Çərşənbə, 31 Oktyabr 2018 09:21

“Ya çörəyimiz olmur ya kartofumuz“ – 7 yaşlı uşaqdan ürəkparçalayan məktub

7 yaşlı Cavad Əmiraslanov İlham Əliyevə məktub yazıb. Xeber.İnfo-nun elektron poçtuna gələn məktubu olduğu kimi təqdim edirik:
“Salam İlham əmi. Sənə atamdan və anamdan şikayət etmək istəyirəm. Mənim 7 yaşım var. Məktəbə getmirəm. Dostlarım dərsə gedən günü atam 3 gün evə gəlmədi. Anam dedi ki, işləməyə gedib. Mən də gözlədim ki, atam mənim üçün qələm, dəftər alacaq, dərsə gedəcəm. Yeni paltar istəmirdim. Dostlarım da köhnə paltarlarla getdilər. Atam mənə qələm almamışdı. Anam dedi ki, işdən pulu hələ almayıb. İki gün qonşumuzla məktəbə getdim, dayım oğlunun yay ayaqqabısını geyinirdim. Hava soyuqdu ayaqlarım üşüdü, anam dedi ki, xəstələnərsən. atam hər gün işə gedir, qayıdandan sonra anamla nəsə danışırlar anam ona deyir ki, dözək yaxşı olacaq. Keçən dəfə atam deyirdi özümü asacam. Anam da atamı qucaqlayıb ağlayırdı, deyirdi bəs Cavadla məni kimə tapşırırsan? Atam da ağladı. Mən atamın ölməsini istəmirəm. Dostuma dedim daha məktəbə getməyəcəm. mən məktəbə getsəm atam özünü asacaq. Atasız qalmaq istəmirəm. daha dostum məktəbə gedək demir.
İlham əmi dükanın qabağından keçib anamla əmimgilə gedirdik. Anam dükanın qabağından əlimidən tutub məni sürəyəsürüyə apardı. Dükanın pəncərəsindən rəngli şeylər görünürdü.
İlham əmi anam gəlinbacımla danışanda eşitdim deyirdi İlham iş yeri açsa heç olmasa 20 qəpiklik baqquş alardıq. Uşağı dükanın qabağından tumanımın arxasında keçirirəm nəsə istəməsin. Mən baquş istəmirəm kartofu qaynadıb çərəklə yemək istəyirəm. Ama ya kartofumuz olmur ya çörəyimiz“.

Oxunuş sayı 780 dəfə
Şərh vermək üçün giriş edin
Top