Samstag, 28 März 2020 10:03

AİP İmam Hüseynin mövludu münasibətilə təbrik yaydı

Azərbaycan İslam Partiyası beşinci məsum Həzrət İmam Hüseynin mövlud günnü münasibətilə azadlıqsevər insanları təbrik edib. Təbrikdə deyilir: 

“Peyğəmbərimizin sevimli nəvəsi, şəhidlər Sərvəri, Həzrət Əlinin (ə) və Xanım Fatimənin (s.ə) əziz oğlu, müsəlmanların üçüncü imamı, dinimizin xilaskarı İmam Hüseynin (ə) mübarək mövludu münasibətilə əhlibeytsevər xalqımızı, bütün dünya müsəlmanlarını təbrik edirik. Bu gün dünyanın hər yerində, müsəlman aləmində bu mübarək günün fəzilətindən bəhrələnməyə çalışan müsəlman qardaş və bacılarımız həyatını və bütün dünyasını haqsızlığa, zülmə qarşı mübarizəyə həsr edən, azadlıqsevərliyini malik olduğu bütün sərvət və nemətlərdən üstün tutan, həyatını bu yolda qurban verən məsum İmam Hüseyni (ə) qəlblərində yad edir, ziyarətinə can atırlar. Hicrətin dördüncü ilində, Şəban ayının bu günündə Mədinədə dünyaya göz açan Həzrət Hüseyn(ə) uşaqlıq dövrünü babası Həzrət Peyğəmbərin (s.ə) yanında keçirmişdir. O, atası Həzrət Əlinin (ə) həyatını, elmini özünə örnək götürmüş, Onun mərdlik və mübarizlik məktəbini əxz etmişdir. İslam düşmənlərilə mübarizədə və döyüşdə İmam Hüseyn sücaət və qələbə ruhiyyəsi baxımından atasından geri qalmamışdır. İmam Hüseynin dünyaya gəlişi, keçdiyi ömür yolu, imamətdə fəaliyyəti, Allah Təalanın Onu İslam dininə, ümumilikdə isə bəşəriyyətə qəhrəmanlıq nümunəsi töhfəsi kimi yüksək məqam və məzmun daşıyır. Dinimizin yaşamasını şərtləndirən bu yüksək məqam, şəhidlik zirvəsinin fəthi yalnız Böyük Yaradanın təqdiratı idi ki, bu keyfiyyət əsrlər ötdükcə dünyanın müxtəlif xalqlarının, toplumlarının inqilab rəhbərlərinin, alim və filosofların azadlıq simvolu kimi tədqiqat, araşdırma mövzusuna və tarixinə çevrilmişdir. İmam Hüseyn (ə) azadlıqsevər insanlar, xalqlar üçün ona görə əziz və müqəddəsdir, ona görə hədsiz məhəbbətlə sevilir ki, O təkcə öz dövrünün mübarizlik və yenilməz qəhrəmanlıq aşiqliyi nümunəsi deyil, bəşər durduqca bu əlamətlərin reallaşması üçün əsl örnək, bələdçi, sönməz bir işıqdır. Bu işığın nuruna qərq olanlar, mübarizə yolunu bu işıqla görənlər heç zaman məğlub olmazlar, daim qalibdirlər. Mübarək mövlud günü münasibətilə müsəlman qardaş və bacıları, xüsusən Əhli-beyt aşiqlərini bir daha səmimi qəlbdən təbrik edirik, hər kəsə Allahdan bu dünyada İmam Hüseynin ziyarətini, axirətində O Həzrətin şəfaətini diləyirik. Mövlud bayramınız mübarək olsun!”

Read 1586 times
Login to post comments
Top