Bazar ertəsi, 27 Aprel 2020 11:52

Yemlik gülü – ESSE

“Ətli” yarpaqları və şirin zoğu olan yemlik otunun sarı rəngdə, “mini günəbaxanı” xatırladan balaca çiçəyi olur. Bu otun zoğunu yeyir, azacıq şokalad qoxusu verən çiçəyini də iyləyib, oynadırdıq. Bizim Aran uşaqları bu otu yaxşı tanıyırlar. O vaxtlar “taxta” peçenye və sorma “Barbaris” konfetini belə nadir hallarda gördüyümüz üçün, yemlik otu ən çox sevdiyimiz “ delikateslərdən” idi.

Məndən 2 yaş böyük bacım yemlik gülünün saplağını baş və şəhadət barmaqlarının arasında dik tutub, barmaqlarini biri-birinə paralel olaraq hərəkət etdirməklə elə sürətlə fırladırdı ki, gülün ləçəkləri görünməz olur, yalnız sarı rəngli kiçik ideal dairə görünürdü.

Bu “möcüzə” məni heyran eləyirdi. Mən də bir gül dərib, eynən bacım kimi əlimdə dik tuturdum. Nə qədər tuturdumsa, gül fırlanmırdı ki, fırlanmırdı. O vaxtlar neçə yaşım olduğunu xatırlamıram. Bircə o yadımdadır ki, bacımın əlindəki gül fırlanır, sarı dairəyə çevrilirdi, mənim gülümsə sakitcə dayanıb sarı ləçəkləri və xırda qəhvəyi nöqtələri olan sarı tozlu mərkəzi ilə matdım-matdım üzümə baxırdı. Hirslənib ağlayırdım. Bacım öz gülünü mənə verir, mənim gülümü alıb fırlatmağa başlayırdı. Böyük ümidlə bacımdan aldığım gülü barmaqlarımın arasında tuturdum, möcüzə baş verəcəyini, mənım də əlimdəki gülün sarı dairəyə çevriləcəyini gözləyirdim. Bu dəyiş-düyüşü dəfələrlə təkrar eləsək də, bacimin əlindəki gül dərhal firlanıb sarı dairəyə çevrilirdi, mənim əlimdəki isə heç halını dəyişmirdi... Ağlayıb, hirslənirdim. Bacım mənə nə qədər izah eləməyə çalışsa da, balaca barmaqlarımı lazımınca düzgün hərəkət elətdirə bilmədiyimdən mənim gülüm “fırlanmırdı”. Bu vəziyyətdən əsəbləşən bacım əlindəki gülü daha sürətlə fırladır, mənə acıq verirdi. Mən güllərimizi dəyişməyi tələb eləyən kimi, öz gülünü mənə verir, məndən aldığı gülü gözümün qabağına tutub sürətlə fırladırdı. Bu hal on dəfələrlə təkrar olunur, hər dəfə də nəticə eyni qalırdı – onun gülü ideal sarı dairəyə çevrilir, mənimki isə acıq verirmiş kimi, mərkəzindəki qəhvəyi nöqtəli “tək gözü” ilə rişxənd edirmiş kimi üzümə “baxırdı”...

O vaxt körpə ağlımla heç cür anlamırdım ki, problem –  “xarab” hesab elədiyim güldə deyil , mənim onu fırlada bılməməyimdədir. Zaman keçdi, böyüdüm və bu sadə həqiqəti kəşf elədim. Başa düşdüm ki, “əlindəki gül fırlanıb ideal dairəyə çevrilmirsə”, günah güldə deyil, sənin “fırlada bilməməyindədir.”

Zaman-zaman “əlində tutduğu gülün firlanıb dairəyə çevrilmədiyinin” səbəbini “gülün xarab olmağında” bilən yaşlı “uşaqlara” rast gəlirəm. Nə qədər izah eləməyə çalışsam da, yenə israrla, günahı “güldə” görürlər. Belə olanda əsəbləşirəm, hətta təklikdə qeyzdən, eyni körpəlikdəki kimi ağladığım da olur.

O vaxt “yemlik gülünün fırlanmaması” ilə barışa bilmirdim , indi də “fırlada bilməyənlərin” günahı “yemlik gülündə” görməsi ilə ...

Davud Əli

Birlik.az

Oxunuş sayı 1684 dəfə
Şərh vermək üçün giriş edin
Top