Bazar, 05 İyul 2015 21:00

"Sovetski"də evlər əhalinin başına uçurulur

 Məmmədəli İsmayılov: “Biz bu gün vəhşiliyin ən bariz nümunəsini "Sovetski"də görürürksə...”

“Hökumətin evyıxma kampaniyası daha irimiqyaslı xarakter alacaq. Bakının ən böyük və tarixi məhəlləsi olan “Sovetski” artıq yoxdu. Ölkənin hər yerində insanların evi uçurulur, mənzil sahibləri küçələrə tökülür. Mülkiyyət hüququ kütləvi şəkildə pozulur”. Bu sözləri Vətəndaş və İnkişaf Partiyasının yanında yaradılmş Bakı Kəndlər İcmasının sədri Məmmədəli İsmayılov deyib.

M.İsmayılovun sözlərinə görə, “Sovetski” sakinlərinin köçürülməsi həm də Bakı qaçqınlarının yaranması deməkdir: ““Sovetski”nin xarici ölkə vətəndaşlarına satılması ilə bağlı məlumatlar gəzir. Bu məsələdə ingilislərlə ərəblərin adları daha çox hallanır. Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə, “Sovetski” sakinləri köçürüləndən sonra ərazidə yeni binalar və başqa tikililər inşa olunacaq. Bu işlər isə 3 məmur arasında bölüşdürülüb. Tikinti mafiyasının başında duran iri ranqlı nazirlər əraziyə göz dikib. Bu ərazinin sakinləri doğulduqları şəhərdə qaçqın günündə yaşamağa məhkum ediliblər. Məmur tərəfindən mülkiyyət hüquqları pozulur. Bu hadisə vətəndaşın dövlətə olan güvənini sarsıdır. Hətta məscidlərin və tarixi abidələrin sökülməsi ilə bağlı məlumatlar alırıq. Məscidlərin sökülməsi dini inanca qarşı çıxmaqla yanaşı, həm də ölkənin tarixini zədələməkdir. Çox yanlış düşüncə formalaşıb. Hakimiyyət sanki hər şeyi, ölkənin bütün sahələrini öz adına yazmağa çalışır. Utanmasalar iddia edərlər ki, dənizi də bu əraziyə YAP gətirib”.

M.İsmayılov hesab edir ki, “Qış bulvarı” məsələsində insanların başına açılan oyunun eynisini “Sovetski”nin əhalisi gözləyir: “Hara baxırsan sökürlər. Məmur-oliqarxlar özlərinin meqa projelərini kasıbın, yetim-yesirin evini başına yıxmaqla həyata keçirir. Hökumət güclə vətəndaşı evindən qovur. Yaxşı bəhanə tapıblar. Deyirlər ki, dövlət layihəsidir. Dövlət vətəndaşın təhlükəsizliyini və əmlak toxunulmazlığını öhdəsinə götürən  birlikdir. Bu iki məsələnin qorunduğu halda dövlət olur. Baxın dünya dövlətlərinə. Heç bir yerdə bizdə olduğu kimi deyil. Bütün halda vətəndaşın razılığı şərtdir. Vətəndaş istədiyi qiyməti deyə bilər. Bunlar isə bazar qiymətindən dəfələrlə aşağı almaq istəyirlər. Bu hal hüquq pozuntusudur. Vətəndaş digər vətəndaşin hüququnu pozmur. Məmur dövlət adından vətəndaşın hüququnu pozur. Bu isə faciədir, dövlətin təməl prinsiplərinin ciddi şəkildə ayaqlar altına atılmasıdır. Belə davam etsə Azədbaycan adlı dövlətın mövcudluğu sual altına düşə bilər. Minlərlə insanın qanı bahasına əldə edilən müstəqil Azərbaycan yarıtmaz hökumətin hərisliyinə qurban gedir. Biz vətəndaş olaraq dövlətimiz üçün hər şeyə hazırıq. Zamanında sübut da eləmişik. Lakin bu məsələ dövlətin boyunu aşıb. Bir qrup oliqarx dövlət adından istifadə edərək, ölkəni şəxsi maraqlarına peşkəş verir”.

M.İsmayılov iddia edir ki, "Sovetski"də evlər əhalinin başına uçurulur: “Kompensasiya ilə razılaşan sakinlərin evləri dərhal uçurulur. Razılaşmayanlara qarşı isə zor tətbiq edilir. Qaz, işıq, su xəttləri kəsilir. İnsanları sürüyə-sürüyə evlərindən çıxardırlar. Dövlət isə olanların qanun çərçivəsində baş verdiyini iddia edir. Biz bu gün vəhşiliyin ən bariz nümunəsini "Sovetski"də görürürksə, sabah digər yerdə müxtəlif formalarda təzahür edəcəyinə şübhəmiz yoxdur”.

Oxunuş sayı 1073 dəfə
Şərh vermək üçün giriş edin
Top