ailəsi: "Bizə iylənmiş ət göndərən icra başçısıdır, ya başqası?"
 
Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Qurban bayramında şəhid ailəsinə keyfiyyətsiz ət göndərib. 
 
Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan videoda şəhid ailəsi bildirib. 
 
Videoda qeyd olunur ki, bayram sovqatı Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan şəhid ailəsinə göndərilib. Ancaq Qurban payı vaxtı keçmiş və iylənmiş ət olub. 
 
Şəhid ailəsi onlara göstərilən bu cür hörmətsizliyə görə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova müraciət edib: "Mən icra başçısından xahiş edirəm ki, bu faktlara baxıb araşdırsın və lazımı tədbirlər görsün. Araşdırıb öyrənsin ki, şəhid ailəsinə iylənmiş ət və digər bayram paylarını göndərənlər kimlərdir. Onun özüdür, yoxsa başqaları!".

“Palmali” şirkərlər qrupuna aid “Məmməd Əmin Rəsulzadə” gəmisi Türkiyədə Liberiya bayraqlı “Doric Warior” gəmisi ilə toqquşub.

Hadisə Ahırkapı Dəmir bölgəsində meydana gəlib. İki gəminin toqquşmasından sonra “Məmməd Əmin Rəsulzadə” gəmisinin kapıtanı “batırıq” deyə kömək çağırıb. Hadisə yerinə Sahil Güvənlik Xidmətinə aid 3 açıq dəniz qayığı və 3 xilasedici qayıq göndərilib.

“Palmali” şirkərlər qrupunun prezidenti Mübariz Mənsimov 6 ay öncə açıqlama verərək yeni inşa edilən gəmilərə Məhəmməd Əmin Rəsulzadənin və Elçibəyin adının veriləcəyini bildirmişdi. Sonra isə bu gəminin 1998-ci ildə inşa olunan “ADRİATİC MARİNER” adlı tanker olduğu üzə çıxmış, Ukraynada yanacaq qaçaqmalçılığı ilə istintaq açılan 21 yaşlı bu köhnə gəmiyə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi sərt reaksiyalara səbəb olmuşdu. Hazırda batma təhlükəsində olan gəmi keçən həftə xüsusi törənlə açıq dənizdə səfərə çıxmışdı.

Virtualaz.org saytı isə yazır ki, tanker "...əvvəllər rüsvay olmuş keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası - Əhməd Mahmudovun şərəfinə onun adını daşımışdı. Mahmudovun xüsusi xidmət orqanlarındakı mütəşəkkil cinayətkar qrupu ifşa edildikdən sonra Mənsimov 6 min 600 ton ağırlığı olan gəmisini tələsik ADRİATİK MARİNER-ə çevirdi.

Türk jurnalistlər şərhlərində təəssüflə etiraf edirdilər: ““Palmali Dənizçilik” şirkətinin rəhbəri Mübariz Mənsimovun azərbaycanlıların səmimiyyətindən və milli hisslərindən sui-istifadə etməsi, parkındakı 21 illik köhnə gəmini yeni kimi qələmə verməsi, heç bir şərhə sığmır”.

Gəminin özəllikləri:

Adı: Məmməd Əmin Rəsulzadə
IMO: 9175157
MMSI: 636019495
Çağrı İşarəti: D5UU2
Bayraq: Liberiya [LR]
Tonaj (GRT): 4606
Tam Boy x Tam Genişlik: 129.3m × 16.5m
İnşa edilmə tarixi: 1998

Qeyd edək ki, hər iki gəmi maddi zərər görüb, hadisə nəticəsində yaralanan olmayıb.(musavat.com)

3 -dən səhifə 227

Günün videosu