Bazar, 17 Aprel 2016 22:00

4 saylı internatda maliyyə maxinasiyaları

Direktor Vəfa Seyidova müəllimə, tərbiyəçi və xadimələri işə hansı «şərtlər» əsasında qəbul edir? 

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlara dövlət qayğısı ildən-ilə artmaqdadır. Belə ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulan internat məktəbləri əsaslı şəkildə təmir olunur, müasir avadanlıqlarla təchiz edilir və onların burda rahat yaşamaları üçün hər cür şərait yaradılır. Üzülərək qeyd etmək istəyirik ki, bəzi internat məktəblərində cərəyan edən xoşagəlməz hadisələr ciddi problemlərin meydana çıxmasına rəvac verir. Xəzər rayonunda yerləşən 4 saylı Respublika Xüsusi İnternat məktəbində də acınacaqlı durum yaşanmaqdadır. 

AzFakt.com-a xəbər verir ki, gundelik-bakı.com-a daxil olan məlumatlara görə, direktor Vəfa Seyidova qanunları ayaq altına ataraq öz bildiyi kimi işləyir. Bu barədə az sonra geniş bəhs edəcəyik. Xatırladaq ki, bir neçə ay əvvəl vətəndaş Gülnar Ələsgərova Mətbuata müraciət edərək direktordan şikayətini dilə gətirmişdi: «2012-ci ilin oktyabrında internat məktəbinə işə düzəlmək üçün Vəfa Seyidovaya 5000 manat pul verdim. Direktor dedi ki, əvvəlcə tərbiyəçi kimi işlə, bir müddət sonra səni sinif müəllimi keçirdəcəm. Mən də buna razı oldum. Tərbiyəçi kimi 290 manata yaxın maaş alırdım. Üstündən 3 il keçəndən sonra direktora dedim ki, üç azyaşlı uşağa baxıram, aldığım əməkhaqqı xərclərimi ödəmir, söz verdiyiniz kimi məni artıq sinif müəllimi keçirdin. Direktor heç bir halda pulumu qaytarmayacağını və müəllim kimi işə düzəltməyəcəyini dedi. "Verdiyin pulu da çıxartmısan. İndi nə pul, nə də iş var. Sən mənə bata bilməzsən”-deyə cavab verdi. Direktor aidiyyəti qurumlara müraciət etdiyim üçün məktəbdə 10 nəfərin iştirakı ilə xüsusi iclas çağırtdıraraq məni də dəvət etdi. İclasda ən ağır sözlərlə əxlaqımı təhqir etdi. Ona verdiyim pulu mübahisələndirməyimin səbəbini soruşdu. 

 Halbuki, şikayətimdə ilk növbədə əməkhaqqımın 290 manatdan 240 manata salınmasına etiraz etmişdim. Çünki müəllimlərin maaşı artdığı halda, mənimkini 50 manat azaltmışdılar. Eyni vəziyyət 5-6 tərbiyəçiyə də şamil olunmuşdu. Şikayət etməyim onu necə özündən çıxartmışdısa, üstümə cumdu, boğazımdan tutdu və mən arxası üstə stula yıxıldım. Tərbiyəçilər direktoru tutdular ki, mübahisə yaranmasın. O, mənim üstümə gəlsəydi, yəqin ki, özümü müdafiə edərdim. Ancaq mənə xəsarət yetirən o oldu, bununla bağlı əlimdə ekspertiza rəyi də var». Qeyd edək ki, 4 saylı internatın direktoru işçisinin bu ittihamlarına cavab olaraq özünümüdafiə açıqlaması verdi. Təəssüflər olsun ki, Gülnar xanımın göstərdiyi faktların heç biri araşdırılmadı. Cəzasızlığın nəticəsidir ki, bu gün Vəfa Seyidova 4 saylı internat məktəbində özbaşına işlərlə məşğul olur. Etibarlı mənbənin bildirdiyinə əsasən direktor bura ayrılan yardımları, o cümlədən büdcə vəsaitlərini şəxsi əmlakı kimi istifadə edir: «İnternatda təhsil alan uşaqlara dövlət qayğısı yüksəkdir, amma direktorun diqqəti çox aşağıdır. O hər vasitə ilə internata dövlətin və imkanlı iş adamlarının ayırdığı vəsaitləri, ərzaq yardımlarını mənimsəməyə çalışır. 4 saylı internat məktəbi sanki Vəfa xanımın özəl mülküdür. Direktor işə qəbulu da özünəxas «qaydalar» əsasında aparır. Kim onun «şərtləri» ilə razılaşırsa, müəllimə, tərbiyəçi, xadimə vəzifəsinə düzələ bilir». Vəfa Seyidovanın törətdiyi qanuna zidd işlərin sənədləri və «ölü can»ların siyahısı da redaksiyamıza təqdim olunub. Yaxın günlərdə bu internatda baş verən qandondurucu hadisələrlə bağlı araşdırma yazısı yayımlayacağıq. Bizi izləməyə davam edin. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Oxunuş sayı 1329 dəfə
Şərh vermək üçün giriş edin
Top