Çərşənbə, 22 Aprel 2020 12:16

İslamçılar Ombudsmana məktub göndərdilər

Azərbaycan İslam Partiyasının sədri İlham Əliyevin hüquqlarını müdafiə komitəsi Ombudsmana açıq məktub ünvanlayıblar. Xeberinfo.de həmin məktubu təqdim edir:

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya açıq məktub

Hörmətli Müvəkkil Səbinə Xanım!

Üzərinizə götürdüyünüz çətin və çox məsuliyyətli vəzifənin öhdəsindən gəlməyiniz üçün, şübhəsiz ki, ictimaiyyətin dəstəyinə böyük ehtiyac olduğunu başa düşürük. Bizə və Sizə yaxşı bəllidir ki, cəmiyyətimizin davamlı, nizamlı və inamlı inkişafı üçün qanunların aliliyi, ölkədə insan haqlarının qorunması mühüm şərtdir. Çünki hər bir ölkədə insan haqlarının qorunması təkcə həmin cəmiyyətin birliyinin, gələcəyə inamının qazanılması, dövlətçiliyin möhkəmləndirilməsi üçün deyil, beynəlxalq aləmdə həmin xalqın strateji maraqlarının müdafiəsi, xalqın mənəvi tutumunu, düzgün idarə olunmasını, plüralist düşüncə tərzini göstərmək üçün də vacibdir. Təəssüflər olsun ki, ölkəmizdə bir çox hallarda bütün bunlara kimlərinsə primitiv maraq dairəsindən, ambisioz münasibətləri çərçivəsindən yanaşılır və cəmiyyət üçün çox vacib elementlər dəyərdən salınır. Nümunə olaraq deyə bilərik ki, dindarlara qarşı münasibətdə belə nöqsanlara hələ də yol verilir. Belə ki, Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev fevral ayının 26-da Xocalı soyqırımı abidəsini ziyarətdən sonra yaşadığı Binə qəsəbəsindəki mənzilindən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən götürülərək, partiyanın ofisinə aparılmışdır. Ofisdə həyata keçirilən axtarışdan sonra o, azad buraxılmışdır. Fevral ayının 29-da Hacı İlham Əliyev yenidən DTX əməkdaşları tərəfindən aparılaraq saxlanmış və ona qarşı “Vətənə xəyanət” ittihamı elan olunmuşdur. Mart ayının 2-də Hacı İlham Əliyevə qarşı Səbayıl Rayon Məhkəməsi tərəfindən dörd aylıq həbs qətimkan tədbiri seçilmişdir. Hacı İlham Əliyev Ali ruhani təhsili almış İslam alimidir. Mənəvi zənginliyi, vətənpərvərliyi, yüksək əxlaqi keyfiyyətləri onun cəmiyyətdə və müsəlman aləmində dəyərli insan kimi tanınmasına, adının həmişə hörmətlə çəkilməsinə səbəb olmuşdur. Hacı İlham Əliyev siyasi fəaliyyətə Azərbaycan İslam Partiyasında başlamış, hazırda qurumun sədr əvəzi vəzifəsini icra edir. Tanıdığımız qədərincə Hacı İlham Əliyev siyasi fəaliyyətində, ictyimai-siyasi proseslərdə iştirakında, cəmiyyətlə təmasında və ünsiyyətində, çıxış və düşüncələrində dövlətə qarşı hər hansı bir təxribatçı addım atmamış, fikir, mülahizə irəli sürməmiş, qanunsuzluğun tərəfdarı və ya təhrikçisi olmamışdır. O, insanlara daim Vətəni sevmək, qorumaq, uğrunda canından keçmək kimi İlahi təqdiratları təlqin etmişdir. Bütün bunlara rəğmən biz bir daha bəyan edirik ki, AİP sədr əvəzi, İslam alimi Hacı İlham Əliyevin saxlanması və həbsi sağlam məntiqə sığmır. Onun kimi əxlaq sahibini vətənə xəyanətdə günahlandırmaq ağlasığmaz akt kimi qiymətləndirilməlidir. Hesab edirik ki, Hacı İlham Əliyevə qarşı irəli sürülən ittiham cəmiyyətə mənəvi zərbə, Azərbaycanın beynməlxalq aləmdə imicinə zərər vuran addım, eyni zamanda ölkəmizdə İslamofobiyanın təzahür formasıdır.

Hörmətli Səbinə Xanım!

Biz Hacı İlham Əliyevin Hüquqlarının İctimai Müdafiə Komitəsinin üzvləri hesab edirik ki, ona qarşı irəli sürülən “Vətənə xəyanət” ittihamı ədalətsiz, qeyri-adekvat və saxta bir addımdır. İnanmaq istəyirik ki, siz reallığı obyektiv şəkildə araşdıracaq, Hacı İlham Əliyevin hüqiqlarının pozulması hallarına diqqətlə yanaşacaq, haqqında ədalətli qərarın qəbul edilməsindən ötrü əlinizdən gələni əsirgəməyəcəksiniz. Məlumat üçün bildirək ki, Hacı İlham Əliyev hazırda DTX-nın təcridxanasında saxlanılır. O, son zamanlarda ağır açıq ürək əməliyyatı keçirmişdir. İki məktəbli övladı vardır. Onun ev şəraitində istintaq olunmasına köməyiniz əminik ki, humanizm baxımından da cəmiyyətdə təqdirəlayiq hal kimi qiymətləndiriləcək.

Hörmətlə: AİP sədr əvəzi Hacı İlham Əliyevin Hüquqlarının İctimai Müdafiə Komitəsi və qurumun çoxminli üzvləri adından Komitənin sədri Akif Heydərli".

Oxunuş sayı 1301 dəfə
Şərh vermək üçün giriş edin
Top