Şənbə, 09 İyun 2018 22:00

Kim(lər) ağlaya bilmir?!.

Əsas məqsədə keçməzdən öncə bir əhvalatı xatırlatmaq istərdim. Cəmiyyətdə tanınan və müəyyən səbəblərdən adını çəkmədiyim biri uzun illərdir ki, yaşayışını mətbuatda şər-böhtan yazmaqla əldə etdiyi vəsait hesabına qurub. Həmin bəndənin şərəfsizcəsinə qaraladığı şəxslərdən biri də, sözün həqiqi mənasında, Azərbaycan aydınlarından, tariximizin namuslu araşdırıcılarından biri olub... Elmdə böyük nüfuz qazanan o alim deyir ki, bir gün Sabir bağının qarşısındakı kitab dükanında şər-böhtançı ilə rastlaşdım, ona dedim ki, bu nə yaramazlıqdı edirsən, bir az çəkinsə də, kişi kimi etiraf etdi ki, a bəy, çörək pulum bu yazılardan çıxır. Dedim, onda halal edirəm, ancaq böhtan atıb təhqir etmə, bir az tərbiyəli yaz...
Sözün doğrusu, Milli Məclisin deputatı Fazil Mustafanın da “çörək pulunu” o yolla əldə etdiyini deyə bilmərəm. Amma bu torpağın suyunu içən, havasını udan, “deputat” adını daşıyan şəxsinin xalqının inancını belə aşağılamasını, adət-ənənəsinə yuxarıdan aşağı baxmasını heç cür anlaya bilmirəm, necə deyərlər, hansı dinə, məzhəbə qulluq etdiyini başa düşməkdə çətinlik çəkirəm.
Bunları elə-belə, sözgəlişi demirəm. Deputatın sosial şəbəkədə şiələrin əzadarlığı ilə bağlı yazdığı fikirlərlə tanışlıqdan sonra bu suallarla üzləşmişəm. Onun Seyid Taleh adlı mərsiyəxanın videosunu paylaşması və orada ilahiyyatçı Hacı Şahin Həsənlinin ağlamasına irad bildirərək, bu hərəkətin İslam dini ilə heç bir əlaqəsinin olmadığını, hətta “Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər. Təkcə elmdə, texnologiyada, fəlsəfədə, təhsildə, səhiyyədə geridə deyilik, din əxlaqında da quyunun dibindəyik. Bu davranışı Quranla uzlaşdırın görün, bir əlaqə tapacaqsınızmı?”,- xitabı ilə inanclı insanları ələ salması, əzadarlıqla bağlı ayini gerilik adlandırması məndə Fazil Mustafanın hansı qütbdənsə bu yolla “çörək pulu” alması qənaəti doğurur.
Axı mərsiyə yazmaq, mərsiyyəxanlıq etmək nə vaxtdan gerizəkalılıq sayılıb? Belə çıxmırmı ki, başda dahi Füzuli olmaqla mərsiyə janrına müraciət edən əksər klassiklərimiz gerizəkalıdırlar.
Bəs insanın duyğusal səbəblərlə bağlı ağlaması, kədərlənməsi, bununla da daxili bir rahatlıq tapması nə vaxtdan günah sayılıb, Fazil Mustafa?!.
Ağlamaq, konkret desəm, İmam Hüseynə (ə) ağlamaq – kədərin, qəmin göz yaşları ilə ifadəsidir. İmam Hüseynə (ə) ağlamaqla isə məlum müsibətin əzabını yaşamaqla bərabər, onun kədərini, qəmini və acısını hiss etməkdir.
Və təbii ki, bu kədəri, bu qəmi duymadan, onun böyüklüyünü, ağırlığını, dəhşətini hiss etmədən də ağlamaq mümkün deyil.
Bir məsələni də xatırlatmaq istərdim. Ağlamaq kimi duyğusal bir hal hədislərdə də kifayət qədər yer alıb. Məsələn, Əhli-beyt (ə) üçün ağlamaq, xüsusilə də İmam Hüseyn (ə) üçün ağlamaq insanın dərəcəsini qaldırar,-deyiblər. Onu da bildiriblər ki, təkcə bu göz yaşı İmamın (ə) imtiyazını artırmaz. Çünki onlar hər cəhətdən kamildirlər və hətta şəhadət belə, onlar üçün imtiyaz sayılmır. Çünki kamil insanın imtiyaza ehtiyacı yoxdur.
Ağlamaqdan söz düşmüşkən:
İmam Sadiq (ə) buyurur ki, bəndənin Allah-Təalaya ən yaxın halı o haldır ki, səcdədə ağlayar.
İmam Baqir (ə) buyurur ki, Allah-Təala yanında gecənin qaranlığında Allah qorxusuna görə tökülən göz yaşından daha sevimlisi yoxdur.
...Və bayaq dediyim kimi, hər adam da ağlaya bilmir.
Ürəyi kin-küdurətli adam, haram tikə yeyən adam, “çörək pulunu” haramlıqla qazanan adam göz yaşından məhrum olur.
Ürəyi kin-küdurətli adamın, həm də Allahın cəzalandırılması səbəbindən günahları yuyulmur, paklana bilmir.
Ürəyi kin-küdurətli adam İmam Hüseynə (ə) də ağlaya bilmir.
Bundan ağır cəza nə ola bilər?!.
Son: Əslində dünyadan köçən müqəddəslərin heç birinin bizim ağlamağımıza ehtiyacı yoxdur. Sadəcə ağlamaqla, kədərimizi göz yaşı ilə ifadə etməklə günahlarımız yuyulur.
İmkan verin əzadarların göz yaşı ilə sizli-bizli hamımız təmizlənək.
Bəlkə ötən əsrin 90-cı illərindən bu yana (hələ ondan əvvəlləri demirəm) bilərəkdən və bilməyərəkdən yol verdiyimiz günahlardan təmizlənə bilərik.

Nazim YAQUBOV

Oxunuş sayı 2977 dəfə
Şərh vermək üçün giriş edin
Top