Cümə axşamı, 08 Sentyabr 2016 22:00

Ölümcül ölüm Əbülfət İslama da sahib çıxdı

“Ustadından təxəllüsün,

 məndən sənə yadigar.

Qoy bilsinlər şeiriyyətdə,

 Bir Gülnar Səmamız var”.

... misraları 16. 07. 2000-ci ildə onun tərəfindən mənə təxəllüs verilərkən yazılıb. Bu misralar bir ildən artıq çəkilən zəhmətin nəticəsi idi. Səkkiz, doqquzuncu siniflərdə oxuyanda kəndimizdən rayona Əbülfət müəllimin yanına poeziyanın sirlərini öyrənməyə gedirdim. Aradan illər keçsə də, elə bil hər şey dünən olub. Bizi məktəbimizin dil-ədəbiyyat müəllimi İradə müəllim tanış etmişdi. Hər həftəsonu kəndimizdən rayona anamla ustadgilə gələr, yeni şeirlərim üzərində işləyərdik.

 İşləyərdik dedim yadıma həssas bir xatirə düşdü. O, iki il ərzində mən bir kəlmə də olsun danışmamışam. Verilən suallara mimika ilə cavab vermişəm, baxışlarımız danışıb. Düzü, hələ də bunun niyəsini başa düşmürəm. Nə idi məni elə susqun edən?! Bunun qarşılığında Əbülfət müəllimdə olan o boyda səbr haradan idi!? İki il bir şagirdlə məşğul olasan, amma o ağzına su alıb otura. Bütün bunlara baxmayaraq, ustad mənimlə çox böyük həvəslə məşğul olurdu. Özü də hər şey təmannasız idi. Məşğələlərimizin bir ili tamam olanda o, istdədi ki, yetirməsi kitab müəllifi olsun. Artıq doqquzuncu sinifdə oxuyarkən ilk kitabım çapdan çıxdı. Kitabın adını “Mən sehrli səmayam” qoydu. Ali məktəbə hazırlaşmağımla əlaqədar olaraq, məşğələlərimiz azaldı. Tələbə olarkən yay tətillərində görüşə bilirdik. Yenə də öz xeyir-duasında, yenə də lazımlı məsləhətlərini verməkdə idi. Nə qədər ki Bakıda tələbəyəm şəhər ədəbi mühitindən yararlanmağı tövsiyə edirdi. Hər uğuruma, hər qələbəmə hamıdan çox sevinirdi.

2009-cu ildən rayonumuzun yarım əsrdən çox yaşı olan ədəbi birliyi- Aşıq Hüseyn Bozalqanlı adına “Varislər” dərnəyi müntəzəm olaraq fəaliyyətə başladı. 2010-cu ildə 60 illiyi münasibətilə silsilə yazılar da yazdım. Nəhayət, ikinci kitabı çıxarmağı məsləhət gördü. İlk kitabımın çıxmasından on il keçmişdi. 2011-ci ildə “İçimdəki söhbətlər” kitabımı çapa hazırlayarkən yenə də şeirlərimi nəzərdən keçirdi. “Göylərdən gələn ilham” sərlövhəli bir xeyir-dua da yazdı. Bu yaxınlarda üçüncü kitabım olan “Gül”ün təqdimatında da yanımda oldu, sevincimi sevincinə qatdı. Lakin...

Bu gözlənilməz ölümə heç hazır deyildim. Tez-tez səhhətində problemlər yarandığını bilirdim, amma sonluğu heç təsəvvürümə də gətirmirdim. Özü də bu cür. Ölümündən beş gün əvvəl rayon mərkəzində xeyli söhbət etdik. Gələcək planlardan danışdıq. Avqustun 25-də olacaq Brilyant xanımın qızının toyuna getməyi planlaşdırdıq. Necə deyərlər sən saydığını say... Elə həmin gün Bakıda səhər yuxusunda idim. Əbülfət müəllimin nömrəsindən gələn zəngə oyandım. Qızının həyacanlı səsi gəldi ki, dədəmi itiririk...

Mən Bakıdan gələnə kimi artıq dəfn qurtarmışdı. Sağ olsunlar yazar dostlarımız hamısı orada idi. AYB-nin Qazax zona filialının sədri Barat Vüsal da bölgənin yazarları ilə birgə gəlmişdilər.

Rayonumuzun dəyərli bir ziyalısını, istedadlı bir şairini torpağa tapşırdıq. Ondan geriyə xoş xatirələr qaldı. Bir də dəyərli bədii nümunələr. Ən əsası isə Tovuzumuzun neçə-neçə gənc yazarının ərsəyə gəlməsi onun adıyla bağlıdır. Əbülfət İslam Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə sanballı kitablar müəllifi idi. Uzun illər Tovuz rayon Təhsil Şöbəsində çalışmışdı. Müəllim kimi də çoxlu yetirmələri var. O, şair taleyi ilə yanaşı ustad taleyi də yaşadı. Həyatın bütün əzici sınaqlarına baxmayaraq, öz saflığını və təmiz mənliyini qorudu.

Bir sirr də açım, hərdən deyirlər ki, Gülnar Səma sözə qarşı çox həssasdır və güzəştə getməzdir. Bu xasiyyət mənə ustadımdan keçib. Nə olursa olsun, sözün söz sanbalını qorumağa borcluyuq. Bu elə səni YAŞATMAQ deməkdir, ustad!

Gülnar Səma

"Doğru xəbər"

Oxunuş sayı 1665 dəfə
Şərh vermək üçün giriş edin
Top