Bazar ertəsi, 28 Avqust 2017 22:00

Media hökumətin əlində olduğundan ifadə vasitəsi yalnız sosial şəbəkələrdir

 Elvin Məmiyev: “Hökumət məhdudiyyətlərlə deyil, tənzimləmələrlə sosial şəbəkələrin rolunun artırılmasına imkan yaratmalıdır

İctimai fəal, bələdiyyələrin fəaliyyətilə bağlı müstəqil araşdırma aparan Elvin Məmiyev vətəndaşların hakimiyyətdə təmsil olunması prinsipi və Azərbaycandakı mövcud vəziyyətdən danşdı. E.Məmiyev hesab edir ki, dövlətin gücü, daimi sabitliyi, təhlükəsizliyi vətəndaşların öz problemlərinin həllində və dövlətin idarəçiliyində təşkilatlanmış şəkildə iştirak etməsindən keçir: “Bunlardan biri insanların azad şəkildə siyasi platforma ətrafında partiyalarda birləşib təşkilatlanması və proseslərdə iştirakıdır. Digəri isə bələdiyyələrə və parlamentə seçdikləri insanların vasitəsi ilə iştirakçılıqdan ibarətdir. Təəssüflər olsun ki, Azərbaycanda 25 ildir ki, iqtidarda olan hökumətin yanlış siyasəti nəticəsində vətəndaşların siyasətdə geniş iştirakçılığının hər ikisinə ciddi məhdudiyyətlər yaradılmışdır və getdikcə də vəziyyət daha dözülməz olur. Vətəndaşların siyasi mənsubiyyətinə görə təqib olunması, siyasi partiyaların fəaliyyətinə yaradılan süni maneələr, demokratik prinsipin əsasını təşkil edən siyasi hüququ sərbəst şəkildə ifadə etməyə imkan vermir. Həmçinin, bələdiyyə və parlamentə xalqın öz təmsilçilərini azad seçmək imkanı da əlindən alınıb. Hətta, ən sadə vətəndaş belə söhbətlərində seçki hüququnu sərbəst şəkildə həyata keçirmək imkanından məhrum olduğunu etiraf edir və seçkilərə inanmadıqlarını bildirirlər. Hakimiyyət bu siyasəti davam etdirməklə öz iqtidarının ömrünü uzatsa da, dövlətin gələcək inkişafına ağır zərbə vurur”.

Müsahibimiz düşünür ki, Azərbaycan hakimiyyəti tənqidi fikirlərdən hələ ki nəticə çıxartmır: “Bütün beynəlxalq hesabatlarda Azərbaycanda məhkəmələrin ali icra hakimiyyətindən asılılığı, ifadə, söz, mətbuat və siyasi azadlıqların olmadığı və ya çox məhdud olduğu qeyd edilib. Əhalinin asan çatacağı heç bir kütləvi informasiya vasitəsi olmadığı üçün, bizim ölkəmizdə sosial şəbəkələr ifadə azadlığının təmin olunması istiqamətində köməkçi deyil, əsas vasitədir. Düşünürəm ki, sosial şəbəkələr bu gün insanların özünü ifadə etdiyi əsas müstəvidir. Məncə, hökumət məhdudiyyətlərlə deyil, tənzimləmələrlə sosial şəbəkələrin rolunun artırılmasına imkan yaratmalıdır. Çünki, sosial şəbəkələrdə məsuliyyətsiz fikirlər və başqalarını təhqir etmək üçün istifadəsi asan olan bu meydan cəmiyyətə yaxşı heç nə verə bilməz. Cəzasız qalacağına əmin olan insanlar əslində bu meydanda öz aqressiyalarını göstərirlər. Hər kəs qəbul edir ki, sosial şəbəkələr antidemokratik cəmiyyətlərin demokratikləşməsinə, idarəetmədə şəffaflığa, insan hüquq və azadlığının qorunmasına kömək edib və bu proses davam edir.

Bu imkandan cəmiyyətin maariflənməsi, problemlərin ictimailəşməsi və vətəndaşların özünü ifadəsi üçün istifadə edilməsinə çalışmaq lazımdır. İfadə azadlığını məhdudlaşdıran, onu özü üçün təhlükə görən rejimlər, sosial şəbəkələrdə rastlaşdığımız təhqirlərə istinad edərək, şərəf və ləyaqətin alçaldılmasını bəhanə gətirərək öz radikal addımlarına haqq qazandırmağa çalışırlar. Məncə, ifadə azadlığına ehtiyacı olan tərəflər sosial şəbəkələrdə daha diqqətli olmalı, heç kəsi təhqir etməməli və azadlıqlara qarşı dözümsüz olan hökumətə bəhanə verməməlidirlər. Lakin hakimiyyət də öz növbəsində daha ciddi, etibarlı, fikir azadlığının ifadə olunduğu müstəvilər yaratmalıdır ki, sosial şəbəkələrdəki məsuliyyətsiz fikirlər insanları çaşdırmasın. Buna misal olaraq müstəqil və azad mətbuatın formalaşmasını görə bilərik”.

Oxunuş sayı 1922 dəfə
Şərh vermək üçün giriş edin
Top