Cümə axşamı, 22 İyun 2017 22:00

Yeni nəsil ictimai fəalların motivasiyası

Niderlan Xarici İşlər Nazirliyinin dəstəyi ilə ölkəmizdə İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin təşviqi” proqramı həyata keçirilir. Bu layihənin icrası üzrə istiqamətlərdən biri Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyi ilə Avrasiya Əməkdaşlıq Fondunun arasında bağlanmış `Yeni Nəsil Qadın Koalisiyası` adlı qrant layihəsi çərçivəsində görülən işlərdir.

Layihə çərçivəsində müxtəlif ictimai qurumlarda təmsil olunan, ictimai fəaliyyətdə müəyyən təcrübələri olan 15 nəfər gənc fəal bir araya gəlmişlər. Onlar öz həyatlarında və fəaliyyət göstərdikləri bütün sahələrdə qərarverici mövqelərə yüksəlmək istəyirlər.

Ölkəmizdə istər ictimai-siyasi, istər sosial-iqtisadi baxımdan yeni bir dönəm başlamaqdadır. Bu layihədə məqsəd yeni dönəmə uyğun olaraq yeni biliklərlə və yeni iddialarla fəaliyyət göstərən yeni nəsil qadınların ictimai fəaliyyətlərinin güclənməsidir.

Layihə çərçivəsində `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvləri ilə tanınmış ictimai fəal və işgüzar xanımların görüşləri təşkil edilmişdir. Bu görüşlərdə lider qadınlar gənc fəallara keçdikləri həyat yolundan, rast gəldikləri çətinliklərdən, maneləri aşmaq üçün davamlı səylərindən və uğur hekayələrindən söhbət açırdılar. Bu görüşlərin qonaqları vətəndaş cəmiyyətinin tanınmış təmsilçisi Şəhla İsmayıl, biznes sahəsində qadın lider Jalə Əmirbəyova, `İşgüzar xanım üçün 101 qayda` kitabının müəllifləri yazıçı Mehriban Vəzir, BDU-nun dosenti Təranə Mahmudova, psixoloq Kəmalə Abdullayeva oldu. Eləcə də qadın və mədəniyyət, qadın və azadlıq mübarizələri mövzusunda professor Fuad Məmmədov, dosent Azər Cəfərov `Yeni Nəsil Qadın Koalisiyası` üzvlərinə maraqlı mühazirələr söylədilər.

Layihə çərçivəsində həyata keçirilən təlimlərə tanınmış ekspertlər – Azər Mehtiyev, Abil Bayramov, İlhamiyyə Rza, Şəhla İsmayıl cəlb edilmişdi.

Layihəyə cəlb edilmiş 15 nəfər gənc fəalın hər birinin vəkilliyinin və ictimai tanıtımının həyata keçirilməsi məqsədi ilə onlardan geniş qəzet müsahibələri və video müsahibələr alınaraq ictimailəşdirilmişdir.

`Yeni Nəsil Qadın Koalisiyası` layihəsi çərçivəsində həyata keçirilən istiqamətlərdən biri də gənc fəalların Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarda çalışan diplomat qadınlara təqdimatı, eləcə də gəncləri diplomat qadınların karyera yüksəlişi ilə, uğur hekayələri, maneələri aşmaq cəhdləri ilə tanış etmək idi.

Fransa səfirinin müavini Fabian Drout-Lozinski, Avropa İttifaqının Azərbaycan ofisində siyasi məsələlər üzrə müşavir Nina Maria Lindvall, ABŞ səfirliyinin mədəni əlaqələr şöbəsinin rəhbəri Emi Peterson, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin Regional direktor müavini Simona Haeberli ilə olan görüşlər gəncləri yeni təcrübələrlə motivasiya etmək baxımından olduqca əhəmiyytli oldu.

Avrasiya Əməkdaşlıq Fondunun dəstəklədiyi və Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin həyata keçirdiyi `Yeni Nəsil Qadın Koalisiyası` layihəsi bu günlərdə başa çatmaqdadır.

Oxunuş sayı 1149 dəfə
Şərh vermək üçün giriş edin
Top