Freitag, 27 Oktober 2017 22:00

Polis siyasi mühacirin atasını təhdid edir

“Dəfələrlə polis gəlib Şahini soruşur, bizi hədələyir, Şahin qayıtmasa məni həbs edəcəyini deyir. Qoca kişiyəm, mənim nə günahım var? Oğlumu da rahat buraxmadılar, hara getdi təqib elədilər. Həbslə təhdid edirdilər, o da ölkəni tərk elədi”.  Bu sözləri Almaniyada mühacir həyatı yaşayan Azərbaycan İslam Partiyasının sədr müavini Əliyev Şahinin atası Əliyev Məhyəddin Xeber.İnfo-a deyib.

M.Əliyevin sözlərinə görə Neftçala Polis Şöbəsinin əməkdaşları rahatlıq vermirlər: “Yaşlı adamam, evə nə qədər polis gələr? Hər dəfə gəlib oğlum Şahini soruşurlar, deyirlər ki, onun əvəzinə səni aparacağıq. Axı mənim oğlum hansı cinayəti törədib? Hansı dövlət malını mənimsəyib ki, onu həbs etmək istəyirsiz? Oğlumun günahı odur ki, xalqına qarşı xain olanları, dövlətin malını mənimsəyənləri tənqid edir. O günahının da cəzasını çəkir, iki ildən çoxdur ki, qürbət ölkədən siyasi sığınacaq istəyib, vətəndən uzaqda yaşayır. Dünən sahə müvəkili gəlib, təhdid edir ki, ya Şahin ölkəyə qayıtsın ya da onu beynəlxalq axtarışa verəcəyik, harda olsa tapıb gətirəcəyik. Hakimiyyət heç bir hüquq və azadlıq tanımır. Tənqidi fikir deyən şəxsi dərhal həbs edir, ölkəni tərk edənlərin isə doğmalarını təqib və təhdid edir”.

Qeyd edək ki, Əliyev Şahin Məhyəddin oğlu AİP-in sədr müavinidir. Siyasi fəaliyyətinə görə və hakimiyyəti təndiq etdiyi üçün həbs təhlükəsilə üzləşib, 2015-ci ilin sentyabr ayında ölkəni tərk etmək məcburiyyətində qalıb. Almaniya dövlətindən siyasi sığınacaq istəyib.

Xeber.İnfo

Read 1464 times
Login to post comments
Top