Şənbə, 15 İyul 2017 22:00

Yolumu gözlə, mələk qızım, mütləq gələcəyəm!

Zəhra!

Mənim mələk qızım... Bu məktubu sənə yazıram - həyatda heç vaxt üzünü görmədiyim bir mələyə! Düşüncələr içindəyəm, bu sətirləri yaza - yaza düşünürəm ki, sənin necə acı olduğunu belə bilməyə ömrün yetməyən bu həyat, həm də necə təzadlıdır, gözəl qızım: çünki bu məktubu sənə yazma nədənim də elə sənin bu məktubu heç vaxt oxuya bilməyəcəyin səbəbindən yaranıb... Zəhra, mənim balam, bilirəm ki, sən bu məktubda sənə nə yazdıqlarımdan heç vaxt xəbər tutmayacaqsan - ona görə yox ki, sən hələ çox kiçiksən, 2 yaşın belə tamam olmayıb, oxuya bilmirsən hələ, ilk hərfləri hələ bundan 4 il sonra öyrənməli idin... Yox! Ona görə ki, sən indi mələklərin olduğu bir məkandasan, əlifbanın, hərflərin, sözün, kəlmələrin heç bir önəm kəsb etmədiyi bir məkanda... 20106595 10155397722070283 7787124490682096450 n Zəhra qızım, amma Sənə yazıram, yazmaq istəyirəm - bu  gecə ürəyim o qədər narahatdır ki, bir bilsən... Sabah sənin  adını şüar edən yüzlərlə həmvətənin Almaniya adlı  Vətənimizdən çox-çox uzaq, yad, soyuq bir məmləkətdə  "Mən Zəhrayam" deyə sənin başına gələnlərə etiraz edib,  küçələrə çıxacaqlar, sənin yarım qalmış taleyini dünyaya  duyurmağa çalışacaqlar, sənin işğal olunmuş Vətəninə  dünyadan ƏDALƏT istəyəcəklər, Sənin kimi bir mələyə  qıymış o terrorçu, işğalçı erməni adını bir daha bu "Qoca  dünyada" hayqırb, lənətləyəcəklər, qızım! Zəhra mən səni bu  həyatda sağ ikən tanımadım, tanımaq nəsib olmadı, amma  sənə "qızım" deyirəm, bilirsənmi Zəhra, düzünü deyim ki,  mənim heç vaxt qızım olmadı, heç vaxt sənin kimi bir mələk  bugünədək mənə "ata" demədi, amma inan ki, sən mənə o  qədər doğmasan ki, o qədər canımdasan ki, o qədər  içimdəsən ki, o qədər ağrıdırsan ki ürəyimi... Sənin cansız  bədəninin şəkli olan plakatlar çap etmişik, sabah əllərimizə  götürüb sənin məsumluğunu, qatillərinin amansızlığını dünyaya göstərəcəyik. İndi bu şəkillərə baxırdım, yoxlayırdım ki hər şey görüm qaydasındamı: sabah sənin adına bir əskik olmasın deyə, gözəl qızım... birdən sanki qulağıma qeyri-adi bir səs gəldi, uşaq səsi, mehriban və gülümsəyən bir uşaq səsi... Elə bildim ki, sənsən "ata" deyirsən, məni səsləyirsən... Gözüm cansız bədəninin şəklində, qulağım sənin bildiyim o səsdə - Allahın möcüzəsi idi. Bilmirəm, bəlkə doğrudan da səndin... Bəlkə doğrudan da məni səsləyirdin, mələyim mənim! Bəlkə yatmış vicdanlarımızı oyatmaq istəyirdin, bir mələyin intiqamı üçün! Bəlkə haqsızlıqdan, ədalətsizlikdən, Vətənsizlikdən, Qarabağsızlıqdan, indi də Sənsizlikdən ağlayan qəlbimi ovudurdun "ata" deyə, Zəhram! Bəlkə dünyamıza bu gecə mənim qızım kimi yenidən qayıdırdın, körpə balam. Yoxsa, beləcə təşəkkürmü edirdin yarım qalmış məsum taleyini dünyaya duyuranlara, gözəl qızım... Sənə demişdim bu məktubda bir az əvvəl ki, həyat qəribədir: bilirsənmi, yəni sən mənim həm qızım, həm də bacımsan, Zəhra: ona görə ki, ikimizin bir ANASI var - adına Azərbaycan deyirik, qızım! Anamıza and olsun ki, məsum balam, sənin intiqamını alacağıq və bir gün mən sənin yanına gələndə bu oxuya bilmədiyin məktubu da, 15 iyulda sənin adına keçirdiyimiz bu etirazı da, gün gəlincə Uca Vətənimizi işğaldan necə azad etdiyimizi də, anamız Azərbaycanı necə xoşbəxt edə bildiyimizi də və sənin adından başlayan bu yolun bizi daha nələrə, haralara qədər apardığını da bircə-bircə sənə söyləyəcəm... Bəlkə onda yenə də üzümə şirin-şirin gülüb təşəkkür etdin, məni qucaqladın, mənə bir daha "ata" dedin... Bilmirəm, bəlkə bu yazdıqlarımı sənə mələklər çatdıracaq, darıxacaqsan məni yanında görməyə, gözəl balam.. Amma yanına üzüağ gəlməyim, ANAMIZ Azərbaycan qarşısında borcumu verə bilməyim üçün hələ həyatda olsam da, yolumu gözlə, mələk qızım, gələcəyəm, mütləq gələcəyəm!

Anar Orucov

Xeber.İnfo

Oxunuş sayı 2640 dəfə
Şərh vermək üçün giriş edin
Top