Çərşənbə axşamı, 18 İyul 2017 22:00

Oğlum, məni bağışla - HEKAYƏ

Xeber.İnfo Əsma Hüseyn balanın növbəti hekayəsini təqdim edir:

Uşaq evi ilə bağlı heç də xoş xatirələrim yoxdur. Orada ən kiçik səhv davranışa görə saatlarla danlanır, hətta əksər vaxtlarda döyülürdüm...

İlk dərs günü müəllimənin diqqətini cəlb edə bilmişdim. O, mənim istedadlı olduğumu dilə gətirib, ondan yaxşı istifadə etməyimi tövsiyyə elədi. Müəllimənin bu tövsiyyəsi məni çox ümidləndirmişdi. Gecələr də dərs hazırlayır, bir mətni təkrar-təkrar oxuyurdum.

 4-cü sinifi bitirəndə imkanli və ziyalı bir ailə məni övladlığa götürdü. Çox kədərlənmişdim. Çünki bir gün anamın gələcəyini və məni onun aparacağına çox ümid edir, anamı gözləyirdim. Xəyalımda anamla qurduğum həyatım paramparça olmuşdu. Övladlığa götürənlər onlara ata və ana deməyimi istəyir, mənə hər şey alır, çox zaman ayırırdılar. Mən o yaxşılığın qarşısında onları qırmamaq üçün özümü xoşbəxt göstərir, təbəssümlə hər davranışlarını qarşılasam da içimdə təlatüm yaşayırdım. Göz yaşlarımı içimə axıtdığım üçün daxilən köksümdə əbədi iz buraxdığını düşünürdüm.

İçimə axan göz yaşlarının açdığı yaraların göynəltisi axır ki, məni dilləndirdi. Ana qayğısı ilə nazımı çəkən, hər işimlə, düşüncəmlə maraqlanan Məryəm xanımdan soruşdum: Nə zamansa doğma anamı görə biləcəyəm?

Məryəm xanımın elə bil ürəyinə xəncər saplandı, gözünün ucu ilə məni süzüb verdiyim sualdan çox narahat olduğunu bildirimiş kimi sükuta üstünlük verdi.

... İllər ötdü, artıq böyümüşdüm. Elə Məryəm xanımın tövsiyyəsi ilə ürək həkimi olmuşdum. Bir gün çalışdığım xəstəxanaya vəziyyəti çox ağır olan bir xəstə gətirdilər. Bir anda narahat oldum. Sanki ən doğma adamım gözümün qarşısında ağrılardan qıvrılır, mən isə heç bir kömək edə bilmirdim. Özümü bir təhər toparlayıb xəstəyə yaxınlaşdım: nə baş verib, xanım? Heç bir cavab eşitmədim.

Xəstəyə yardım edən tibb bacısı həyəcanlı səslə: Qadının mağazada ürəyi tutub yıxıldığını deyirlər.

Mağazanın sahibi də orda idi. O, irəli gəlib söhbətə qarışdı: biz onunla 7 illik qonşuyuq. Bildiyimə görə o, ürək ağrısından əziyyət çəkirdi. Onun heç kimi yoxdur. Həyat yoldaşını itirib. O, xərçəng xəstəsi imiş. Qonşular arasında danışılır ki,  imkansızlıdan 3 yaşlı Məhəmməd adlı oğlunu uşaq evinə verib, sonra da arxası ilə gedə bilməyib, çox güman ki, Məhəmmədə görə ürək ağrısına tutulub.

 Gözlərini yumub, güclə nəfəs alırdı. Gümüş kimi parıldayan ağ saçından bir neçə teli üzünə düşmüşdü. Nur saçan çöhrəsinə xeyli baxdım. Güclə xatırladığım üzü yuxu kimi xatirimə gəlirdi.

... əməliyyat çox uğurla başa çatdı. Günlər keçdikcə, qadının vəziyyəti yaxşılaşırdı. Səhər onun otağına gedib vəziyyəti ilə maraqlandım. Qadın yaxşı olduğunu bildirdi və heç kimi eşitmədiyi tərzdə dedi: oğlum əməliyyat pulunu ödəyə bilməyəcəm. Dəfələrlə həkimə getmişəm, əməliyyat bahalı olduğu üçün ağrılara dözmək zorunda qalmışdım.

Oğlum deyərək, əlimi sıxdı. Bir anlıq gözlərim qaraldı, uşaq evində hər gün gözlədiyim, gözyaşlarımla qucaqlaşıb yatdığım və arxasınca deyindiyim anamı indi başa düşürdüm. Heç nə anlamasın deyə, tez özümü toparladım: anacan narahat olma pul ödənilib. Sən sağlamlığını düşün, elə şeylərlə özünü yorma.

Çox sevinirdi, baxışlarını gözlərimə zilləyib soruşdu: oğlum adın nədir?

Qəhər tutmuşdu, bir kəlmə belə danışsaydım, qəlbimə yığdığım illərin acısı göz yaşına dönüb selində boğacaqdı məni. Amma dərindən ah çəkib, Mən illər öncə uşaq evində buraxdığın Məhəmmədəm – deyə bildim.

O isə mənə sarılıb, oğlum məni bağışla, deyirdi... 

Oxunuş sayı 2534 dəfə
Şərh vermək üçün giriş edin
Top