Mittwoch, 01 April 2020 06:07

Fazil Mustafa bərk yoluxub

İlham Əliyevi ziyarətə gedənlərin sürübaşısı hesab edirsən, Fazil əfəndi?

“Hansı vəzifə, mövqe tutursan-tut, hansı titul daşıyırsan-daşı, ancaq adam gərək kişi olsun, ot olmasın. Ot olmağı ideala çevirənlər, heç olmazsa, öz atalarının kökü üstündə bitsinlər“. (Fazil Qəzənfəroğlu; “Yeni Müsavat“ qəzeti, 14.10.2003)

Sonra atasının adından imtina edərək, soyadına böyük QURULUŞ verən Fazil Mustafa ot olub, başqa kökün üstündə əyri bitməyi bacardı. “Adam gərək kişi olsun, ot olmasın“ söhbətinə gəldikdə, ancaq “od“ ola bilib ki, indi cürümü boyda yer yandırır.

Fazil Mustafa çoxumuza tanış a(o)ddır. Ən həssas məqamlarda özünü söydürməyi çox yaxşı bilir. Heç olmasa ildə iki dəfə əyri bitdiyini xatırladır. İlin, günün bu vaxtında bütün dünya gözəgörünməzlə savaş içindəykən, bu başıbəlalı da insanların inancını təhqir edərək, onları sürü adlandırıb: “Daşlara, mərmərlərə, məqbərlərə ziyarətçi sürüsü azalacaq. Çünki çağırdıqları ruhlar virusa yaxın düşə bilmədi. Zahiri atributlarla dini cahilliyin fəsadlarını daha çox anlayıb, öz iç dünyalarını Yaradanın təlqin etdiyi insanlıq üçün faydalı elementlərlə zənginləşdirəcəklər. Bir də tibb təhsilinin önəmi xeyli artacaq. Bəlkə də evdə qaldığına görə, özünə mütailə vərdişi aşılayan fərdlərin sayında artım ola biləcək. Əxlaq, dəyərlər, israf, təhsil anlayışı kimi məsələlərdə cəmiyyətimizdə ciddi dəyişiklik gözləmirəm.

Koronavirus Xocalıdan dəhşətli hadisə deyil ki…

Dəyərlərimizdə, həyat fəlsəfəmizdə nəyi dəyişdi Xocalı? Bütün hallarda dünya əvvəlki kimi olmayacaq!

Ən azı virusa qalıb gələ biləcək elmin və onun naxışı olan alimlərin, özəlliklə də bilgə həkimlərin əl üstündə tutulacağı bir dünya olacaq…“

Bax belə, ilk fürsətdə münasibətsiz, rabitəsiz, savadsız və gərəksiz fikirlərini qərəz və kinlə yükləyib hər tərəfli yüklənən xalqa. İŞİD-çi düşüncə daşıyıcısı kimi müsəlman kimliyini təhqir edir. İslamda (sünni məzhəblərinin hamısında və şiə məzhəbində) müqəddəs yerləri ziyarət etmək dəyər hesab olunur. Təbii ki, ən baş ziyarətgah Kəbədir. Vəhhabizm ortaya atılana qədər ziyarət məsələsi müzakirə mövzusu olmayıb. İnid də beş məzhəb arasında bu mövzuya baxış eynidir. Vəhhabizm, nurçuluq və bu kimi siyasi cərəyanlar ziyarət mövzusundan müsəlmanları parçalamaq üçün istifadə edirlər. Fazil Mustafa bəy, dəyər bilib, ziyarətə gedən şəxsləri sürü adlandırır. Lakin unudur ki, özü də Məkkəyə ziyarətə gedib, “Qara daşın“ başına fırlanıb. İndi var gücü ilə müdafiə etdiyi İlham Əliyev və bütün ailə üzvləri də ziyarətə gedirlər. Onların Kəbəyə getmələrini heç demirəm, Mirmövsüm Ağanın Ziyarətgahı İlham Əliyev ailəsinin pənah apardığı məkandır. Fazil bəy, Mehriban Əliyavanın başına qara yaylıq  ataraq, ziyarətdə Allaha əl açması cahillikdirmi? Yoxsa İlham Əliyevi ziyarətə gedənlərin sürübaşısı hesab edirsən?

