Bazar, 11 İyun 2017 22:00

Həbsdə olan jurnalistə ailə ilə görüşmək imkanı verilmir

Həbsdə olan jurnalist Əziz Orucova ailəsi ilə görüşmək imkanı verilmir

Rakurs TV-nin məlumatına görə, bu barədə Əziz Orucovun vəkili Cavad Cavadov məlumat yayıb. 

Vəkil bu gün(12 iyun) Bakı İstintaq Təcridxanasında Əziz Orucovla görüşdüyünü bildirib. Onun sözlərinə görə, Əziz Orucova "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd olaraq telefonla zəng vurmaq, ailəsi ilə görüşmək imkanı verilməyib.

Cavad Cavadov bildirib ki, bununla bağlı təcridxananın rəsmi şəxslərinə müraciət edib:

"Şifahi olaraq bildirildi ki, telefonlar zənglərinə və görüşə qadağa istintaq orqanın qərarı ilə tətbiq olunub, onun əldə edilməsi üçün istintaq orqanına müraciət etməyimizi bildirdilər".

Vəkil hüquqi yollara baş vuracaqlarını bildirib:

"Bununla bağlı rəsmi müraciətlər edəcəyik. Belə qərar vardırsa, bu istər yuxarıda göstərilən qanunun tələblərinə, istərsə də İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir və surətini əldə etdikdən sonra məhkəmə nəzarəti qaydasında şikayət verəcəyik".

Xatırladaq ki, “Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Ə.Qaraşoğlunun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Qaraşoğlu barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Qaraşoğlunun təsisçisi olduğu Qafqaz Media Təhqiqatları İctimai Birliyi və “Kanal 13” ilə bağlıdır.

Nəsimi rayon Məhkəməsi Ə.Qaraşoğlu barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Ramin Meherremov

Oxunuş sayı 1137 dəfə
Şərh vermək üçün giriş edin
Top