Lerikdə PA rəsmiləri ilə görüşdə vətəndaşlara əngəl yaradan kimlərdir?

Bu məqaləni qiymətləndir
(0 səs)

Aprelin 11-də Prezident Adminstrasiyasının (PA) bir neçə vəzifəli şəxsi Lerik rayonundan vətəndaşlarla görüş keçirib.

Bu barədə rayon sakini Eldəniz Quliyev sosial şəbəkədə məlumat yayıb. 

E.Quliyev deyir ki, rayon rəhbərliyindən əsas şikayətçilərdən biri də özüdür, çünki faktiki onun mülkü əlindən alınıb, lakin onun görüşə gəlməsinə imkan verilməyib: "Prezident Adminstrasiyasının bir neçə vəzifəli şəxsi ilə ancaq fırıldaqçı şəxslər görüşdürülüb. Tərifnamələr deyiblər. Faktiki prezidenti aldadırlar. Mənim 54 sot torpağımı, halal mülkümü icra başçısı Rövşən Bağırov "Azərenerji"yə satıb. Mülkiyyət hüququm pozulub. Bunlar isə gəlib öyrədilmiş adamlarla görüşürlər. Mən Prezidentə müracit edirəm ki, şikayətlərimə məhəl qoyulmur".

Rayon sakinlərdən aldığımız məlumata görə, "Dırıq" ərazisindən isə heç kəsə görüşə icazə verilməyib. Deputat İqbal Məmmədov isə rayon rəhbərliyi ilə əlaqə saxlayaraq, şikayət edən kəndlərin sakinlərinin görüşə buraxılmaması tapşırıb.

Onlar bildiriblər ki, sakinlərlə PA işçilərinin görüşünə əngəl yaradılıb və öyrədilmiş şəxslər onlarla görüşdürülüb. 

İcra Hakimiyyətindəki mənbəmiz bildirib ki, narazı sakinlərin bir neçəsi icra hakimiyyətinə gəlsə də, icra başçısının müavini Cəlil Baxşıyev onları öz otağına aparıb, görüşə girmələrinə mane olub.

Mənbəmiz deyib ki, icra başçısı Rövşən Bağırov bununla bağlı xüsusi tapşırıq verib. 

"Biz icra başçısının müavini Habil Məlikov və şöbə müdiri Əlipənah Bayramovla danışdıq. Onlar dedilər ki, gəlib problemlərinizi deyin. Amma başçının birinici müavini Cəlil Baxşıyev mane oldu. Rayonun Prezident Adminstrasiyasındakı kuratoru da görüşdə idi. O da Rövşən Bağırovla yaxın şəxsdir", - sakinlər deyiblər. 

Mövzu ilə bağlı Lerik rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Oxu 57 dəfə