Şənbə, 05 Yanvar 2019 01:54

Mehman Hüseynov: “Mübarizə qurban tələb edir, mən buna hazıram”

Vəkil 10-cu gündür aclıq edən blogerlə görüşüb

"Mehman Hüseynov aclığı davam etdirir. Onun orqanizmi çox zəifdir. Həm qardaşının, həm də həkimin təqibi ilə son günlər az-az su içməyə başlayıb. Bu səbəbdən səhhəti əvvəlki günlərlə müqayisədə nisbətən yaxşıdır. Amma qida qəbul etmir ”.
 Bu barədə Amerikanın Səsinə müsahibəsində bu gün, yanvarın 4-də 1 saylı Bakı İstintaq Təcridxanasında 10-cu gündür aclıq edən bloger Mehman Hüseynovla görüşündən sonra vəkil Şəhla Hümbətova bildirib.
 Vəkilin sözlərinə görə, dekabrın 30-da blogerin səhhəti kəskin pisləşib.
 "Dekabrın 30-da o huşunu itirib. Təcridxanaya tibbi yardım çağırılıb, həkimlər gəlib. Həkimlər onu müayinə edib, bildiriblər ki, Hüseynovun ayaq damarlarında problemlər var, təcili əməliyyat olunmalıdır. Damarları şişib, partamalar var. İndi həkim nəzarətindədir. Hər gün həkim yoxlayır. Çox zəifdir.”
 Hümbətovanın sözlərinə görə, bloger aclığı dayandırmayacağını bildirib.
 "O dedi ki, aclığı davam etdirəcək. Bu onun mübarizəsidir. Mehman bildirdi ki, ittiham böhtandır, haqsızlıq aradan qaldırılana qədər aclığı davam etdirəcək. Haqsızlıq aradan qaldırılmasa aclığı ölənəcən davam etdirəcəyini dedi. Mehman dedi ki, haqsızlığa qarşı mübarizə qurban tələb edir, belə başa düşür ki, bu halların qarşısını almaq üçün qurban onun həyatı olmalıdır. Ona görə o, artıq, öz həyatından keçməyə hazırdır.”
 Vəkilin sözlərinə görə, Mehman Hüseynov dekabrın 28-də ölkə prezidentinə, birinci vitse-prezidentə, baş prokurora, ombudsmana məlumat xarakterli müraciətlər edib.
 Mehman Hüseynov dedi ki, aclığı davam etdirəcək. Bu onun mübarizəsidir.
 "Müraciətlərdə yazıb ki, ona böhtan atlılır, haqsızlığın qarşısı alınmasa quru aclığa başlayır. Bunun məsuliyyəti onların üzərində qalır. Lakin bu günədədk Mehmanın müraciətlərinə cavab verilməyib. Ombudsman da ona baş çəkməyib. Yalnız onu təcridxana rəhbərliyi nəzarətə götürüb. Həkim ayrılıb, nəzarətdə saxlayır.”
 Vəkil blogeri belə zəif durumda görməyin çox ağır olduğunu deyib.
 "O çox zəifdir. Uzun müddət ac və sussuz qalması nəticəsində mədə-bağırsaq sisiemi pozulub. Onun orqanizmində də ciddi dəyişikliklər baş verib. Suyu qurtum-qurtum içəndə belə ağrılara səbəb olur”.
 Hümbətova ədalətin gec-tez qələbə çalacağına inanır.
 Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.
 Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
 Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
 Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.
 Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.
 Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.
Oxunuş sayı 1326 dəfə
Şərh vermək üçün giriş edin
Top