Çərşənbə, 20 Aprel 2016 22:00

Deputatlar kəndlilərdən DANIŞDILAR: “Nərd, domino oynayanlar ac qalacaq”

Bu gün Azərbaycan kəndlisinin gün-güzəranını yaxşılaşdırmaq istiqamətində müəyyən addımlar atılır.

Dövlət və hökumət tərəfindən kənd təsərrüfatı sahəsinə hər il müxtəlif mələğlərdə subsidiyalar ayrılır. Amma bütün bunlara baxmayaraq, digər sahələrdə olduğu kimi, aqrar sektorda da problemlərin aradan qalxmasına hələ uzun müddət lazımdır.

Müasir dövrümüzdə Azərbaycan kəndlisinin ümumi vəziyyəti necədir? Yəni bu gün Azərbaycan kəndlisi əkib-becərmək istəmir, yoxsa buna şəraiti yoxdur?

Azərbaycan kəndlisinin bugünkü vəziyyəti ilə bağlı bir neçə deputatın fikirlərini öyrəndik.

Deputat Fəzail İbrahimli kəndlinin vəziyyətinin onun çevik, zirək və əməksevər olmasından asılı olduğunu düşünür:

“Bir az təpərli, zirək, çevik və əməksevər insanlar istənilən quruluşda və sistemdə hər zaman normal yaşamağı bacarıb. Almaniyada da, Fransada da belədir, Azərbaycanda da həmçinin. Mən şəhərdə yaşayıb, kənddən yazan şairlər kimi danışmıram.
Böyüdüyüm kənddə ayrı-yarı tayfalar və onların nümayəndələri var idi, həkimlər, müəllimlər... Hansılar daha çox zəhməti sevirdisə, onlar da daha yaxşı yaşaya bilirdilər. Kəndə elə adamlar var ki, ağacı var, amma meyvəsi yoxdur. Deməli günahkar özüdür...

Meyvə yetişən vaxtı həmin insanlar kənd yerində qonşulara üz tutur. Adam da var ki, səhərdən axşama qədər qarışqa kimi əziyyət çəkir və uğurlu həyat da yaşayır. İndi də belədir. Əvvəllər də belə olub. Subsidiyalar az-çox ayrılır, kəndliyə kömək edilir.

Kəndlini ələbaxımlı öyrətmək olmaz. Kəndli özü də əziyyət çəkməlidir. Kolxozlar və sovxozlar dağılanda, 90-cı illərin əvvəllərində kəndli bir az əziyyət çəkdi, maneələr yarandı. Amma indi vəziyyət düzəlib. Deməzdim ki, super həyat yaşayırlar. Amma indi 2 inək saxlayan adam ailəsini rahat süd və pendirlə, yağla təmin edir”.

Millət vəkili Əli Məsimli hesab edir ki, bu gün torpaqlar çox xırdalandığına, əmək məhsuldarlığı az olduğuna görə kəndli istənilən gəliri əldə edə bilmir:

“Azərbaycanda kənd təsərrüfatında əmək məhsuldarlığı arzu olunan səviyyədə olmadığına, islahatlar zamanı torpaqlar lazım olandan daha çox xırdalandığına görə, kəndlinin əldə etdiyi məhsulu bilavasitə bazara çıxarıb, əlavə gəlir götürməsinə imkan vermir. Buna görə də kənd təsərrüfatında əsaslı islahatları dərinləşdirmək lazımdır ki, kənd əməkçilərinin güzəranı yaxşılaşsın. Kənd təsərrüfatı torpaq vergisini çıxmaq şərti ilə vergidən azad olunub.

1 milyard manatdan çox subsidiya verilib. Amma torpaqların xeyli hissəsi erroziya və deformasiyaya uğrayıb, xeyli şorlaşma var.

Kənd təsərrüfatından bu gün çox yaxşı gəlir əldə etməyə böyük potensial var. Bu sahəyə ayrılan pullar, subsidiyalar birbaşa təyinatı üzrə xərclənsə, sui-istifadə hallarına sonra qoyulsa, 5-6 ildən sonra Azərbaycan 10-12 məhsul üzrə çox yüksək nəticələr əldə edə bilər.

Nəticədə isə hər il orta hesabla 8 faiz iqtisadi artım tempi yaranmış olar. Əhalisi 10 milyona çatan əhalini yedizdirməyə və xaricə də satmağa imkan verə bilər”.

Deputat Tahir Rzayev də Azərbaycan kəndlisinin dolanışığının, sosial rifahının yalnız özündən asılı olduğunu fikirləşir:

“Bu gün Azərbaycan kəndlisinin vəziyyəti, sosial rifahı onun özündən asılıdır. Əgər kəndli torpağa bağlıdırsa və əkib-becərirsə, deməli o yaxşı yaşayır. Əgər elə-belə, ortada havayı gəzirsə, o dolana bilməyəcək. Mən demək olar ki, çox vaxt rayonda oluram, kəndləri gəzirik. Adamlar var ki, əməlli başlı əziyyət çəkir, torpağı əkib-becərir. Elə insanlar da var ki, kəndin girəcəyində oturub gecə-gündüz nərd, domino oynayır.

Sual verirsən ki, niyə axı torpağı əkib becərmirsən? Min cür yersiz bəhanələr gətirirlər ki, su gətirə bilmir, bacarmır...

Amma əslində onların böyük əksəriyyəti yer də əkər, mal-heyvan da saxlaya bilər. Amma etmirlər, etmək istəmirlər...

Kəndli ona görə görə kənlidir ki, o kənddə olmalıdır, orada mal-qara , toyuq-cücə saxlamalıdır, arada işləməlidir. Bu gün şəhərin özündə hətta elə ailələr var ki, toyuq-cücə, mal-qara saxlayır. Kim yaxşı yaşamaq istəyirsə, o adamlar əziyyət çəkir”.

Deputat İlham Məmmədov deyib ki, devalvasiyadan sonra Azərbaycanda insanlarda kəndə, torpağa qayıdış baş verdi:

“Elə regionlar var ki, orada torpağa sevgi və bağlılıq digər bölgələrdən da çoxdur. Yəni ənənəvi əkin-biçin üzrə məşğul olmaq üzrə peşəkardırlar. 

Amma bu gün elə yerlər də var ki, oralarda torpaqla məşğul olmaq fəaliyyəti artıq unudulub. Məsələn, Bərdə Ağcabədi, Beyləqan rayonlarında əsasən xırda buynuzlu heyvandarlıq inkişaf edib. Yəni oradakı əhalinin gəliri bu cür formalaşır.

Devalvasiyadan sonra bir daha kəndə və torpağa bağlı olmaq zərurəti yarandı. Azərbaycan əhalisinin 60 faizindən çoxu bu gün torpağa bağlı olan insanlardır. Artıq kəndə qayıdış proseslərini yaşamaqdayıq”. (modern.az)

Oxunuş sayı 1029 dəfə
Şərh vermək üçün giriş edin
Top