Bazar, 14 Fevral 2016 21:00

"Yeni Müsavat"ın YAP qayğıkeşliyi

“Yeni Müsavat"ın Yeni Azərbaycan Partiyasına (YAP) mehriban münasibətinin son zamanlar bağlı qapılar arxasından çıxması müsbət qiymətləndirilməlidir. İnanmaq istərdik ki, bu “səmimiyyət” qarşılıqlı olaraq siyasi proseslərə gələcəkdə də özünün yeni töhfələrini verəcəkdir. Mənim partiya sıralarından xaric olub olmamağımla tez-tez maraqlanması da yəqin ki, "Yeni Müsavat"ın YAP-a qayğıkeşliyindən irəli gəlir. Dəfələrlə mənə sual veriblər ki, niyə partiyanı tənqid edirəm, halbuki partiyanın ümumi strateji xəttinə qarşı bir kəlmə belə söyləməmişəm. Bircə onu söyləmişəm ki, mən bu qəzetlə yoxam və sonuna qədər də olmayacam. Mən şəxsi maraqlarımdan bu qənaətə gəlməmişəm. O qəzetin Heydər Əliyev və İlham Əliyevə yağdırdığı aşağılayıcı ifadələri, ağılagəlməz təhqirləri heç bir mətbu orqanı yazmayıb. Bağışlayanlar özləri bilərlər, ancaq mən bunu qəbul edə bilmirəm. Ona görə də lap öncədən “Yeni Müsavat” və onun rəhbərliyinə qarşı ən kəskin mövqedə olmuşam, bu gün də həmin fikrimdəyəm. “Yeni Müsavat”ın səhifələrində elə sözlər yazılıb ki, indi də onları oxuyanda adamı dəhşət bürüyür. Guya ki, “Yeni Müsavat”sız iqtidarın işi çətin olacaqdı, balans yaratmağa çalışdılar. Bu təklifi hakimiyyətə verən kəs İlham Əliyevə ən böyük pisliyi edib. Bununla belə nələrisə nəzərə alaraq dostluq müqaviləsi bağlayan tərəflərin işinə, götürdükləri öhdəliklərin hansı tarixədək sürəcəyinə qarışmaq fikrim yoxdur.

Deməyim odur ki, Report.az saytının birisindən götürdüyü müsahibəni Müsavat.com da tirajlayıb. Orada mənimlə bağlı sual da var, “Partiyanı sərt tənqid edən Eldar Sabiroğlunun YAP sıralarından xaric edilməsi müzakirə mövzusudurmu?” Çox qəribədir, onlar nə zamandan YAP-ın təəssübkeşçisi çıxıblar ki, mən bundan xəbərsiz olmuşam. “Report”la işim yoxdur, lakin bildirmək istəyirəm ki, partiyadan o zaman adamı uzaqlaşdırırlar ki, partiyanın ümumi siyasətinə və partiya rəhbərliyinə qarşı hər hansı əks mövqe tutmuş olsun. Mən bunu etməmişəm və heç zaman da mümkün deyil. Lakin partiyada olan ayrı-ayrı natəmiz adamlara qarşı tənqidi fikirlərimi söyləmişəm və bundan sonra da söyləməkdə davam edəcəyəm. YAP-ın nizamnaməsi bunu mənə qadağan etmir. YAP-ın nizamnaməsi mənə qadağan etmir ki, partiya üzvü kimi partiya rəhbərliyinin və YAP-ın ümumi siyasətinin müdafiəsi üçün lazım gəldiyi anda öz töhfəmi verim. Və bu da mənim birinci dərəcəli vəzifəmdir. Ona görə də yanlışlığa yol verməsinlər.
Qeyd edirlər ki, guya mən gündəmdə qalmaq üçün bəzi çxıışlar edirəm. Mən gündəm acı deyiləm, gündəm acı hər dəfə tribunaya çıxıb, televiziyalarda görünüb iqtidarın hörmətini salan adamlardır. Və belə düşünənlərə də demək istəyirəm ki, gedin müəyyən olunmuş işinizin qulpundan yapışın.
Oxunuş sayı 1655 dəfə
Şərh vermək üçün giriş edin
Top