Çərşənbə axşamı, 13 Dekabr 2016 21:00

Lamiyyə Əhmədova: “Azərbaycan təhsilndə dini dərsliklər olmalıdır ki, gələcək nəsil terrorun İslama düşmən olduğunu bilsin”

“Azərbaycanda siyasi idarəetmənin yaratdığı problemlər inanclı insanların ibadətlə normal məşğul olmasına maneə olur. Eyni zamanda hakimiyyətin apardığı yarıtmaz siyasət müxtəlif dini qrupların yaranmasına səbəb olur və sonra onun qarşısını almaq çətinləşir”. Bu sözlər ictimai-siyasi fəal Lamiyyə Əhmədovaya məxsusdur.

L.Əhmədova hesab edir ki, hökumət normal dini maarifləndirmə aparmırsa, maraqlı qüvvələrin aktivləşməsi təbiidir: “İlk növbədə qeyd edim ki, din insanların sığındığı bir təsisatdır və inanclı insanların normal fəaliyyəti də dövlətin əsas siyasəti olmalıdır. Məsələn, hamıya məlumdur ki, Gəncə şəhərində şiə məzhəbli inanclı insanlar var və onlar Aşura mərasimini hər il qeyd edirlər. Ötən il Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin məqsədli qarşıdurma yaratması cəmiyyətdə birmənalı qarşılanmadı. Digər tərəfdən vəhabi təriqətinin yayılması da ölkədə dini ideologiyanın zəif olmasını göstərir. Bu gün Azərbaycanda fəaliyyət göstərən istər Dini Qurumlarla Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları Ruhani İdarəsi öz funksiyasını yerinə yetirə bilmir. Buna görə də, qeyri-ənənəvi dini sektalar və cərəyanlar güclənmişdir.

L.Əhmədova Azərbaycan təhsil isteminə dini dərslərin salınmasının vacibliyini vurğulayıb: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təkcə inzibati idarə edilməni əsas götürməməlidir, eyni zamanda maarifləndirmə işlərinin inkişafına dəstək verməlidir. Azərbaycanın bütün təhsil sistemində dini dərslər keçirilməlidir. Həm də bu müəssisələrdə həqiqi müasir düşüncəli din xadimləri xidmət göstərməlidir. Azərbaycanda dini fanatizmin yayılmaması üçün gənclər arasında xüsusi maarifləndirmə işləri həyata keçirilməlidir ki, yaranmış ideoloji boşluq aradan qalxsın. Bu zaman biz hansısa Azərbaycan vətəndaşının sorağını İŞİD düşərgəsindən Suriyadan eşitməyəcəyik. Buna görə Azərbaycanda dini münasibətlərin tənzimlənməsi dövlətin əsas siyasəti olmaldır.

Oxunuş sayı 2055 dəfə
Şərh vermək üçün giriş edin
Top