Cümə, 18 May 2018 22:00

Sən oruc deyilsən!

Müqəddəs Ramazan ayının başlaması ilə ilahi rəhmət, bərəkət və məğfirət onu istəyən və tələb edən bəndələrinə şamil olur. Allah Rəsulunun (s) buyurduğu kimi; "Ramazanın əvvəli rəhmət, ortası məğfirət sonu isə cəhənnəmdən qurtuluşdur."

Allah Rəsulunun (s) buyurduğu bu üç halın bizə də şamil olunması üçün, lazımdır ki, Ramazanın əsl mahiyyətindən xəbərdar olaq.

Buğdanın bitməsi üçün münbit və əlverişli torpağın olması şərtdir. Əks halda daş-kəsək dolu bir sahəyə səpilən buğda, sahibinə əlavə zəhmət və xərcdən başqa bir şey qazandırmaz. Buğda hər nə qədər keyfiyyətli olsa belə, onun hansı torpaqda əkilməsi mühum şərtdir. Bu ayda da ilahi rəhmət qapıları sözün əsl mənasında taybatay insanların üzünə açılmışdır. Əgər biz özümüzdə buğda və torpaq misalında olduğu kimi, bu ayda ilahi rəhmətin bizə şamil olması üçün əlverişli zəmin yaratmasaq, onda biz də buğdanı daş-kəsək dolu sahəyə əkmiş əkinçi kimi peşimançılıq çəkəcəyik. Elə bir peşimançılıq ki, faydası da yoxdur.

Odur ki biz gərək başa düşək və anlayaq ki, niyə oruc tuturuq? Əgər biz həqiqətən də orucun ilahi bir əmr (Bəqərə 183-188) olduğunu nəzərə alıb, ona xatir oruc tuturuqsa, deməli artıq birinci qədəmi götürmüşük. Amma bu hələ hər şey demək deyildir. Orucu necə tutaq? sualına cavab axtarmalıyıq. Bu sualın cavabı qısa da olsa fiqh kitablarında hər kəsin başa düşəcəyi şəkildə qeyd olunub. Biz ikinci qədəmi də götürdük. Amma hələ tam mənası ilə "biz oruc tutmuşuq" deyə bilmərik. Hətta tutduğumuz oruclar şəri cəhətdən, fiqh kitablarına əsasən kamil olsa da... Məsələyə düzgün prizmadan yanaşıb, təhlil etməyiniz xahiş olunur. Demək istədiyim əsas mətləb budur ki, oruc (digər ibadətlər də bu cürdür) ibadətinə, fiqh kitabları səviyyəsində əməl etsək, Ramazan ayının kitablara sığmayan dərya dolu feyz və bərəkətindən binəsib qalacağıq. Necəki, məhşur bir hədisi, dediklərimə dəlil gətirmək istəyirəm:

İslam peyğəmbərinin (s) dövründə üç qadın Hz. peyğəmbərin (s) yanına gələrək iftar etmək üçün xurma istədilər. Peyğəmbər (s) buyurdu: Siz oruc deyilsiniz! Qadınlar: Xeyr ey Allahın Rəsulu (s) biz oruc tutmuşuq. Peyğəmbər (s) buyurdu: Siz oruc deyilsiniz! Qadınlar israr etdikdə peyğəmbər (s) onlara bir qab uzatdı və onlar hərəsi bir tikə ət qusdu. Qadınlar bu işə təəccüb etdikdə peyğəmbər (s) buyurdu: Niyə təəccüb edirsiniz? Məgər Quranın bu ayəsindən xəbərsizsiniz? Hər şeydən pak və münəzzəh olan uca xaliq buyurur: “Bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?...”

Ayə və hədisin izahından başa düşüldüyü kimi qeybət edən əslində ölü əti yeyir.

Quranın ifadə etdiyi "ölü əti yemək" şablon bir ifadə deyil, əksinə məsələnin əsl həqiqətdir.

