Bazar ertəsi, 03 Noyabr 2014 21:00

Azərbaycanda "səlib yürüşü"

Hökümət azad jurnalistləri və müstəqil QHT təmsilçilərini pərən-pərən salıb

Jurnalisti öldürməklə susdurmaq senzuranın ən son həddidir: prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən bəri Azərbaycanda beş jurnalist və media işçisi öldürülüb. Hədə-qorxu və təzyiqdən tutmuş məhdudlaşdırıcı siyasət və qanunsuz həbsə qədər, o cümlədən xanım jurnalistlərə qarşı hücumlar kimi əlavə təhlükələr vəziyyəti daha da ağırlaşdırır. Jurnalistlərə qarşı hücumların hər onundan doqquzunun üstünün açılmaması eyni dərəcədə narahatlıq doğurur. Son nəticə isə sonu görünməyən cəzasızlıq və ifadə azadlığına çəkindirici təsirdir. Azərbaycan cəmiyyəti qorxu və özünüsenzura mühitində yaşayır. Ölkdədə azad media tam tənəzzül dövrünü yaşamaqdadır.

 2014-cü ildə Azərbaycan hakimiyyəti müstəqil QHT-ləri sıradan çıxarmaq və hüquq müdafiəçilərini susdurmaq üçün amansız repressiya dalğasına start verdi. Bunun ilk mərhələsi kimi 2014-cü ilin aprelində Baş Prokurorluğun Ağır Cinayətlər Üzrə İstintaq İdarəsində yerli və beynəlxalq QHT-lərin fəaliyyəti ilə bağlı cinayət işi açıldı. Bu cinayət işi çərçivəsində ilk olaraq 2014-cü ilin yayında müstəqil QHT-lərin və hüquq müdafiəçilərinin bank hesablarına həbs qoyuldu. Daha sonra hökumət saxta ittihamla 2014-cü ilin 30 iyul tarixində hüquq müdafiəçisi Leyla Yunusu, 2 avqust tarixində hüquq müdafiəçisi Rəsul Cəfərovu, 8 avqust tarixində isə hüquq müdafiəçisi İntiqam Əliyevi həbs edib. Amma heç də ölkədə bütün həbs edilənlər populyar hüquq müdafiəçiləri deyil. Sadə jurnalistlər, regionlarda çalışan QHT təmsilçiləri də çox tez-tez iqtidarın repressiya maşınının hədəfinə düşür. Buna misal olaraq Gəncədə Kamil Vətəndaş təşkilatının sədri Həsən Hüseynlinin, Salyanda Vətəndaş Nəzarəti Şəbəkəsinin yerli kordinatoru Emil Məmmədovun, Tovuzda Kanal13 TV-nin regional müxbiri Vüqar İsmayılovun həbslərini göstərmək olar.  Eləcə də bu represiyalar qarşısında ölkəni artıq çoxsaylı media təmsilçiləri və QHT nümayəndələri tərk edib və ya naməlum yerdə gizlənərək repressiyalardan qorunmağa çalışırlar. RATİ təşkilatının sədri Emin Hüseynovun harda olması hələ də müamma olaraq qalır. Onun təzyiqlər qarşısında həbs təhlükəsindən yayınaraq gizləndiyi isə şübhəsizdir. Tanınmış ictimai fəal insanlardan Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı, Demokratik Təsisatlar və İnsan Hüquqları ictimai birliynin sədri Elçin Abdullayev, Azad İqtisadiyyata Yardım təşkilatının sədri Zöhrab İsmayıl, Miqrantlara Hüquqi Yardım mərkəzinin rəhbəri Əlövsət Əliyev, Kanal13 interent televiziyasının direktoru Anar Orucov, Gəncədən Gənc Liderlər İB-in idarə heyətinin sədri Səbinə Ələkbərova, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova, Azadlıq radiosunun keçmiş əməkdaşı Yafəz Həsənov ölkəni tərk etməli olub. Rəbhərləri mühacirətə getməli olan təşkilatların ölkədə qalan üzvlərinə təzyiqlər isə davam edir. Obyektiv TV-nin əməkdaşı Mehman Hüseynovun ölkədən çıxışına qadağa qoyulub, jurnalist Rasim Əliyev isə facebook səhifəsində daimi olaraq təhdidlər aldığını və son 1 həftə ərzində 2 dəfə polis idarəsinə bir dəfə isə Baş Prokurorluğun ağır cinayətlər üzrə istintaq idarəsinə çağrıldığını yazıb. Mətanət Əzizovanın həyat yoldaşı və oğlunun ölkədən çıxışına qadağa qoyulub və polis nəzarəti altında saxlanılırlar. Kanal13-ün direkor müavini Əziz Orucov əməkdaşımıza bildirib ki, ötən ay ərzində 2 dəfə MTN-ə dəvət edilib və Bakı Şəhər Baş Polis İdarəsində 3 dəfə ifadə verməli olub. Onun sözlərinə görə qardaşı Anar Orucovun evində, onların ata evində axtarışlar aparılıb və Kanalın ofisindən müəyyən avadanlıqlar müsadirə edilib. O fəaliyyətilərini davam etdirməyin hazırkı şəraitdə mümkün olmadığını da bildirib. Kanal13-ün layihələr üzrə kordinatoru Rəşad Ələkbərov da oktyabrın 31-də yaşadığı Sumqayıt şəhərində polis idarəsinə dəvət edilib izahatı alınıb və mənəvi təzyiqlər edilib. Bundan əvvəl də 2 dəfə onun evinə həm Sumqayıt şəhər polisinin cinayət axtarış şöbəsinin əməkdaşları həm də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin işçiləri gəlib. Stress altında onun hamilə yoldaşının körpəsini tələf etdiyi bildirilir. Media Hüquqları İnstitutun sədr müavini Xalid Ağəliyevin də təzyiq altında olduğu bildirilir. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil. Təşkilatın üzvləri qurumun qapısının bağlı olduğunu və rəhbərliyin harda olmasından xəbərsiz olduqlarını bildiriblər. Ən acınacaqla hallardan biri də jurnalist Yafəz Həsənovun yaxınları ilə bağlıdır. Onun hələ də Naxçıvanı tərk edə bilməyən ailəsi təzyiq altındadır və jurnalist dəfələrə bildirib ki, həyat yoldaşı və övladlarının həyatına çox ciddi təhlükə var.

Xeber.İnfo

Oxunuş sayı 1006 dəfə
Şərh vermək üçün giriş edin
Top