Samstag, 16 Dezember 2017 21:00

Röya Rəfiyeva: “Əziz Orucov günahsızdır, ona qarşı açılan cinayət işi saxtadır”

 3FWTZplt C“Əziz Orucovun həbsi qanunsuzdur və söz azadlığına ciddi basqıdır. Hökumət ölkədə müstəqil jurnalistləri bu formada cəzalandırır. Həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında Əziz Orucova qarşı irəli sürülmüş ittihamlar təsdiqlənmədi. Hesab edirəm ki, bu həbs siyasi qərardır və mətbuat azadlığını təhdid etmək üçün verilib”. Bu sözləri Kanal13 internet televiziyasının əməkdaşı, jurnalist Röya Rəfiyeva Əziz Orucovun həbsilə bağlı deyib.

R.Rəfiyeva hakimiyyətin mətbuata basqısını sərt tənqid edib: “Əliyev rejimi mətbuata qarşı çox sərt siyasət aparır. Bəzi yazarları satın aldı. Pulu qəbul etməyənləri də saxta ittihamlarla həbs edir. Ölkədə 160-dan çox siyasi məhbus var. Bunların əksəriyyəti jurnalistlər və bloggerlərdi. Hakimiyyət son bir ildə iki jurnalisti qətlə yetirib və onlarla mətbuat nümayəndəsini həbs edib, ən ağır işgəncələrə məruz qoyub. Azərbaycanın büdcəsini talayan, dövlət cinayətlərində ittiham olunan şəxslər azadlıqda gəzirlər, yaxud bir neçə il azadlıqdan məhrum edilirlər. Amma heç bir günahı olmayan, hakimiyyətin yanlış siyasətini tənqid edən yazarlar saxta ittihamlarla 6 il və daha çox həbsə atılırlar”.

R.Rəfiyeva hesab edir ki, Mehriban Əliyevanın vitse-prezident təyin olunması jurnalistlərə qarşı təhlükəni daha daartırıb: “Çox kiçik araşdırma aparsaq, görərik ki, Mehriban Əliyevanın təyinatındansonra azad sözə qarşı təhdidlər və yersiz təqiblər artıb. Bir neçə aydan sonra bu təyinatın bir ili olacaq. Bu müddət ərzində hökümətin davranışında daha çox sərtlik və amansızlıq müşahidə olunur. Blogger Mehman Qələndərov həbsxanada naməlum şəraitdə qətlə yetirilib, Əziz Orucov da daxil olmaqla onlarla jurnalist həbs olunub, hətta Əfqan Muxtarlının Gürcüstandan oğurlanması faktı ortadadır. Bütün bu hadisələr Mehriban Əliyevanın təyinatından sonra baş verib. Bu dövrdə müxtəlif bəhanələrlə jurnalistlərin istintaqa cəlb olunmalarını, Baş Prokurorluqda ən ağır şərtlər altında sorğuya alınmalarını da əlavə etsək daha acınacaqlı vəziyyət yaranır. Hökumət azad mətbuata qarşı basqılarını yumşaltmasa, daha ciddi problemlərə şahid olacağıq. Hesab edirəm ki, Ə.Orucov günahsızdır, ona qarşı açılan cinayət işi saxtadır və dərhal azad olunmalıdır”.

Qeyd edək ki, dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda Kanal13 internet televiziyasının icraçı direktoru Əziz Orucova hökm oxunub. Hökmə əsasən Ə. Orucov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il azadlıqdan məhrum edilib.

Read 1593 times
Login to post comments
Top