Çərşənbə axşamı, 13 Dekabr 2016 21:00

Müsəlmanların vəhdət həftəsi başlanıb - VİDEO

"Həqiqətən, möminlər qardaşdırlar!" (Hucurat surəsi, 10-cu ayə)

Xeber.İnfo İslam.az-a istinadən bildirir ki, iki yolun ayrıldığı nöqtə həm də bu yolların birləşmə nöqtəsidir. Həzrət Məhəmməd peyğəmbərdən (s) sonrakı tarix müsəlmanları bir sıra məsələlərdə bir-birindən ayırsa da, xoşbəxtlikdən onlar daim Peyğəmbərin (s) özündə birləşməkdədir.

Həzrət Məhəmməd peyğəmbərin (s) təvəllüdü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiyanın göstərilməsi səbəbindən müsəlmanlar onun doğum gününü iki fərqli gündə (hicri təqvimlə rəbiül-əvvəl ayının 12-si və 17-si) qeyd edirlər. Günlər arasındakı fasiləni qovuşdurmaq məqsədilə 1981-ci ildən etibarən uzaqgörən İslam alimlərindən olmuş mərhum İmam Xomeyninin təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə "vəhdət həftəsi" elan edilmişdir. Hazırda Həzrət Peyğəmbərin (s) bu günlərə təsadüf edən təvəllüd günləri bəzi müsəlman ölkələrində "vəhdət həftəsi" kimi qeyd edilməkdədir.

Məhəmməd peyğəmbərin (s) doğum günü ərəfəsi İslam dünyasının birlik rəmzidir.

Bu gün hicri-qəməri tarixi ilə rəbiul-əvvəl ayının 12-dir və bu günlər İslam peyğəmbərinin doğum gününə təsadüf edir. Bəzi alimlər peyğəmbərin rəbiul-əvvəlin 12-də bəziləri isə o həzrətin 17-də doğulduğunu qeyd edirlər. "Qurani-Kərim"in ayələrinə əsasən, Allah İslam peyğəmbərini insanlara və xüsusilə müsəlmanlara hidayət və mərhəmət əlaməti kimi göndərib. Belə şəxsiyyətin doğum günü, təbii ki, insanların və əsasən müsəlmanların birliyinə səbəb olmalıdır.

Peyğəmbərin doğum günü ərəfəsinin İslam dünyasının birliyi rəmzi kimi qələmə verilməsi ilk dəfə Ayətullah Musəvi Xumeyni tərəfindən təşəbbüs edilib və bu təklif az keçməmiş bütün İslam firqələri tərəfindən müsbət qarşılanıb. Amma bu birliyin hansı şəkildə əldə edilməsi və hansı şərtlərlə icra edilməsi hələ də böyük maneələrlə üzləşməkdədir.

Bir çoxunun fikrincə, İslam dünyasında birliyin əldə edilməsi əsasən məzhəblərarası fərqlərin aradan qaldırılması ilə baş tuta bilər. Amma görünür bu məsələnin elə özü münaqişəyə səbəb olur. Hazırda İslam dünyasında məzhəblərarası qarşıdurmalar da buna əyani sübutdur.

Bəzi İslam alimləri və sosioloqları islamda məzhəblərarası və firqələrarası fərqləri labüd sayıblar. Lakin bu fərqlərin münaqişəyə səbəb olmaması üçün məzhəblərarası dözümlülüyü çıxış yolu kimi təklif edirlər. Şübhə yoxdur ki, İslam dünyasında radikal və təkfirçi sələfi hərəkatı kimi firqələr bu dözümlülüyə və müsəlmanların birliyinə zərbə vuran əsas amillərdir. Alimlər məzhəb fərqlərini birliyin qarşısını alan amillər sırasında görmürlər, bəlkə firqələr arasında ikrah hisslərinin oyadılması birliyi pozan əsas amildir ki, ilk növbədə, bu hisslərin qarşısını almaq üçün yetərli şəkildə maarifləndirmə işi aparılmalıdır.

Oxunuş sayı 1207 dəfə
Şərh vermək üçün giriş edin
Top