Cümə axşamı, 12 May 2016 22:00

Kürdəmir şefinin də “qələmi qırılıb”

Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırılacağı haqda xəbərlər yayılıb. 

Vizual.az xəbər verir ki, icra hakiminin barəsində dosye toplandığı və ölkə rəhbərliyinə təqdim olunduğu bildirilir. C.Cəfərovun MTN işinin növbəti qurbanı olduğu deyilir. 

Artıq uzun müddətdir barəsində təftiş aparılan Kürdəmir icra başçısının "qələmi qırıldığı” iddia olunur. Yaxın zamanlarda postu ilə vidalaşacağı bildirilən C.Cəfərovla bağlı materiallar var.

İcra başçısının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki şəbəkə ilə əlaqələrinin olması təsbt olunub. Bu sənədlərdə keçmiş rabitə naziri Əli Abbasovun müavini ilə icra hakiminin əlaqələrindən bəhs olunub. Eyni zamanda, nazirliyin həbsdəki sabiq aparat rəhbəri Vidadi Zeynalovla Ceyhun Cəfərovun yeznə-qayın olması faktı Kürdəmir rəhbərinin işini cəncələ salıb. 

Çünki vəzifədə olduğu dövrdə aparat rəhbəri nazirin nüfuzundan istifadə edərək C.Cəfərovun icra başçısı təyin olunmasına müvəffəq olub. Hazırda məhkumluq həyatı yaşayan V.Zeynalov və işindən azad edilən eks-nazir Ə.Abbasovun əli C.Cəfərovun çiynindən götürülüb. 

Dayaqlarını itirən icra başçısının adı MTN –RYTN əməliyyatlarında hallanıb. Odur ki, vəzifəsini itirmək təhlükəsi real görsənir. Onun əleyhinə ifadələr də olduğu bildirilir. Qeyd edək ki, MTN əməliyyatından sonra C.Cəfərovla bağlı mətbuatda bir sıra faktlar tirajlanıb. Elə o zamanda xəbər portalları yazırdı ki, Kürdəmir şefi işini itirə bilər. Amma proses müəyyən qədər ləngiyib. 

Bu iddialarla bağlı RİH-nin mövqeyini dərc etməyə hazırıq.

Oxunuş sayı 1080 dəfə
Şərh vermək üçün giriş edin
Top