İddia edirsən ki, “…çağırdıqları ruhlar virusa yaxın düşə bilmədi“. Həyatın yalan, böhtan və qərəzə o qədər bulaşıb ki, həqiqəti görə bilmirsən, yaxud dilin yalan danışmaqdan, haqq söz üçün lal olub. Haqqında danışdığın virus Çində “doğulub“ Avropada “çiçəklənib“, Amerikada “bar“ verir. Müsəlman ölkələrindən ən çox İranda yayılmışdır ki, artıq nəsli kəsilməkdədir. Heç olmasa xəbərləri izlə, bir zamanlar əxlaqsız və qumarbaz adlandırdığın İlham Əliyevin indi gözünə girməkdənsə, gündəlik qəzetlərə göz gəzdir. Unutma, sən bu ailə üçün mahiyyət olaraq qiymətli deyilsən. YAP-ın açmasını Yezidi Azərbaycan Partiyası kimi yazdığın illər, Mənə sübut edin ki, Heydər Əliyev müsəlmandır, mənə sübut edin ki, Heydər Əliyev insandır, hayqırdığın vaxtlar, İlham Əliyevi zada oxşatdığın günlər daha dəyərli və sanballı idin. (Bu mövzularla daha dərindən maraqlananlar üçün ünvanı yazıram: "Yeni Müsavat" qəzeti, 14 oktyabr 2003-cü il).

Bəli, sənin sürü məhəbbətin o zamandan bəlli imiş, elə 20 il əvvəl olduğun boydasan, bir qarış belə böyüməmisən. “İndi bir sürü alim deyilən şəxslər Marksa, Leninə sevgilərini izhar edərək yaşadıqlarına görə onların şeytanla yaxınlığını başa düşmək olar. Bəs Quranı tərcümə edənlərin şeytana yaxılığını necə qiymətləndirək? Nədir axı insanları bu qədər haqdan döndərən? Heydər Əliyevin yalan danışdığını bilə-bilə qorxudan onu dəstəkləməyiniz başa düşüləndir. Üstəlik, yanınıza salıb Həccə apardınız, o isə qayıdandan sonra bu millətə daha böyük sitəm tutmağa başladı. Deməli, bu adama Həccin də faydası olmadı“. Bu cümlələr sənə məxsusdur. Nə baş verdi, 2003-cü ildə hərbi xidmətdən gələndən sonra kölgəsini lənətlədiyin Heydərin, qumarbaz və əyyaş oğlunun köləsi oldun?! Hətta Əbu Ləhəbi ata Heydərdən insaflı kişi hesab edirdin: “Heydər Əliyevin hərəkətlərini Əbu Ləhəblə, Əbu Cəhllə müqayisə edənlər yanılırlar. İnanın ki, onlar xeyli insaflı kişilər olublar“. İndi hansı cəsarət və əxlaqla dindarlara əhkam kəsirsən? Əqidə yoldaşlarını satmağın, dostlarına xəyanətin unudulubmu, sanırsan? Sən mandat, ev, maşın qazandın, şərəfini verdin, şəxsiyyətini zorlatdın, bir zamanlar qumarbaz dediyin adama. Zorlanmış adamlar lal olurlar, kar və kor olurlar, ata(sı)nın balası.

Deyirsən, “Əxlaq, dəyərlər, israf, təhsil anlayışı kimi məsələlərdə cəmiyyətimizdə ciddi dəyişiklik gözləmirəm“. Səni yenə 22 il əvvələ qaytarım, Elçibəy əxlaqı cəmiyyətə qayıtmasa, Qarabağı azad edə bilməyəcəyik, dediyin zamana.

Bu böyük insanın əxlaq anlayışını hava-su kimi axtaracaqsınız. Qarabağı itirəndən sonra axtardığımız kimi. Azərbaycana Elçibəy əxlaqı qayıtmayınca, işğal olunmuş torpaqlarımızı və işğal olunmuş mənəviyyatımızı qaytara bilməyəcəyik. Bunu anlamayanlar buyurub indiki rejimin mübarək əxlaq qaydalarına səcdəni davam etdirə bilərlər”. (“Azadlıq” qəzeti, 17-18 noyabr 1998) Bu fikirlərin müəllifi sənsən, Fazil bəy. Sən elə o zamandan Əliyev rejiminə səcdə halında qalmısan, səcdən mübarək! İndi durub, əxlaq dərsi keçirsən? Əxlaqdan, dürüstlükdən danışacaq 10 milyonuncu adamsan.

Dediyin kimi, bütün hallarda dünya əvvəlki kimi olmayacaq! Bəs necə olacaq? Yaşayıb, görəcəyik..

İndi, ziyarətə gedənləri sürü adalandırıb, 20 il əvvəl, sürü dediyin alimlərin əl üstə tutulmalı olduğunu bildirirsən. Tibb elmini təqdir edib, həkimlərə dəyər verirsən? Tibb elmindən sənə nə? Sən ən uzağı yarımçıq hüquqşünassan. Virusu zərərsizləşdirməkdə, hüquq sahəsində akademik ayaqlarını qırıb evdə oturmalıdırsa, sən nə qələt edə bilərsən? İndi hansı fədakarlıqla özünü alimcik hesab edib, milləti savadsızlıqda suçlayırsan?