Deməli biz sadəcə sübhdən axşama qədər ac qalmaqla kifayət etməməli, cismimiz kimi ruhumuz da bu ilahi feyzlərə tərəf pərvaz etməlidir. Əks təqdirdə Allah Rəsulunun (s) bu hədisi bizə də şamil olar.

Hz peyğəmbər (s) buyurmuşdur. " Nə çox oruc tutanlar var ki, onlara aclıq və susuzluqdan başqa bir şey qalmaz."

Deməli əgər biz də sadəcə yemək və içmək kimi şeyləri tərk edib, bədən üzvlərimizi Allah istəyən kimi idarə edə bilmiriksə onda Allah qorusun biz də əziz peyğəmbərimizin (s) buyurduğu zümrəyə daxil olmuş olarıq.

Bir hədisə də diqqətinizi cəlb edim:   Ramazan ayında İslam peyğəmbəri (s) bir evin yanından keçərkən öz kənizinə söyən qadının səsini eşitdi və o qadına buyurdu: "Get yemək ye!" Qadın dedi: Ey Allahın peyğəmbəri (s) mən orucam. Allah Rəsulu (s) buyurdu: "Sən oruc deyilsən. Sən necə oruc tutursan ki, söyüş söyürsən!"

Müqəddəs Ramazan bayramının əməllərinə qısa nəzər salmaq üçün İslam peyğəmbərinin ( s), Şaban ayının son cüməsində oxuduğu xütbənin bir qismini sizlərə təqdim edirik:

Ramazan ayının əməlləri İslam peyğəmbərinin (s) dili ilə. (ixtisarla)

"Ey insanlar! Allah ayı sizə tərəf üz gətirir. O öz rəhmət, bərəkət və məğfirəti ilə sizə tərəf gəlir. O elə bir aydır ki, bütün aylardan üstündür. Onun günləri də gecələri də digər günlərdən və gecələrdən daha fəzilətlidir. Onun saatları (zamanları) da digər günlərin saatlarından daha da üstündür.

Bu elə bir aydır ki Alla sizi qonaqlığa dəvət edir. Bu elə bir aydır ki, bu ayda çəkdiyiniz nəfəslərə Allah təsbih savabı verir. Bu elə bir aydır ki, sizin yuxunuza da Allah savab verir.

Bu ay duaların qəbul olunduğu aydır. Kasıblara, yetimlərə kömək edin.Yaşlılara, qocalara hörmət edin. Kiçik uşaqlara rəhm edin. Qohum əqrabanızı ziyarət edin.

Dilinizi pis sözlərdən qoruyun. Etdiyiniz günahlara görə Allaha tövbə edin.

Və hər kəs sizdən bir orucluya iftar versə elə bil, sanki bir qul azad edib. Hər kim bir orucluya iftar versə, Allah onu günahlarını bağışlayar.

Bu zaman bir nəfər ayağa duraraq soruşdu: Ey Allahın Rəsulu! (s) Mənim iftar verməyə imkanım olmasa nə edim?

Allah Rəsulu (s) buyurdu: Yarım xurma ilə də olsa bunu yerinə yetir.

Həmin şəxs təkrar soruşdu: Əgər mənim yarım xurmam da olmasa onda nə edim?

Allah Rəsulu (s) buyurdu: Bir qurtum su ilə də olsa bunu yerinə yetirin."

Ramazan ayının bir adı da "Xalis"dir. Gəlin bu mübarək ayda az əməl etsək də xalis niyyətlə yerinə yetirin. Unutmayın! İnsanı Allahdan uzaqlaşdıran və onu məğrur edən çoxlu əməl, insanı Allaha yaxınlaşdıran az əməldən daha yaxşıdır.

27073208 1978326522384458 3505125179416792724 n

 

 

 

 

 

 

 

 Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı. 

Oxunuş sayı 2767 dəfə
Şərh vermək üçün giriş edin
Top