Donnerstag, 09 April 2020 02:00

Əfv sərəncamı humanizm prinsiplərinə əsaslanmır və ədalətli deyil - BƏYANAT

“Dövlət başçısı İlham Əliyevin koronavirus infeksiyası ilə bağlı imzaladığı əfv sərəncamı humanizm prinsiplərinə əsaslanmır və ədalətli deyil, məhbuslar arasında ayrı-seçkilik edilib. Yaşı 65-ı ötən siyasi məhbusların işi ədalətli şəkildə araşdırılmayıb”. Almaniyada yaşayan bir qrup siyasi mühacir tərəfindən yaradılan Siyasi Məhbuslara “Kölgə” Yardım Birliyi aprelin 6-də verilən əfv sərəncamını bu cür qiymətləndirir. Birliyin yaydığı bəyanatda bildirilir: “Novruz bayramı ərəfəsində ənənəvi əfv sərəncamı verilmədi. Əvəzində apreldə 176 yaşlı məhbusun əfv edilməsi cəmiyyətə humanizm nümunəsi kimi sırınır. Dövlət başçısı İlham Əliyevin aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı humanizm prinsiplərinə əsaslanmır. Əfv fərmanı ilə 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Altmış beş yaşdan yuxarı əfvə düşən məhkumların yalnız ikisi - Fəramiz Abbasov və Eldar Binyadov siyasi məhbusdur. Bir neçə xəstəliyi olan, ikinci qrup əlil Rufulla Axundzadə 65 yaşı olmasına baxmayaraq, azadlığa buraxılmayıb. Rufulla Axundzadə siyasi məhbusdur, günahsız olaraq həbs edilib və 2011-ci ildən həbsdədir. Onun oğlu və kürəkəni və siyasi məhbusdur. İlham Əliyev səhhətində ciddi problemlər olan siyasi məhbusu azad etməsə də, iki cinayətkarı - Akif Çovdafovu və Sübahir Qurbanovu azadlığa buraxıb. Bu, təəssüf və hiddət doğuran məqamdır.
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəisi, general-mayor Akif Çovdarov mənimsəmə, vəzifə səlahiyyətindən sui-istifadə və bir sıra başqa cinayətlərdə ittiham edilirdi. Akif Çovdarovun ittiham olunduğu maddələr xüsusi ağır cinayətlər kateqoriyasına aiddir, ancaq İlham Əliyev onu həbs müddətinin bitməsinə 9 il qalsa da, əfv edib. Həmçinin əfv edilənlər arasında MTN-nin yüksək çinli rəhbərlərindən Sübahir Qurbanov da var. Bu isə onu deməyə əsas verir ki, quldurları əfv edən İlham Əliyev, günahsız siyasi məhbusları azad etməyə çəkinir.
Hazırda ölkə həbsxanalarında yüzdən çox siyasi məhbus var. Onlar hakimiyyətin yarıtmaz siyasətinə etiraz etdikləri üçün həbsdədirlər. Koronavirusun tüğyan etdiyi ərəfədə də müxalifət liderlərinə və siyasi fəallara qarşı təzyiq və həbslər davam etdirilir. Tofiq Yaqublu yenidən qurama ittihamla həbs edilib, ailəsi onun səhhətində olan problemlərə görə narahatdır. Biz ölkə rəhbərliyindən Tofiq Yaqublunu və bütün siyasi məhbusları qeyd-şərtsiz azadlığa buraxmağı tələb edirik!”.

Read 870 times
Login to post comments
Top