Çərşənbə, 05 Noyabr 2014 21:00

“Hökumət bütün sahələrdə olduğu kimi dindarlarla da güc dilində danışır”

Əsmər İsmayılzadə: “Hökumət problem yaranacağı təqdirdə inanclı insanları narkotik alverçisi kimi həbs etməyə vərdiş edib”

Azərbaycan televiziyalarında şou proqramlara, olmayan iqtisadi yüksəlişin təbliğatına saatlarla vaxt ayırırlar. Bu sözləri “İslam, Demokratiya və Qadın Mərkəzi”nin rəhbəri Əsmər xanım İsmayılzadə Xeber.İnfo-a deyib. Ə.İsmayılzadə hesab edir k, Azərbaycanda insan hüquqları və demokratiya adı altında qeyri-hökumət təşkilatı varsa, insanlar fikirləşir ki, bu tənqidi təşkilatdır: “Dini dəyərlərə söykənərək həm demokratiyanı təbliğ etmək, həm də qadın hüquqlarını müdafiə etmək olduqca zəruridir. Çünki, bizim cəmiyyətdə İslam dininin prinsipləri düzgün təbliğ edilmir. Bu mənada təşkilatın adı başqa cür başa düşülür - İslamda demokratik dəyərlər və qadın hüquqları, gender və sair. Demək, biz gördüyümüz işlərdə İslam dinini təbliğ edərək müasir dünyada qəbul edilmiş prinsiplərin məhz bu dindən qaynaqlandığını insanlara çatdırmaq istəyirik. Qadınınm ailədə yeri, şahidliyi, mülkiyyət hüququ məhz  İslamda tanınıb”.

Ə.İsmayılzadə belə təşkilatların zəruriliyindən söz açıb: “Bu cür Qeyri-Hökumət Təşkilatı yaranırsa, deməli zərurət var. Zərurət ondadır ki, Azərbaycanda dini qurumlar öz funksiyalarını yerinə yetirmirlər. Bu sırada Qafqaz Müsəlmanları Ruhani İdarəsini, Dini Qurumlarl İş üzrə Dövlət Komitəsini, məscidləri və digər dini qurumları misal göstərə bilərik. Azərbaycanda sözün əsl mənasında dini maarifləndirməyə ehtiyac var. Dini təbliğatı hökumət lazımi formada həyata keçirmədiyindən təriqətlərin və müxtəlif istiqamətli dini qruplaşmaların fəaliyyətinə imkanlar yaranır. Əks tərəfdən isə cəmiyyətdə dinə qarşı neqativ rəy formalaşır. Bu səbəbdan dinin mahiyyəti, prinsipləri, cəmiyyətin həyatında yeri barəsində ətrafli təbliğat işləri görülməlidir. Biz çalışacağıq ki, İslamda demokratik prinsipləri, o cümlədən qadınlara verilən hüquqla bağlı maarifləndirmə işlərini gücləndirək.

Ə.İsmayılzadə dindarların həbsinə toxunaraq, hökumətin bu siyasətini tənqid edib: “Hökumət bütün sahələrdə olduğu kimi burada da güc prinsipindən istifadə edir və hamını həbsə atır. Bu zaman yeniləri meydana gəlir. Biz isə təbliğat yoluyla insanların doğru din qaydalarına riayət etməsinə köməklik göstərmək istəyirik. Azərbaycan televiziyalarında şou proqramlara, olmayan iqtisadi yüksəlişin təbliğatına saatlarla vaxt ayırırlar. Dini təbliğat isə aparılmır. Çünki, hökumət problem yaranacağı təqdirdə inanclı insanları narkotik alverçisi kimi həbs etməyə vərdiş etmişdir. Bu isə bəzən haqlı olduğu halda hökuməti haqsız durumda buraxır.

Xeber.İnfo

Oxunuş sayı 1273 dəfə
Şərh vermək üçün giriş edin
Top