Sonntag, 27 August 2017 22:00

Sabah Əziz Orucov məhkəmə qarşısına çıxarılacaq - Həbs müddətinin uzadılması üçün

Sabah (29 avqust 2017) saat 11-də Kanal13-ün Bakı ofisinin rəhbəri Əziz Orucovun istintaq müdətinin uzadılması ilə bağlı məhkəmə iclası keçiriləcək. Bu barədə Əziz Orucovun həyat yoldaşı Lamiyyə Orucova facebook səhifəsində yazıb.

L.Orucova ictimaiyyətə çağırış edib: “Sizin hər birinizi Məhkəmənin qarşısına gəlməyə və Əzizə dəstək olmağa çağırıram. 4 ay istintaq müddətindən 1 ay da əvvəl Əzizi inzibati həbs edən bu siyasi iqtidar istintaq müddətini daha ən azı 2-3 ay uzatmaqla günahsız bir jurnalistin bir ilin 7-8 ayını 4 tərəfi qapalı otaqlara məhkum edib. Kanal13-n bircə "qanunsuz hərəkəti" olub - bu ölkə vətəndaşının problemini ictimailəşdirməklə onlara dəstək olmaq, onların - sizin hər birinizin kanalı olmaq, hər birinizə öz efirində yer vermək. Amma indi Əziz Orucov həbsə atılıb - efirimizdə hər həftə, hər ay yer alanların əksəriyyəti yoxa çıxıb. İmkanı olanların (və əlbəttə həm də vicdanı olanların) hər birinin sabah Nəsimi Məhkəməsinin qarşısına gəlib, Əziz Orucova və AZAD MEDİAYA dəstək verməyə çağırıram!”.

Qeyd edək ki, Əziz Orucov 2 may 2017-ci il tarixində polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib.

Həbs müddətinin bitdiyi 1 iyun 2017-ci il tarixində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Əziz Orucov ittihamları qəbul etmir.

Xeber.İnfo

Read 1544 times
Login to post comments
Top