Cümə axşamı, 08 Sentyabr 2016 22:00

İslam ümmətinin əzəmətli günü - Qurban Bayramı

Cavid Cabbarlı: “Qurban kəsməyin fəlsəfəsi varlıların imkansızlara yardım etməsilə cəmiyyətdə sosial tarazlıq yaratmaqdır”

İslam ümməti müsəlmanların əzəmətli gününü - Qurban Bayramını qarşılamağa hazırlaşır. Bu günə sosial tarazlığın yarandığı gün də demək olar. “Doğru xəbər”in Qurban bayramı ilə bağlı suallarını ilahiyyatçı Cavid Cabbarlı cavablandırır.

-          Qurban Bayramı İslam dininin ən böyük iki bayramından biridir. Bu ənənənin tarixi haqqında nə deyə bilərsiniz?

 -          Qurban Bayramı və bu ənənə zəngin tarixi köklərə sahib olan gündür. Hətta bəzi mənbələr iddia edir ki, qurbanın əsası ilk insan və peyğəmbər Həzrət Adəmin dövründə qoyulub. Hamının şübhəsiz qəbul etdiyi odur ki, Həzrət İbrahimin uzun müddət övladı olmayıb və ahıl çağlarında Allah ona İsmayil adlı bir övlad bağışlayıb. Sonra Uca Yaradan İbrahimi ağır imtahan qarşısında qoyub. "Quran"ın dili ilə desək: "Allah İbrahimi imtahan etdikdən sonra ona imamlıq məqamı verir".Bu imtahan Həzrət İsmayılı dünyanın ən müqəddəs məkanı hesab olunan Məkkə şəhərində, Kəbədə qurban kəsmək idi.

-          Bu, necə imtahandır?

-          Çox amansız və dəhşətli bir hadisə ilə Yaradan bəndəsini niyə sınağa çəkir? Dini ədəbiyyatlarda kifayət qədər geniş və izahlı məlumatlar verilib. Mən bircə məqama toxunmaq istəyirəm. Yaradanla yaranmış arasında münasibətlər məhəbbət üzərində qurulur. Tanrı bəndəsindən ancaq məhəbbət istəyir. Əvəzində isə onun bütün istədiklərini reallaşdıracağını vəd edir. Qurban kəsməyin və sonra da bunun ənənəvi bayrama çevrilməsinin bir sıra ciddi səbəbləri var. Onlardan ən sadəsi Allahla bəndəsi arasında məhəbbətin hansı səviyyədə olduğunu sınağa çəkməkdir.

Fərz edək ki, İsmayılın qurban kəsilməsi üçün heç bir zərurət yox idi. Amma Allah bilmək istəyirdi ki, bəndəsi və peyğəmbəri Həzrət İbrahim onun dediklərinə nə qədər inanır və necə həyata keçirəcək. Əslində Allah-Təala bu göstərişi verəndə İbrahimin nə edəcəyini də bilirdi. Sadəcə, digərlərinə örnək olduğunu sübut etməyə çalışırdı. Həm də ayədə göstərilir ki, İbrahimi imtahan edəndən sonra Allah ona imamət məqamı verdi. Xırda bir nüansa diqqət edin: imamət məqamı hər şəxsə verilmir. Bu məqamı Allah öz peyğəmbərinə də, onu sınağa çəkəndən sonra verir.

Həzrət İbrahim sınaqdan üzü ağ çıxdı və Uca Yaradan qeybdən bir qoç yolladı. Sonra bu hadisə bir ayin kimi səmavi dinlərin vacibatına çevrildi.

 -          Qurban kəsmək kimə və harda vacibdir?

-          Həcc ziyarəti hər bir müsəlmana ömründə bir dəfə vacibdir. Bu ziyarətin 3 şərti var. Həccin yolu açıq olmalı, insan sağlam olmalı və maddi imkana sahib olmalıdır. Həcc ziyarətinin bir çox şərtləri var. O şərtlərdən biri icra olunmasa, həcc əməli batil hesab olunur. Onlardan biri də müəyyən əməllərdən sonra qurban kəsməkdir. Yəni qurban kəsməsə, həmin şəxsin həcci qəbul deyil.

Digər şəxslərə, yəni həcc ziyarətində olmayanlara qurban kəsmək vacib deyil, müstəhəbdir. Dini baxımdan insanın əməlləri beş hissəyə bölünür. Vacib, müstəhəb, haram, məkruh və mübah. Vacib o əmələ deyilir ki, onu tərk etsən, məsuliyyət daşıyırsan və Allah tərəfindən cəzalanacağına vəd verilib. Müstəhəb isə elə deyil. Onu icra etsən, Tanrı tərəfindən mükafatlanacaq, etməsən, heç bir cəza almayacaqsan.

Həcc ziyarətində olmayanlara qurban kəsmək müstəhəbdir. Amma imkanı olanlara çox tövsiyə olunur ki, qurban kəsib kasıblara paylasınlar. Bu əməllə Həccdə olanlarla həmrəylik göstərsinlər. Çünki Həcc ziyarətinin fəlsəfəsi müsəlmanları həmrəy etmək, onların arasında birlik yaratmaqdır.

 -          Neçə cür qurban vacibdir?

-          Yuxarıda haqqında danışdığımız qurbana "İsmayıl qurbanı" deyirlər. Bundan əlavə dində "Deyim qurbanı" deyilən bir ayin də var. İnsan Allahla öz arasında hansısa bir arzusunun həyata keçməsi üçün qurban boyun olur. Həmin iş alınsa, vacibdir ki, qurban kəssin. Bu ayin konkret hadisələr zamanı vacib olur.

 

-          Hansı heyvanlardan qurban kəsmək olar?

-          Din bütün məslələrə ayrı-ayrılıqda yanaşdığı kimi bu məsələyə də xüsusi diqqət edir. Bu barədə əməli-risalə kitablarında daha geniş qeyd olunub. Qısa desək, qurban kəsmək üçün 4 heyvandan istifadə etmək olar: dəvə, inək, qoyun və keçi. Digər heyvanlardan qurban kəsməyə din icazə vermir.

 -          Qurban əti necə bölünür və kimlərə verilməldir?

-           Bu məsələ həmişə çox ciddi söz-söhbətə səbəb olub. Deməliyəm ki, Azərbaycanda bu ayinə düzgün əməl olunmur. Yəni kasıb da, varlı da nə qədər qurban əti alsa, pulunu verir. Dində isə tam başqa cür tövsiyə olunur. Əslində qurban kəsilən heyvan üç hissəyə bölünməlidir. Bir hissəsi kasıblara, bir hissəsi qohum-əqrəbaya verilməli, üçüncü hissəsi isə ev əhlinə saxlanılmalıdır. Özü də burada puldan söhbət gedə bilməz. Ola bilsin ki, bir neçə şəxs birlikdə pul qoyub böyük bir heyvan alsın və öz paylarına düşən hissəni ayrıca üç hissəyə bölsün. Amma mən gedib qurban adı ilə bir neçə kilo ət alıramsa, buna qurban demirlər.

Qurban kəsməyin fəlsəfəsi varlı insanların kasıblara yardım etməsidir. Bununla da cəmiyyətdə sosial tarazlıq yaranır. Nəticədə birlik və vəhdət peyda olur. Bu ayin əslində dinin üstün və daha çox tövsiyə olunan əməllərindən biridir. Onun hər il təkrarlanması isə İslamın əzəmətini insanların qəlbində təcəlla edir.

Sadiq Əlizadə

Oxunuş sayı 1576 dəfə
Şərh vermək üçün giriş edin
Top