Hə, bir qədər də sənin canfəşanlığından söz açım. Siyam əkiz tayın Arifin oğlu Raufun qəzetinə skaypla calaq olub nağıl danışırdın, dünən. İzləyicilər yorumda yazırdılar ki, Fazilin nağıllarını kəsin, suallarımıza cavab versin. Xanım aparıcı da odla su arasında qalmışdı...

Əlqərəz, skaypdakı monoloqundan bir neçə sual yarandı. Cəsarətin çatsa, cavablandırarsan:

  1. Deyirsən ki, Koronavirusla bağlı yaranmış vəziyyətdə insanlar niyə dövlətdən nəsə gözləməlidirlər, qohum-əqrəbadan, dost-tanışdan umsunlar. Dövlət nə üçündür? Əgər vətəndaşın təhlükəsizliyini təmin edə bilmir, yaşaması üçün şərait yaratmırsa, vətəndaş niyə o dövlətin varlığı üçün çalışmalıdır?
  2. Azərbaycanda dolanışıq çox çətin idi, koronavirus panikası daha da vəhim etdi. Belə halda, dövlət vətəndaşına sahib çıxmalı, onun (ən azı təhlkülə keçənə qədər) sosial vəziyyətini, sağlamlıq durumunu nəzarətdə saxlamalı, maddi yardım göstərməli idi. Qulluq etdiyin hakimiyyət isə tam əksini edir, evində qazanı qaynamayan insanları evdə qalmağa zorlayır, İlham Əliyev də “sən, o yanındakı gözəlin canı“ yalvarışıyla səfil gününə saldığı vətəndaşdan bir manat dilənir. Regionun güclü və inkişaf etmiş dövlətiyik, nağılları bitdimi?
  3. Utanmadan deyirsən ki, əvvəl əyləncəyə gedirdilər, 3 cür yemək yeyirdilər, indi əyləncəyə getməsinlər, bir cür yemək yesinlər. Xəbərin varmı, evdə qalmayan insanlar uşağı üçün quru çörək axtarmağa çıxırlar? Yoxsa elə bilirsən, onlar canlarını sevmirlər, qudurmuşluqdan evi tərk edirlər? Bir müsahibədə deyirsən ki, evə bazarlığı həyat yoldaşım edir, o, daha yaxşı bilir evə lazım olanları. Digər müsahibədə, 3 çörəyin pulunu verib, ikisini götürürəm, birini imkansıza verin, deyirəm, iddiasını edirsən. Sənin bu yalan və saxtakar davranışlarına heç kimin ehtiyacı yoxdur, Fazil əfəndi. Səncə, belə davam edərsə, insanları zorla neçə gün evdə saxlaya biləcəksiz?
  4. Koronavirusla mübarizə fonduna ayrılan pullarla xaricdən avadanlıq gətirildiyini, hökumətin də sabitliyi təmin etdiyini bildirisən. Bəs, ən azı 20 ildir neftin pulları ilə ən müasir tibb ocaqları tikilib, xaricdən avadanlıq gətirilib, deyirdiniz, hara getdi o pullar? Bir neçə il əvvəl xalq siyasi müxalifətə qoşulmasın deyə, sabitliyi gözümüzə soxurdunuz ki, müxalifət ölkəni Suriyaya çevirmək istəyir. İndi də deyirsən, hökumət ölkədəki sabitliyi qoruyur, bütün pulları sabitliyə xəcləyir, sabitlik olmasa İtaliya və İspaniyanın gününə düşərik. Bu gün virus ölkəmizdə geniş yayılmırsa, Allahın mərhəmətinə borcluyuq. Yoxsa, nə Amerika kimi inkişaf etmişik, nə də Almaniya kimi sabitik.

Diaqnoz:

Fazilin davranış və danışıqları nəticəsində onun bərk yoluxduğunu düşünürəm. Sağalmayacaq, ölənə qədər yoldaşlıq edəcək cəhalət və  nadanlığa yoluxub! Təəssüf, heç bir maska da qoruya bilməyib, sürübaşı Fazili. Koronanvirusu boş ver, bu, bir gün gəlib dünyanı iflic etdiyi kimi, bir gün də yox olacaq. Lakin Fazilin cəhaləti, nadanlığı, kini, qərəzi, şəxsiyyət çatışmamazlığı daha çox təhlükə saçır. Məhz buna görə də 15 ildir İlham Əliyevin ayaqlarına düşdüyü səcdə halında qalıb, elə də öləcək!

Ruhuna Fatihə də düşmür…

Cavid Cabbarlı

Read 1089 times
Login to post comments
Top