Bazar ertəsi, 28 Avqust 2017 22:00

“Korrupsiya ona görə təhlükəlidir ki...”

Elnur Hacıyev: “Korrupsiyanın təhsil, ordu və səhiyyədə qabarıq müşahidə olunması daha təhlükəlidir

 “Ölkə korrupsiya bataqlığında çabalayır. Dövlətin ən ciddi postlarında açıq şəkildə korrupsiya hallarına rast gəlinir. Heç bir məmur bu kimi hallardan ehtiyyatlanmır. Hesab edirəm ki, korrupsiya dövləti içindən dağıdan amildir”. Bu sözlər sahibkar Elnur Hacıyevə məxsusdur.

E.Hacıyevin sözlərinə görə, dünyada ideal dövlət və cəmiyyət yoxdur, istənilən halda az və ya çox problem tapmaq mümkündür: “Biz bilirik ki, heç bir dövlət ideal deyil. Nisbilik nəzəriyyəsinə əsasən dövlətlər və cəmiyyətlər qiymətləndirilir. İnkişaf eləmiş ölkələrdə insan hüquq və azadlıqları, eyni zamanda sosial yaşayış səviyyəsi ölçü vahidi kimi dəyərləndirilir. Fərdə verilən önəm cəmiyyətin inkişaf mərhələsini və yaxud geriliyini təyin edir. Demokratik dünyanın ölçü vahidi kimi əsas götürdüyü prinsipləri zəiflədən amillərdən biri, bəlkə də birincisi korrupsiyadır. Korrupsiya ona görə təhlükəlidir ki, fərdlərin hüquq və azadlıqlarını məhdudlaşdırır. Korrupsiya dünyanı mehvərində saxlayan ədalət konsepsiyasına zidd olduğu üçün təhlükəlidir. Korrupsiya ümumilikdə insan yaranışının fəlsəfəsinə uyğun gəlmədiyi üçün təhlükəlidir. Nəticədə korrupsiya hansı cəmiyyətdə varsa, mütləq o cəmiyyət məhvə məhkumdur. Düşünürəm ki, hakimiyyətin bütövlükdə korrupsiya halına bulaşması və bu halın təhsil, ordu, səhiyyə sahəsində qabarıq müşahidə olunması daha təhlükəlidir. Ondan da təhlükəlisi cəmiyyətin susqunluğudur. Hakimiyyətin yürütdüyü yanlış siyasət nəticəsində cəmiyyətdə susqunluq yaranıb. Rəsmi dairələrin korrupsiya halına bulaşması və cəmiyyətin susqunluğu ölkənin yaxın zamanlarda ciddi böhrana girəcəyindən xəbər verir. Böhran deyəndə dövlət müstəqilliyinin sual altına düşməsini və ölkənin parçalanaraq bölüşdürülməsini nəzərdə tuturam”.

Müsahibimiz ölkədə tüğyan edən yoxsulluqdan da söz açıb: “Hər il yoxsulluğun səviyyəsi qalxır. Hökumət bu barədə fərqli və həqiqəti əks etdirməyən hesabatlar yayımlayır. Ölkədə tüğyan edən yoxsulluğu ört-basdır etmək istəyir. Lakin həqiqəti gizlətmək mümkün deyil. İnsanların yaşayış səviyyəsi, ölkədən kütləvi axın və digər arzuolunmaz hadisələr göz qabağındadır. Yoxsulluq həddini bilmək üçün intiharların sayına baxmaq kifayətdir. Hər gün intihar hadisəsi eşidirik. Ölkədə qeydə alınan intiharların böyük əksəriyyəti sosial problemlərlə bağlıdır. Bu sahədə mütəxəssislər həyəcan siqnalı çalırlar. Digər tərəfdən boşanma hallarının artmasını deyə bilərik. Minlərlə gənc sevərək ailə qururlar bir müddət sonra boşanırlar. Axı sevgi üzərində qurulan ailə niyə dağılmalıdır? Gənc ailə başçısı evinə, sevdiyi həyat yoldaşına və yaxud sevgidən doğulmuş körpəsinə çörək apara bilmirsə, ailəsinin ən kiçik ehtiyaclarını ödəyə bilmirsə, biz necə deyə bilərik ölkədə yoxsulluğun səviyyəsi aşağı düşüb? Sosial çətinliklərə tab gətirə bilməyən gənc ailələr ya intihar yolunu seçirlər, ya da boşanmanı. Hər altı aydan bir aidiyyatı qurumlar guya minlərlə iş yerinin açıldığı barədə hesabat verirlər. Amma kim hansı işlə təmin olunubsa, deyilmir. Kiçik araşdırma aparsaq, əksini görərik. Hər ay minlərlə işçi ixtisar adı ilə işsiz qalır. Ölkədə nə qədər özəl iş yeri var? Bunu bilmək üçün fəaliyyət göstərən yerli və xarici şirkətlərin sayına baxsaq hər şey anlaşılar. Barmaq sayı qədər şirkət fəaliyyət göstərir. Onlar da mütləq hansısa oliqarx məmurun himayəsində. Xarici şirkətlər də 2014-cü ildən başlayaraq ölkəni tərk edirlər. Elə mətbuat səhifələrində rast gəlirik ki, hər iki gündən bir hansısa xarici şirkət ölkəni tərk edir. Bu qədər açıq faktlar olduğu halda yoxsulluğu necə gizlədə bilərik?”

Hökumət ya başını itirib, nə etdiyini bilmir, ya da bilərəkdən dövləti çökdürməyə çalışır. Hər iki hal ölkəni yaxın zamanlarda təhlükəli və qurtulması mümkün olmayan böhrana sala bilər. Dünya təcrübəsinə görə böhranla üzləşən cəmiyyətlərdə qiymətlər endirilir və vergilər azaldılır. Bu ona görə edilir ki, əhalinin sosial vəziyyəti sabit qalsın. Çünki əhalinin sosial vəziyyəti gərginləşəndə cəmiyyətdə partlayış ehtimalı artır. Son beş ildə müqayisə aparsaq görərik ki, nəqliyyat sahəsini istisna etməklə bütün sahələr üzrə azı 3 dəfə bahalaşma olub. Əslində normal iqtisadi qaydalara görə bahalaşma qaçılmazdır. Lakin bahalaşma maaş və təqaüd artımı ilə paralel olmalıdır. 100-200 manat maaş olan ölkədə, 50-150 manat həcmində təqaüd verilən cəmiyyətdə bahalıq partlayışla mütləq nəticələnəcək. Son 10 ildə təqaüdçiyə verilən müavinət 10 manat həcmində artıq. Bu da ümumi hesablamaya görə 12-15 faiz deməkdir. Lakin hər gün istifadə olunan məsələn qəndin bir kiloqramı 0,80 manatdan 2 manata qədər bahalaşıb. Bu isə 60 faiz bahalaşma deməkdir. Bu kimi faktlar sadalamaqla bitmir. Hesab edirəm ki, qeyd etdiyimiz problemlərin kökündə siyasi idarəçilik dayanır. Siyasi idarəçilik bərbad olduqca ölkə daha da çirkaba yuvarlanır - E.Hacıyev bildirib.

Oxunuş sayı 1127 dəfə
Şərh vermək üçün giriş edin
Top