Mittwoch, 27 Juli 2022 00:58

Azərbaycanlı jurnalisti İvanaşvili oğurlatdırıb

"Mənim şəxsən İvanaşvilinin göstərişi ilə oğurlandığım barədə Gürcüstan Təhlükəsizlik Xidmətinin rəis müavini Soso Qoqaşvili bəyanat yayıb". 
Bu barədə jurnalist Əfqan Muxtarlı "Feysbuk"da məlumat yayıb.
O bildirib ki, Soso Qoqaşvili bir həftə əvvəl həbs edilib: "Bu gün 1 saat əvvəl Qoqaşvili vəkilləri vasitəsi ilə bəyanat yayaraq bildirib ki, İvanaşvilinin göstərişi əsasında Təhlükəsizlik Xidmətinin xüsüsi əməliyyatlar departamenti məni oğurlayıb və kamera görüntülərini silib". 
Əfqan Muxtarlı "Arqument.az"a deyib ki, Gürcüstanda hüquqi müstəvidə addımlar atacaq. 
Gürcüstan mediası da Soso Qoqaşvilinin bəyanat dərc edib
Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da "yoxa” çıxıb.
Səhəri gün onun Azərbaycana gətirildiyi və həbs edildiyi açıqlanıb. 
Muxtarlı həmin ərəfədə mediaya bildirib ki, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib. 
Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.
6 il azadlıqdan məhrum edilən jurnalist oğurlanmağında Azərbaycan və Gürcüstan hökumətlərini ittiham edib, bu əməliyyatın birgə plan olduğunu açıqlayıb. 
Hökmdən dərhal sonra beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyıb. 
Avropa Parlamenti onun dərhal azadlığa buraxılması ilə bağlı qətnamə qəbul edib.
2020-ci ildə martın 17-də jurnalist Əfqan Muxtarlı həbsdən azad edilərək birbaşa Almaniyaya yola salınıb.
Jurnalist iki ildir ki, ailəsi ilə birgə Almaniyada mühacir kimi yaşayır.
 
Read 602 times
Login to post comments
Top