Çərşənbə, 16 Yanvar 2019 21:45

Həcc qiymətləri bahalaşdı

Fevralın əvvəlinə qədər ziyarətlə bağlı Azərbaycanda sənəd qəbulunun elan ediləcəyi də nəzərdə tutulub

Bu il Həcc ziyarəti qiymətləri bahalaşacaq. Bu barədə QMİ-dən “Report”a verilən məlumatda qeyd olunur. Məlumatda qeyd olunur ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan builki Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdə olub. Səfər zamanı Səudiyyə tərəfinin ziyarətlə bağlı builki şərtləri öyrənilib, zəvvarların qalacağı hotellər müəyyənləşdirilib.

O da bildirilir ki, Həcc qiymətləri bu il ötən ilə nisbətdə 50 və ya 100 ABŞ dolları daha baha olacaq. Ziyarət bu il də keçənilki kimi iki variantda (VİP və sadə) deyil, yalnız bir variantda olacaq. Fevralın əvvəlinə qədər ziyarətlə bağlı Azərbaycanda sənəd qəbulunun elan ediləcəyi də nəzərdə tutulub. Hazırda səfərdən qayıdan nümayəndə heyətinin təqdimatı əsasında idarədə builki qiymətlər, ayrılacaq kvota və digər şərtlər hesablanır.

Qeyd edək ki, ötən il Azərbaycanda Həcc ziyarətinə səfər xərci 4150 ABŞ dolları olub, ümumilikdə isə 1440 nəfər ziyarət edib. Hələlik builki kvota müəyyən olunmasa da, qiymətlərin bahalaşması ümumilikdə zəvvar sayına təsir edə bilər.

Xatırladaq ki, Azərbaycanda Həcc kvotası iki dəfə azaldılıb. Məsələ ondadır ki, ümumi qəbul olunmuş qaydaya əsasən dünyada Həcc ziyarəti kvotası kimi müsəlman ölkələrində hər 1000 nəfərə bir nəfə zəvvar olmaqla hesablanır. Məsələn, qardaş ölkə Türkiyədə ötən il ümumilikdə 2,1 milyon insan Həcc ziyarəti üçün müraciət edib. Püşkatma nəticəsində 80 min Türkiyə vətəndaşı Həcc ziyarətinə getmək haqqı qazanıb. Türkiyədən hər il 300 mindən çox insan Həcc üçün müraciət edir və əvvəlki illərdə edilən müraciətlərlə birlikdə püşkatma nəticəsində kvotada nəzərdə tutulan qədər Həcc zəvvarı seçilir. Türkiyədən ötən il 80 min nəfər, yəni ölkə əhalisinin hər 1000 nəfərinə bir adam ziyarətə gedib.

Bu qaydaya əsasən, Azərbaycandan təxminən 9-10 min nəfər arası insan Həcc ziyarətinə gedə bilər. Ancaq hazırda real olaraq ziyarətə gedənlərin sayı dəfələrlə azdır. Məsələ ondadır ki, Azərbaycanda ən kütləvi Həcc səfərləri 2009-cu ilə qədər olub. Həmin illərdə Azərbaycandan avtobus və təyyarə ilə ziyarətlər təşkil olunub və bunu yalnız QMİ deyil, eyni zamanda müstəqil şirkətlər həyata keçirib. Bu zaman 6 min nəfərə yaxın insan Həcc ziyarətinə gedib. Lakin 2009-cu ilin yayında QMİ elan edib ki, kvota 2 dəfə endirilərək 2 min nəfər müəyyən olunub.

Azərbaycanda sonrakı illərdə müəyyən artım olub və hətta 3,6 min nəfərə qədər zəvvar Həcc ziyarətinə gedib. Lakin 2 il əvvəl kvota növbəti dəfə azaldılıb və 2000 nəfər nəzərdə tutulan say sonradan 900-ə endirilib. Buna səbəb olaraq Səudiyyə Ərəbistanı Krallığı Həcc Nazirliyinin bütün ölkələr üzrə yeni kvota müəyyən etməsi göstərilib.

Qeyd edək ki, əvvəlki illərdə QMİ Həcc ziyarətində bahalaşmanı adətən Səudiyyə Ərəbistanında bahalaşma, hotel kirayəsi qiymətinin artması və digər hadisələrlə ilə izah edir. Bu məsrəflər dollarla ödəndiyi üçün QMİ də bir qayda olaraq hesablaşmanı, qiymətləri dollarla hesablayır. QMİ-nin elan etdiyi məlumatlara əsasən, bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Bundan başqa, son illərdə Həcc ziyarəti zamanı bir sıra yeniliklər tətbiq olunmağa başlayıb. Bunlara zəvvarların məcburi həyat sığortası, hotellərdə gündə isti yemək və qəlyanaltı daxil olmaqla 2 dəfə yemək, Mina və Ərəfatda isə qəlyanaltıların təklif olunması, habelə Müzdəlifə və Ərəfata zəvvarların dəmiryol qatarı ilə çatdırılması kimi xidmətlər daxildir.(musavat.com)

Oxunuş sayı 887 dəfə
Şərh vermək üçün giriş edin
Top