Cümə axşamı, 26 Dekabr 2019 05:08

Başdan ayağa qaranlığa qərq olan şəxsi təbliğ etməkdə məqsədiniz nədir, Əvəz Zeynallı?

Elşad Miri nə zaman ölkədəki haqsızlığa qarşı səsini qaldırıb, şəxsi maraqları xaric, bir məmuru tənqid edib?

İnkarçılıq deyilən bir cərəyan var. Adətən bu cərəyanın sevilməsinə şahid oluram. “Yoxdur” demək sanki, insanlarda maraq oyadır, diqqət çəkir. Son zamanlar da “Quranda inkarçılıq” mövzusu dəb halını alıb. Yerindən duran, dinin qaydalarını, yaxud din adıyla yaşayışımıza daxil olan adətləri inkar etməyə qalxır. Təbii ki, bu zaman mənasız və məntiqsiz mübahisə yaranır. İnkarçı “Quranda yoxdur” deyib, özünü yenilikçi və savadlı göstərir, qarşı tərəf də məntiqsiz iddialara cavab verməyə çalışır. Nəticə sıfr. Çünki məqsəd ortanı qarışdırmaq, yaxud insanları yanlış mövzuların müzakirəsinə çəkməkdir.

Bu zaman əsas işi üçüncü tərəf görür. Məsələn, Əvəz Zeynallı. Dostumuz Əvəz bəyin mətbuatda, jurnalistikada xeyli xidməti var. Bəzən apardığı mübarizənin əsas mahiyyəti şəxsi maraq və istəkləri olsa da, özünə sərf edən qədər məmurları da tənqid etməkdən çəkinmir. Bu cümlə xətrinə dəyməsin, “insanı maraqları idarə edir”.

Əvəz Zeynallı, təqribən hər üç aydan bir Elşad Miri adlı şəxsi böyük ilahiyyatçı, din fədaisi kimi təqdim edir, efirindən. Xub, özü bilər, kimi harda və necə təqdim edir. Lakin və amma…

Bu zat cəmiyyətdə qarşıdurma yaradır. Bəli, iddia edirəm ki, Elşad Miri cəmiyyətdə qarşıdurma yaradır. Eyni zamanda elə Əvəz bəyin də rejimlə apardığı mübarizəni kölgələməyə çalışır. Dində ölüyə Yasin oxutdurmaq yoxdur, dində kəbin yoxdur, nə bilim dində Əliyev rejiminə yaltaqlanmaqdan başqa heç nə yoxdur, deyib qışqırbağır salır. Əvəz Zeynallı da əlini çənəsinə qoyub, “Allah, Allah” deyə-deyə Elşadın təbliğatını təşkil edir.

Hörmətli Əvəz bəy, siz ölkədə Elşad Miridən başqa ilahiyyatçı tanımırsız? Yox, desəniz, yalan olar. O zaman sizi bu adamla bağlayan nədir? Yaxşı, mövzuya həqiqət üzə çıxsın deyil, baxış sayı artsın deyə baxırsız. Bəs niyə düzgün opponent seçmirsiniz. Elşad Mirini fərqli danışan, yenilikçi ilahiyyatçı kimi təqdim edirsinizsə, zəhmət çəkin köhnə fikirli ilahiyyatçı dəvət edin. Pənah Hüseyn savadlı və təcrübəli siyasətçidir, ilahiyyatçı deyil. Özü də etiraf edir, lakin dini təəssübkeşliyi belələrinə cavab verməyi zəruri edir.

İndi Elşad Mirinin inkar etdiyi mövzulara nəzər salaq. Qeyd edim ki, bu adamla bağlı illər əvvəl azı iki yazı yazmışam və heç birinə cavab gəlməyib. Amma insafla deməliyəm ki, “Mason lojasından boylanan Elşad Miri” adlı məqaləm dərc olunandan sonra, çıxıb masonlarla ara-sıra görüşdüyünü etiraf elədi. Adam heç olmasa özünü inkar etmir, düşündüm və onunla bağlı bir daha nəsə yazmayacağımı qərarlaşdırdım. Bu yazı da ona deyil, Əvəz Zeynallıya görə yazılır.

