Cümə axşamı, 14 İyul 2016 21:00

Telmansız 40 GÜN

Sənin sağlığına inandığım sonuncu ümidim də öldü

Hələ tam inana bilmirəm. Yoxluğunu diktə edən bircə telefon zənglərinin susmasıdır. Hər dəfə nömrənin sonuna baxıram. Bu xxxxx82 nömrəni görməyincə əzilirəm, mənən sıxılıram. Niyə zəng vurmur, deyə, düşüncələr xəyal səmasına aparır məni.

 Axı hər bayram, mövlud və şəhadət günlərində, adi günlərdə isə ən azı iki gündən bir telefonun ekranını bu nömrə bəzəyirdi: salam qağa, səhhətin necədi? Həkimə getdin? Özünə bax...

 Bu cümlələri bir-birinə calamaqla sanki bütün yorğunluğumu çıxardırdı. Hər dəfə isə bu cümləni xüsusi qeyd edirdi: Qağa, çox istəyirəm oturaq, doyunca danışaq, amma vaxt olmur. Görüm də, imkan edim, o tərəfə (yəni Bakıya) keçəcəm. Mənim Şirvana getməyimi isə daha çox istəyirdi: Qağa, sən vaxt edən kimi gəl, uşaqları yığaq, bəzi məsələləri danışmalıyıq.

Sonuncu telefon danışığımız da bu barədə olmuşdu. Mayın 24-də axşam tərəfi zəng vurdu. Bir az telefonda dərdləşdik. Həkimə getməli olduğunu dedim. Çox təkid edəndən sonra razılaşdı. Amma şərt qoydu mənə. Həkimə bir şərtlə gedəcəyinə razılıq verdi: Əvvəl, sən gəl, bir gün burda dincəl, birlikdə qayıdarıq Bakıya, həkimə də gedərik… Gedə bilmədik, mən apara bilmədim.

Bacarmadım...qorumağı bacarmadım. Bir gün əvvəl təkid edib həkimə aparsaydım bəlkə də belə olmazdı.Ömrümün sonuna qədər bu “bəlkə” bir qara düyün olub qəlbimi deşəcək.

Ömrünün son 10 günü isə tam başqa bir Telman kəşv etdim. Həmişəki kimi mübariz və dəyanətlə davranırdı. Yanına gələn kimi dik gözlərimə baxırdı. Hələ də o baxışların tilsimindəyəm. Onu xəyal edəndə gözlərimin qarşısına baxışları gəlir. O baxışlarda Allaha və ölümdən sonrakı həyata inam vardı... Həm də əyilməzliyi, ölümə rahatlıqla təslim olmamağı gördüm o gözlərdə... 10 gün bir dəqiqə yatmadı və uzanmadı. Amma günlər bir-birini qovduqca mehribanlaşır, ən çətin anlarında belə hamıya qayğı ilə yanaşırdı. O qədər əziyyətlə heç kimə əsəbləşdiyini görmədim. Çox mülayimləşmişdi, iman və əqidəsi xeyirli aqibətlə aparırdı dünyadan. Biz gerçəyi bilə-bilə inanmadığımız halda, o, hər şeyə hazır idi, ölümə belə...

Otaqda xəlvət olan kimi dərdləşirdi. Gözümə dik baxıb mənə cavabını deyə bilmədiyim bir sual verdi: Qağa, mən ölürəm, şükr Allaha ki, ömrümdə pis işlə məşğul olmamışam, həmişə dost-tanışın yardımına qaçmışam. Bura qədərimiş. Nə etmək olar? Mən isə təbii ki, dediklərini inkar eləməyə çalışırdım: Səninlə görəcəyimiz bəzi işlər qalıb. Sən onları görmədən heç yerə getməzsən, dedim. Göz yaşları boğurdu, amma hiss etməsin deyə, otaqdan çıxdım. O gündən sonra 3 gün yaşadı.

 Sanki qayıdacağı səfərə gedirmiş kimi hamıyla sağollaşırdı. Telmanın son üç gündəki davranış və hərəkətləri məndə ümidvarlıq yaratdı. Çünki, mömin haqqında oxuduğum ayələrin və hədislərin canlı formasını görürdüm. Ömrünün son günü Aşura Ziyarətini, Ayətul-Kursini, Yasin surəsini, kəlmeyi-şəhadəti təcvid qaydası ilə çaşmadan, əzbərdən oxuması hamı kimi məni də heyran qoydu.

Belə də olmalıydı. Onu tanıdığım 15 ildə bir dəfə də ədalətsiz qərar verdiyini, bir dəfə də haqdan kənar dayandığını görmədim. Çox sıx dostluq etdik, bir-birimizlə bölüşdük, səfərlərə çıxdıq, hər hansı bir məsələ barədə fikir mübadiləsi elədik. Ondan gördüyüm bir hiqəqət oldu: hər zaman haqqın tərəfində dayandı. Bəzi məqamlarda öz mənfəətindən belə vaz keçdiyinə şahid oldum. O zaman gözlərimə baxıb bu cümləni deyirdi: Qağa, biz haqqın tərəfində olmasaq, kim haqqın tərəfində duracaq?! HəzrətƏlidən (ə) söz düşəndə isə gözləri yaşarırdı. Əhli-beytə sevgisi hər əməlində təzahür edirdi.

 

Telman, sən dostluq etdiyimiz 15 il ərzində ancaq mənə qardaş ya da qağa dedin. Sən çox yaxşı qardaş idin. Vaxtsız ayrılığın belimi sındırdı.Sənə çox arxalanmışdım.

Sənin haqqında yazı yazmaq bizdən ayrılığına inanmaq qədər çətin oldu mənə. Hardan başladım, harda bitirdim, nə yazdım heç bilmədim. Sən, kitablar yazılası qədər işlər görmüsən. Kiçik bir yazıda ilişib qaldım. Çünki Sənsizliyə hələ inanmıram, inana bilmirəm. Elə bilirəm yenə zəng vurub, mənə təsəlli verəcəksən. Bir az məni tərifləyib, ümidləndirəcəksən. Mən də sənin sözlərindən ilhamlanıb mübarizəmdə daha qətiyyətli və ağıllı mövqe tutacağıma söz verəcəm.

Amma olmayacaq, nə sənin zəngin, nə də mənim ümidlənməyim. Çünki bu gün sənin sağlığına inandığım sonuncu ümidim də öldü. 40 gün - 40 bəhanə, 40 səbəb axtardım sənin fiziki varlığını isbat eləməyə. Amma hər gün bir bəhanəmi uddu. 40 gün səni bizdən 40 addım uzaqlaşdırdı. Hər gün səninlə bağlı xatirələrimi bölməyə çalışdım, bir yazıda sənin portiretini cızmaq istədim. Lakin daha bir bəhanəm qalır deyə, qələm dondu, kağız parçalandı. Bəhanələrimin bitdiyi gün - 40-cı gün ilk yazını, ilk xatirələri kağıza köçürdüm. Sən qəlbimizin dərinliyindəsən, qardaş. Hər ötən gün, səni əbədi abidəyə çevirəcək. Sən ruhən bizimlə olacaqsan. Bizdən ayrılmağın heç mümkün də deyil.

Qardaş, tək rahatlığım mömin kimi bizi tərk etməyindir. Allah sənə rəhmət eləsin! Allah rəhmət eləsin sənə! Bizə də səbr versin, Allah, səbr versin!

Cavid Cabbarlı, 

Xeber.İnfo saytının baş redaktoru

Oxunuş sayı 2136 dəfə
Şərh vermək üçün giriş edin
Top