Bazar ertəsi, 15 Yanvar 2018 21:00

Ziddiyyətli göstəriş - İsa Qəmbəri aşağılamaq, yoxsa səmimi dövlət qayğısı?

Prezident İlham Əliyev sabiq spiker İsa Qəmbərin həm ölkə daxilində, lazım gələrsə ölkə xaricində müalicə və əməliyyat olunması üçün bütün zəruri addımların atılması barədə müvafiq göstəriş verib. İ.Əliyevin göstərişini Siyavuş Novruzov mətbuata açıqlama verməklə bərabər, keçmiş baş nazir Pənah Hüseynə telefon açmaqla da çatdırıb.

Bu addım bir az təəccüblü və şübhəli görünsə də, normal qiymətləndirmək olar. Çünki, həm insanlıq baxımından, həm də dövlətçilik təcrübəsinə görə belə davranışlar təqdirəlayiqdir.

Mən də təqdir edirəm. Və hətta belə addımların daha öncədən atılmasını istərdim. Lakin İlham Əliyev dövründə dövlət adından müxalif düşüncə sahiblərinə qarşı nəinki xoşməramlı addım atılmayıb, əksinə işıq düşən bütün dır-deşiyi slikonla bağlayıblar. Buna görə, ağacda iki sərçə olmasa ... daş atmaz məsəli, yada düşür və lazımın gəlməyini gözləyən “göstəriş”in hansı məqdəslərlə verildiyi adamı düşündürür. Bunu da boş verirəm, hər halda göstəriş var. Ümid edirəm ki, rejimin ətəyi cırılıb, bir-iki daş düşüb.

Müsavat Partiyası da, cırığ ətəydən tökülən daşların səsini duyar duymaz, məlum göstərişi qürurdolu açıqlama ilə cavablandırdı. Bu da, mətbuatda var.

Ona görə qürurdolu ifadəsini işlətdim ki, dövlət adından təklif olunan yardımda İsa Qəmbərə qarşı bir az aşağılayıcı mövqe görünür.    

 S.Novruzovun açıqlaması belədir: “... Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu ölkə vətəndaşlarının müalicəsi, həmçinin, xaricdə müalicəsinə ehtiyac olan zaman müvafiq dəstəyin göstərilməsi ilə bağlı addımlar atır. Kimliyindən asılı olmayaraq, müraciət edən bütün Azərbaycan vətəndaşlarına – istər incəsənətdə, istər siyasətdə, istər digər sahələrdə çalışan şəxslər olsun – müvafiq dəstək göstərilir. İsa Qəmbər də Azərbaycan vətəndaşıdır. Onun müalicəsinə dəstək verilməsinə ehtiyac olacaqsa, dövlət bu sahədə hər cür dəstək verəcək”.

Bu açıqlama prezidentin göstərişi kimi təqdim olunsa da, daha çox İsa Qəmbərin, müalicə olunması üçün kiməsə yalvarmağa məcbur edilən çarəsiz vətandaşlarla bir cərgədə tutulduğu anlaşılır. Açıqlamadan başa düşülür ki, İsa Qəmbər incəsənət adamları və sair kimi Heydər Əliyev Fonduna məktub yazsa, Fond da onun müraciətini nəzərə alar. Hə, bax onu bilmirəm ki, Novruzov telefonda Pənah Hüseynə nə deyib, “göstəriş”in qarşılığında nə istəyib və sair.

Elə anlaşılmasın ki, mən insanlar arasında bölücülük aparıram və kimlərəsə xüsusi imtiyaz verilməsinin tərəfindəyəm. Hesab edirəm ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, hər bir vətəndaş arxasında dövlətinin qayğısını hiss etməlidir. Rejim isə dövlət qayğısını şəxsi maraqlarına peşkəş edib. İsa bəy ölkənin siyasi tarixində adını qeyd etdirən, sabiq spiker və siyasi xadimdir, strategiyasından asılı olmayaraq. Əgər rejim belə bir şəxsin xəstələnməsindən sui-istifadə edərək, dövlət qayğısını yalvarış dolu müraciətlə şərtləndirirsə, sıravi vətəndaşların halını təsəvvür etmək çətin olmur. Vətəndaşların vəziyyəti dəhşət saçır. Rejim başbilənlərində bir az vicdan olsa, səfil gününə salınmış millətin xəstəxana dəhlizlərini bürüyən ah-nalələrində boğularlar.

Allah tezliklə İsa Qəmbərə şəfa versin! 

maxresdefault 1

 

 

 

 

 

 

 

Cavid Cabbarlı

İlahiyyatçı, jurnalist

Oxunuş sayı 1339 dəfə
Şərh vermək üçün giriş edin
Top