Çərşənbə axşamı, 24 May 2016 22:00

"Ölüm mələyi var başımın üstə" - Əli Nuri

Xeber.İnfo gənc, istedadlı şair Əli Nurinin yeni şeirini oxucularına təqdim edir:

 

Zaman elə ötüb çıxır aradan,

Ömür yaş gətirir yaşımın üstə,

Nə desən baş üstə, ulu Yaradan,

Ölüm mələyi var başımın üstə.

 

İçimdə bir qərib ürək yaşıyır,

Qələmim bəxtimin yükün daşıyır.

Ürəyim od tutur əlim üşüyür,

Baharım ah çəkir qışımın üstə.

 

Qoymaram taleyim keçə yüz əldən,

Özünü yıxmasın məni düzəldən.

Onsuz da həsrətin, qəmin əzəldən,

Zəhəri səpilib aşımın üstə.

 

Elə ki, xəbəri yetdi çaparın,

Məni də evimə səssiz aparın.

Sinəmin ahların çəkin qoparın,

Köçürün o sinə daşımın üstə.

 

Hələ istədiyim başıma gəlmir,

Kişiyəm ağlamaq işimə gəlmir.

Belə də qəriblik xoşuma gəlmir,

Məni də öldürün xoşumun üstə

 Xeber.İnfo

Oxunuş sayı 1748 dəfə
Şərh vermək üçün giriş edin
Top