Freitag, 27 August 2021 17:31

Əli Həsənovun torbasını kim(lər) tikir(lər)?..

Azərbaycanda  şəxsi həyata müdaxilə və dinləmə ilə bağlı növbəti qalmaqal yaşanır. Amma maraqlı tərəfi odur ki, bu dəfə "qurban" İlham Əliyevin eks köməkçisi, hakimiyyətin "vuran qolu", vaxtilə ölkədə siyasi sifarişçi jurnalist ölümləri və həbslərinin müəllifi Əli Həsənovdur.

Qeyd edək ki, baş verənlər barədə Həsənov özü şəxsi Tvitterində yazıb: “nə vaxtsa tualetdə çəkilmiş şəkillərlə bağlı təhdid dolu məktub alıb”. Bütün bunlar bəzi erotik videolarla müşayiət olunur”.

Eks köməkçi, çəkilmiş şəkillərin müəllifinin kim olduğunu və onu təhdid edənlərin hansı məqsəd güddüyünü bilmir. O, təhdidlərin nədən ibarət olduğunu açıqlamayıb və qeyd edib ki, “səlahiyyətli orqanlar bununla məşğul olurlar”.

Həsənovun tualetində gizli kameraların quraşdırılmasının blogerlərin işi olmadığını təxmin etmək çətin deyil. Bunu hansı qruplaşma edə biləcəyini də, təxmin etmək çox çətin deyil. Amma maraqlısı odur ki, niyə Əli Həsənova belə ağır zərbə vurmaq qərarına gəliblər?

Zamanında Əli Həsənovun sağ qolu olmuş KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin 18 milyon manatdan çox vəsaiti oğurlaması ilə bağlı Ə.Həsənovun və  ailəsinin məhkəməyə çağırılması məsələsi qaldırılıb. Bu qurum uzun illər Əli Həsənovun kurasiyasında olub və bu qədər böyük məbləğ çətin ki təkcə Vüqar Səfərli tərəfindən mənimsənilsin.

Ola bilsin ki, Həsənovu qalmaqallı video ilə şantaj edirlər ki, məhkəməyə gəlib ifadə versin.

İşin ən gülünc tərəfi isə odur ki, Əli Həsənov uzun illər jurnalistlərə, fəallara və onların ailə üzvlərinə qarşı bu cür təxribatların həyata keçirilməsinə hər cür bəraət qazandırıb və ya göz yumub. İndi də özü belə vəziyyətə düşüb. Necə deyərlər yemə məzlumun haqqını, çıxar ahəstə-ahəstə.

Natiq Həziquliyev

Read 564 times
Login to post comments
Top