Sonntag, 22 Juli 2018 22:00

Lerikdə “abadlıq” adı altında silinən milyonlar

Lerikdə abadlıq-quruculuq işləri altında milyonlar xərclənib, amma rayonda durum bərbaddır.

Bu barədə xeberinfo.de-ya Lerik Rayon İcra Hakimiyyətinə yaxın mənbə məlumat verib.

O bildirib ki, ölkə başçısı indiyə qədər rayona 50 milyondan artıq vəsait ayırıb. Amma şəhərin mərkəzi dağılmış vəziyyətdədir.

“Ölkə başçısının ayrıdığı vəsaitlər hesabına respublikanın hansı ərazisinə baxsan, orada inkişaf və tərəqqi görərsən. Bəs Lerikdə durum niyə belədir? Rayonda quruculuq-abadlıq işləri adı altında ayrılan vəsaitlər kağız üzərində silinir. Səsini çıxaranı da təhdid edib qorxudurlar. Bu işlərin arxasında icra başçısı Rövşən Bağırov və onun birinci müavini Cəlil Baxşıyev dayanır. Etiraz edənləri müxtəlif yollarla susdururlar”.

Mənbə deyib ki, Lerik şəhərində parklar və yollar bərbad gündədir. Pulsilmə əməliyyatdan şəhər icra hakimiyyətinin rəhbəri Kaməddin Məstiyevin də xüsusi rolu var: “Bu işləri Rövşən Bağırov və Cəlil Baxşıyev məhz Kaməddin Məstiyevin vasitəsilə görürlər. Gedin başqa rayonlara da baxın. Görün necə inkişaf ediblər. Qoymurlar rayona ayrılan vəsaitlər normal qaydada xərclənsin. Əlaqələndirirlər ki, guya Lerik ucqar rayondur və buraya vəsait ayrılmır. Son 10 ildə 50 milyondan çox vəsait hara gedib? Kim xərcləyib bunları? Kaməddin Məstiyevin fəaliyyəti rayona baxsan, göz qabağındadır. Kimdir bu adama səlahiyyət verən? Təbii ki, icra başçısı və Cəlil Baxşıyev. Rayonda təzə maşın sürmək mümkün deyil. Normal maşını olan rayonda sürmür ki, dağılmasın. Yaxşı, bu kəndarası yolları başa düşdük, axı bu şəhərin mərkəzi belə olmamalıdır”.

Mənbə deyir ki, Bağırov-Baxşıyev cütlüyü xoşu gəlmədiyi məmurları gözümçıxdıya salır, təzyiq altında qoyur. Bəzilərini mediadakı dostları vasitəsilə şantaj edir: “Artıq rayonda dözülməz şərait yaradılıb”.

Məsələ ilə bağlı Lerik rayon İcra Hakimiyyətindən açıqlama almaq mümkün olmayıb.

Read 1229 times
Login to post comments
Top