Dienstag, 02 Januar 2018 21:00

Alpinistləri axtaran könüllülər: "Axtarışı uzadırlar ki, daha çox pul mənimsəsinlər"

"Buna etiraz edən bir neçə könüllü kampdan qovuldu"

Dekabrın 23-dən Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yola çıxmış 3 alpinist barədə hələ ki heç bir məlumat yoxdur. 

Alpinistlərin axtarışına qoşulan könüllülərin bəzisi isə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyevi ittiham edirlər. Onlar bununla bağlı sosial şəbəkələrdə məlumat yayıblar. 

"Çadır gətirmək əvəzinə çobanların alaçığına yığışmışdılar"

Könüllülər yazır: "İndi isə gələk orada vicdansızlıq edib camaatın balasının ölüsündən və dirisindən də qazanc götürməyə çalışan daha yüksək rütbəlilərə. Nə qədər ki axtarışlara FHN-nin Quba regional bölümünün rəisi polkovnik Şahin Mirzəyev rəhbərlik edir, heç bir nəticə gözləməyin. İlk növbədə qərargahda heç bir şərait yaratmamışdı. Hətta uzaq olmasına baxmayaraq, çadır gətirmək əvəzinə çobanların alaçığına yığışmışdılar. İşçilərin yedikləri axırıncı günə qədər sadəcə kolbasa-çörək idi. İradlardan sonra əsgərlərə quru əsgər payı paketləri verildi. Buna görə etiraz bildirən bir neçə könüllü kampdan qovuldu".

FNH bəyanat yaydı və... 

Fövqaladə Hallar Nazirliyi isə Qubada itkin düşən alpinistlərin xilasetmə işləri ilə bağlı yeni məlumat yayıb. 

Yanvarın 2-də yayılmış məlumatda alpinistlərin axtarış işlərinin dayandırıldığı deyilir. Səbəb kimi isə əməliyyatın aparıldığı ərazidə hava şəraitinin kəskin pisləşməsi göstərilir. 

Əməliyyat Qərargahının məlumatında  deyilir ki, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması  ilə əlaqədar olaraq axtarış-xilasetmə işləri məhdudlaşdırılıb. 

"Hava şəraiti stabilləşən  kimi axtarış-xilasetmə işləri dərhal bərpa olunacaq”, - bunu APA-ya açıqlamasında  Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin qərargah rəisi, polkovnik Şahin Mirzəyev deyib.

"Gilavar" - Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə  dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüş zamanı itkin düşüb. 

FHN-nin Əməliyyat Qərargahı bildirir ki, alpinistlərlə əlaqənin itməsi barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dekabrın 26-da axşam saatlarında daxil olub. Növbəti gün, 27 dekabr 2017-ci ildə səhər saatlarında axtarış-xilasetmə işlərinə başlanılıb. Axtarış işlərinə nazirliyin canlı qüvvə və texnikası, o cümlədən aviasiya dəstəsinin «Mi-17» markalı helikopteri , xüsusi təlim keçmiş itlər cəlb olunub. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri və peşəkar alpinistlərdən ibarət könüllü dəstə də axtarışlarda iştirak edir.

"FHN istəyir ki, başqası tapmasın"

Könüllülər isə yazırlar ki, Şahin Mirzəyev könüllülərin və Xınalıq camaatına maneçilik törətmək istəyib: "Bunun da iki səbəbi var idi: Birincisi, o, istəyirdi ki, FHN-dən qeyrisi dağçıları tapmasın. Çünki bu, onun fəaliyyətinə "minus” idi. Digər yandan isə axtarışları uzatmaq istəyirdi ki, daha çox pul mənimsəyə bilsin”.

"Bəzi könüllülər alpinist adı ilə gəlirlər"

Ş. MirzəyevAPA-yaaçıqlamasında bu iddialaradamünasibətbildirib: "Bəzikönüllüləralpinistadı ilə gəlirlər. Üzərlərində heç bir avadanlıq yoxdur, amma axtarış – xilasetmə işlərində iştirak etmək istəyirlər. Biz itkin düşən insanları axtarırıq. Təcrübəsi, bacarığı olmayan könüllülər hər hansı bədbəxt hadisə ilə üzləşsə, bəs onun məsuliyyətini kim daşıyacaq?! Könüllülər də bizim təlimatımız əsasında hərəkət etməlidir. Bəziləri bildirir ki, guya biz onların axtarış prosesinə qoşulmasına icazə vermirik. Bizə təcrübəli, bacarıqlı könlüllülər lazımdır”.

"İki nazirlik rasında qeyri-rəsmi problem axtarışa mane olur"

Alpinistlərin axtarışında könüllü şəkildə iştirak edən bir qrup peşəkar dağçı da dekabrın 2-də bəyanat yayıb. 

Bəyanatda  axtarışların gedişatında əhəmiyyətli nöqsanların və etinasızlığın olduğu vurğulanır. Dağçılar bildirir ki, axtarışlar zamanı dövlət qurumlarının aralarındakı qeyri-rəsmi problemlər prosesə mənfi təsir göstərir. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də öz səlahiyyətlərindən yetərincə istifadə etmədiyi düşünür.

Bəyanatda deyilir ki, Fövqəladə Hallar Nazirliyi əməkdaşları yerində gecələmək üçün ləvazimatlarla təchiz olunmadığından,  yenidən axtarış yerinə qayıdırlar. Bu isə vaxt itkisinə yol açır. Onların fikrincə, ANAMA-nın metal detektorları da axtarış üçün yararlı deyil. 

Peşəkar dağçılar aidiyyəti dövlət qurumlarına və ölkə rəhbərliyinə müraciət xarakterli təkliflər də ünvanlayıb.Onlar axtarışlara əsgər-zabit heyəti və xüsusi təyinatlıların cəlb olunmasını, lokatorlardan və  xüsusi detektorlardan istifadənin təmin edilməsi tövsiyyə edir. Həmçinin, qərargahın axtarış yerinə yaxın yerləşdirilməsinin və lazımi maddi-texniki baza ilə təminatın vacibliyini vurğulayır. Dağçılar koordinasiya işinin də qismən onlara verilməsini istəyir.

"Proseslər heç bir halda siyasiləşdirilə, yaxud dövlət qurumları arasında olan narazılıqların ictimailəşdirilməsi məqsədi ilə istifadə oluna bilməz”, - bəyanatda belə deyilir.

"Şahin Mirzəyev könüllünü vurmaq istədi"

Könüllülərdən biri isə qeyd edir ki, Şahin Mirzəyev prosesdən uzaqlaşdırılmalıdır: "Özümün şahidi olduğum bir məsələni yazım. Ayın 30-da bir nəfər adını bilmədiyim könüllü ona etiraz etdiyinə görə Şahin onun üstünə hücum çəkdi, vurmaqla hədələdi. Axtarış üçün yardıma gələn könüllüylə prinsipə girdi. Daha sonra polkovnik həmin könüllünün də içində olduğu bir qrup könüllünün təxliyyəsi üçün helikopter çağırmışdı. Sonra isə "NİVA" ilə helikopterin düşdüyü meydançaya adam göndərib, helikopteri boş geri qaytarmışdı. Ayın 31-i isə Xınalıq kəndindən olan könüllü dəstə ilə prinsipə düşmüş onlara müxtəlif maneələr göstərməyə çalışmışdı. Bu bir neçə gündə Şahin Mirzəyevin etdiyi özbaşınalıqlar, qanunsuzluqlar, axtarışa göstərdiyi maneələr sayılmaqla bitməz". 

Read 1167 times
Login to post comments
Top