Cümə axşamı, 23 Fevral 2012 21:00

AİP sədr müavini saxlanıldı

Azərbaycan İslam Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Şahin Əliyev Abşeron Rayon Polis İdarəsində saxlanılıb. Bu barədə Ş.Əliyev özü məlumat verib: “Məni Abşeron Rayon Polis İdarəsinə çağırdılar. Siyasi fəaliyyətimə görə təhdid etdilər. Bilirsiniz ki, AİP lideri Mövsüm Səmədovla birlikdə partiyanın rəhbər heyyətindən çoxu həbsdədir. Azərbaycanda hakimiyyət siyasi və dini sahələrdə çox ciddi məhdudiyyətlər yaradıb, söz və mətbuat azadlığını tanımır. Mən ölkədə dinə qarşı aqressiv və repressiv siyasəti tənqid edən “Mer Allaha qarşı” adlı məqalə yazmışdım. Polis idarəsində həmin məqaləni niyə yazdığım barədə soruşdular və belə yazıları davam edərəmsə ciddi problemlərlə qarşılaşacağımı dedilər, hətta həbs təhlükəsi ilə üzləşəcəyimi bildirdilər. “Sən kimsən, nə yazmısan məqsədin nədir? Ölümü gözə alıb həyatını riskə ataraq kimin haqqında yazdığını bilirsən – və sair suallarla təhdid etdilər”.

Ş.Əliyev məhz həmin məqaləni dərc etdiyi üçün “Nəbz” qəzetinin fəaliyyətinin dayandırlmısını diqqətə çatdırdı: “Bu yazının dərc olunması üçün təhdid olunan təkcə mən deyiləm. “Nəbz” qəzetinin çapını müvəqqəti dayandırıblar. Bu hal ölkədə həm siyasi və dini basqıları, həm də söz və ifadə azadlığının məhdudlaşdırılmasını açıq şəkildə göstərir”.

Oxunuş sayı 1567 dəfə
Şərh vermək üçün giriş edin
Top