Cümə, 25 Oktyabr 2013 21:00

Sabiq icra başçısının bazarkom qardaşına qarşı şok ittihamlar

Ürfət İbrahimov həbsdən çıxsa da, zərərçəkənlərin pullarını geri qaytarmayıb

Şəki şəhər icra hakimiyyətinin keçmiş başçısı olmuş Nazim İbrahimovun qardaşı Ürfət İbrahimov 43 nəfərin pulunu alaraq mənimsəmədə, eyni zamanda külli miqdarda vergidən yayınmada ittiham olunur. Zərərçəkənlərin hüquqlarını müdafiə edən Valeh Yusifli "Bizim Yol"a müraciətində "Şəki-Bazar" ASC-nin nəzdində ticarətlə məşğul olan bir qrup rayon sakininin hüquqlarının pozulduğunu bildirib. 

Qeyd edək ki, Ürfət İbrahimov 2001-2010-cu illərdə "Şəki-Bazar" ASC-nin İdarə Heyətinin sədri olub. Müraciətdə bildirilir ki, Ü.İbrahimov 2009-cu ildə özünə yaxın adamların vasitəsi ilə şəhərdə şayiə yayıb ki, guya tezliklə Şəkinin hazırkı əsas bazarı söküləcək. Ona görə də Salman Mumtaz küçəsində 1800 nəfərlik bazar tikdirməyə başlayıb. Bu zaman hazırkı bazarda işləyənlərdən yeni obyektin tikintisi üçün pul ödəmələrini tələb edib. Bununla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin materiallarından məlum olur ki, köşklər üçün 600 manat, mağazalar üçün isə sahəsindən asılı olaraq 12-24 kv.m-dək dükanlara görə 2500-4200 manat pul toplanıb. "Ticarətçilərə 1,5 il ərzində onlardan icarə haqlarının yığılmayacağı deyilib, bəzilərinə isə alınan pulun əvəzinə saxta qəbzlər verilib. İş yerlərini itirməkdən qorxuya düşən yüzlərlə ticarətçi əllərində olan vəsaitləri  bazarkomun adamlarına-Zöhrə Allahverdiyevaya, Bayraməli Rəsulova, Sahib Qarayevə veriblər", deyə şikayətçilər qeyd edirlər. 

İlqar Sadıqov

Oxunuş sayı 1968 dəfə
Şərh vermək üçün giriş edin
Top