Şənbə, 02 İyul 2016 22:00

“Düşünürük ki, kimlərsə bazarın ərazisini mənimsəmək məqsədilə yanğın törədib”

“Sahibkarlar bazarın hansısa təsadüf nəticəsində yandığına inanmırlar. Biz tələb edirik ki, yanğın hadisəsinin əsas səbəbi araşdırılsın və sahibkarlara dəymiş ziyan ödənilsin. Dəfələrlə bizim burdan çıxırılmağmız təklif olunub, hətta bəzi qüvvələr tərəfindən təhdid olunmuşuq. Bu yanğının həmin təhdid edənlər tərəfindən törəndiyini düşünürük”. Bu sözləri paytaxtın 8-ci km yaşayış sahəsində yerləşən “Maşın bazarı”nda baş verən yanğın hadisəsini şərh edən sahibkar Natiq Cəfərov  deyib.

N.Cəfərov iddia edir ki, bazar məqsədli şəkildə sahibkarları uzaqlaşdırmaq məqsədi ilə yandırılıb: “Bu yanğın hadisəsi hardasa gözlənilən idi. Çünki bazarın yeri şəhərin çox əlverişli məkanında yerləşir. Çox güman ki, bəzi işbazlar bazarın yerinə müştəri kimi baxır. Bu ərazidə çoxmərtəbəli binaların tikilməsi üçün sanki savaş açılıb. Ona görə də bazarı bağlayıb sahibkarları didətgin salmaq istəyirlər. Bu yanğın hadisəsi də məhz bu məqsədlə törədilib”.

Bəzi qüvvələr tərəfindən təhdid olunduqlarını iddia edən sahibkar bunları dedi: “Ayrı-ayrı vaxtlarda müxtəlif şəxslər sahibkarları təhdid edərək bazarı tərk etmələrini məcbur ediblər. Biz uzun illərdir burda çalışırıq. Özümüzə iş yeri yaratmışıq və dövlət büdcəsinə vergi ödəyirik. Amma bunların heç birini nəzərə alınmır, hətta mülkiyyət hüququmuzu kobud şəkildə pozulur. Heç bir əsas göstərilmədən və təzminat ödənilmədən sahibkarların bazardan çıxmasını tələb etmək hansı qanunun tələbidir? Heç bir qanunu nəzərə almadan mafiya qaydaları ilə davranmağa kim və niyə icazə verir? Dövlətin rəsmi qurumları vətəndaşın mülkiyyət hüququnu və təhlükəsizliyini qorumalı olduğu halda kimlərinsə mafiya kimi davranmasına göz yumur. Niyə yanğın hadisəsi dəqiq araşdırılmır? Niyə sahibkarlar sığortalandığı halda heç bir təzminat ödənilmir? Bu kimi suallar açıq qalır və cavabı heç kimi maraqlandırmır. Bütün baş verənləri nəzərə alaraq, düşünürük ki, bazar məqsədli şəkildə yandırılıb. Səbəbi isə sahibkarları uzaqlaşdıraraq, bazarın ərazisini mənimsəməkdir”.

Oxunuş sayı 2113 dəfə
Şərh vermək üçün giriş edin
Top