Bazar ertəsi, 16 Sentyabr 2019 16:23

Aşura Konfransından təəssüratlarım – Almaniya, Leverkusen

Həl min nasirin yənsuruni - Bir nəfər varmı mənə yardım etsin? Bu, İmam Hüseynin (ə) insanlığa ünvanladığı son çağırışlardan biridir. Bu günə qədər gəlib çatan, dünyanın sonuna kimi ucalan səsin hikməti və dəyəri bilirsinizmi nədir? Birincisi, bu çağırış bir din mənsublarına deyil, bütün dinlərin daşıyıcılarına və azad insanlara ünvanlanıb. İkincisi, İslam dininin mahiyyətini bu nidada çox asanlıqla anlamaq olur. Üçüncüsü, azad yaşamağı və şərəfli ölməyi hədəfləyənlər üçün bu cümlə bəs edir ki, müsbət cavab verməklə məqsədlərinə çata bilsinlər. Dördüncüsü, bu nida Kərbəlada səslənsə də, təkcə o məkana və o zaman sığmadı, dünyanın hər tərəfinə yayıldı, nə ZAMAN geyindi, nə MƏKANa ram oldu. Əlqərəz, Həzrət Hüseynin özü, sözü, hərəkatı, qiyamı, Aşurası zamandan və məkandan xalidir və çox yüksəklikdə dayanır. Bunun ən aşkar nümunəsinə dünən şahid oldum…

15.09.2019, bu tarix dini baxışlarımda mükəmməl dönüşə səbəb oldu, Aşuranın əzəmətini bir daha dərk etməyə yardım etdi. Xristian ölkəsində, İslama qarşı fitnələrin planlaşdırıldığı məkanda Hüseyn çırağının şölələrini seyr etmək, möhtəşəm olmaqla yanaşı, həm də ilahinin vədəsinin mütləq həqiqət olduğunu isbat edirdi.

Bir mömin dostum Avropanın müxtəlif şəhərlərindən dəstə-dəstə Aşura Konfransına tərəf hərəkətin səmadan görünüşünü təsəvvür etməyimi istədi. Və sonra davam etdi: “Fransadan, Belçikadan, Hollandiyadan, Almaniyadan və digər ölkələrdən sübh namazından sonra karvanlar yola düşüb. Avropanın yuxuda olduğu zaman qruplar Leverkusen şəhərinə tərəf “Ya Hüseyn” fəryadı ilə hərəkət edir və nəhayət gəlib bir nöqtədə birlişərlər. Səmadan müşahidə olunan görüntü nicat gəmisi, səmaya yüksələn “Ya Hüseyn” fəryadı hidayət çırağıdır”.

Çox ədalətli müqayisədən sonra, minlərlə insanın toplaşdığı salona daxil olanda qiyaməti təsəvvür etməmək olmurdu. Həmin qruplar bir-bir mərsiyə oxuyaraq içəri daxil olurdular. Xətiblərin qəlbləri oyadan çıxışları, məddahların qəlbləri paçalayan mərsiyyələri fəth iləhəsi kimi qulaqları deşirdi. Bəli, məhz fəth ilahəsi kimi. İslamın, Əhli-beyt məktəbinin, İmam Hüseynin (ə) zəfər yürüşü idi. Bu yürüş azad yaşayanlar üçün qələbə, azad yaşamaq istəyənlər üçün ən gözəl nümunədir.

Aşura xilas olmaq istəyənlər üçün mayakdır. Ona tərəf yürümək nicat yoluyla xilasımıza tərəf yürüməkdir. Kərbəla elə bir mayakdır ki, dünyanın hər yerindən hər zaman görmək mümkündür. Yetər ki, onu görmək istəyək. Aşuranı dərk etmək həm də özümüzü tanımaq və dərdlərimizi anlamaqdır.

Sonda təbii ki, ən böyük təşəkkür Aşura Konfransını təşkil edənlərə düşür. Var olun, dəyərli təşkilatçılar..!

Cavid Cabbarlı

Leverkusen ashuraleverkusen ashura2

Oxunuş sayı 1160 dəfə
Şərh vermək üçün giriş edin
Top