Çərşənbə, 20 Aprel 2016 22:00

Hüseynqulu Bağırov istefaya göndərilir; yaxın günlərdə yeni nazirin adı açıqlanacaq

Bildiyiniz kimi, ötən ilin sonlarından etibarən ölkədə ciddi kadr islahatlarına start verilib. Bir neçə nazirin, eləcə də digər səlahiyyət sahiblərinin işdən uzaqlaşdırılması bunun bariz sübutu kimi qiymətləndirilməlidir. Əldə etdiyimiz bilgilərə görə, kadr islahatlarının növbəti mərhələsində Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov da istefaya göndəriləcək. Bununla bağlı redaksiyamızı məlumatlandıran mənbə qeyd edir ki, artıq iqtidar 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər naziri postunda təmsil olunan Hüseynqulu Bağırovla yollarını ayırmağı qərarlaşdırıb: “Deyilənlərə görə, 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyən, 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edən, 2000-2001-ci illərdə Azərbaycan Respublikasının ticarət naziri vəzifəsində çalışan Hüseynqulu Bağırov Ekologiya və Təbii Sərvətlər Nazirliyində yol verilən bir sıra nöqsanlar səbəbindən bu yaxınlarda tutduğu vəzifəsi ilə vidalaşmalı olacaq. Artıq onun barəsində yuxarılara çoxsaylı şikayətlər ünvanlanıb. Və hər bir şikayətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yol verilən nöqsanlar öz əksini tapıb. Bu isə yaxın vaxtlarda Hüseynqulu Bağırovun vəzifəsindən kənarlaşdırılması, postunu itirməsilə nəticələnəcək. Deyilənlərə görə, artıq onun barəsində Prezident Administrasiyasına lazımi məlumatlar çatdırılıb. Beləliklə, tezliklə Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə yeni kadrın təyin olunacağını gözləmək olar”.

Hətta məlumatda o da bildirilir ki, nazir postuna iddialılardan biri keçmiş departament sədri, digəri isə, adı bizə məlum olan müavinlərdəndir. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S. Yaxın günlərdə geniş araşdırma yazısı dərc edəcəyik.(gündəlikbakı)

Oxunuş sayı 1477 dəfə
Şərh vermək üçün giriş edin
Top