 Hörmətli Əvəz bəy, Elşadın iddialarından gəlinən nəticənin biri budur ki, Quranda olmayan, dində yoxdur və onu qəbul etmək olmaz. Bildiyim qədər sizin baza təhsiliniz hüquqdur. Hüquqda belə bir qayda var: hansı əməl qanunla qadağan olunmayıbsa, onu etmək heç bir məsuliyyət daşımır. Yəni, cinayət və inzibati məsuliyyət daşıyan əməllər dəqiq göstərilməlidir, göstərilir hüquq kitablarında, müxtəlif məcəllələrdə. Eyni qayda dində də keçərlidir. İlk olaraq Quranda və Həzrət Məhəmmədin (s) şəriətində məsuliyyət yaradan əməllər, haram və məkruh adıyla konkret göstərilib. Hansı əməlin haram və vacib olmasını birbaşa Allah özü təyin edir. Heç Peyğəmbərin (s) belə bir səlahiyyəti yoxdur.  Bu, ifadə azadlığının pozulması deyil. Dinin sahibi uca Yaradan özü olduğu üçün, qaydaları da özü təyin edir. Digər izahlar da mövcuddur, hamısını qeyd etməyə nə zamanımız var, nə də imkanımız.

Hətta dində belə bir qayda da var: Allahın dininə peyğəmbər də daxil kimsə özündən nəsə əlavə etsə, yaxud azaltsa bidət edib, günahkardır.

Elşad iddia edir ki, dində ölüyə Quran oxutdurmaq yoxdur. Bu məsələyə ən sadə izahdan başlayaq. Kimsə ölüsünə Quran oxutdurur, bir az rahatlanır, yanlışmı edir? Bu mövzunu dartışmaq bizə nə qazandırır? Eyni zamanda elələri də var ki, illərlə ölüsü yadına düşmür. Quran nədir, heç bir salavat zikr eləmir. Biz də durub, onları ittiham edək ki, siz niyə ölünüzü yad eləmirsiz?!

Ölüyə Quran oxutdurmağın faydası varmı, sualı bu mövzunun açarıdır. Əvvəla din, Quran deyiriksə, ilk olaraq, ölü deyəndə kim nəzərdə tutulur, bunu bilməliyik. Quranda ölü və diri bizim anladığımız kimi müqayisə edilmir. Biz dünyasını dəyişənə ölü dediyimiz halda, Quran bizimlə eyni həyatı yaşayan bəzi şəxsləri ölü, dünyasını dəyişən bəzilərini diri adlandırır. Açıq və hamının başa düşə biləcəyi formada “şəhidləri ölü hesab etməyin” deyir, dəfələrlə. “Onlar kardırlar, kordurlar, laldırlar və qəlbləri möhürlənib” mesajını göndərir. Qəlbi möhürlənmiş şəxsi torpağa basdırandan sonra, ya da basdırmamış min dəfə Quran oxutdur, heç bir mənası yoxdur. Quran o insanlara faydalıdır ki, onlar Qurana əməl ediblər, Quranla yaşayıblar.

Belə bir izahdan sonra sual yarana bilər, Quranla yaşamayan şəxs üçün niyə oxunur, faydası olmayacaqsa? Biz iddia etmirik ki, dünyasını dəyişən şəxs üçün Quran oxunsa, onun günahları bağışlanacaq, cənnətə düşəcək. Bu məsələlər Allahın əlindədir, kimin cənnət, kimin cəhənnəm əhli olduğunu O, bilir. Lakin bəzi günahları edən kəsləri kəsinliklə Cəhənnəmə aparacağını söz verib, yaxud əksinə. Eyni zamanda, Allahın bəzi dostları cəmiyyətdə gizlindir. Elə şəxslər var ki, cəmiyyətdə yaxşı insan kimi xarakterizə olunmur, lakin Allahın dostu ola bilər. Bu ona görədir ki, cəmiyyətdə parçalanma yaranmasın. Buna görə də müsəlman adlanan şəxslər dünyasını dəyişəndən sonra onlar üçün Quran oxunur. Bütün dinlərdə (hətta qeyir-səmavi dinlərdə) dua etmək ənənəsi var. Heç bir düşüncə duanı inkar etmir. Biz Quranı həm də dua olaraq oxuyuruq. Əgər bir insan dünyasını dəyişəndə ona cənazə namazı qılmaq vacib olursa, Quran oxumaq niyə şirk və yasaq olsun? Elşad Miri cənazə namazını da inkar edirmi? Etmirsə, göstərə bilərmi hansı ayəyə əsasən cənazə namazı qılır?

Dini tövsiyyələrə görə, müqəddəslərimizin qəbirlərini ziyarət etmək çox yaxşı haldır. Bu tövsiyyə təkcə İslam dininə və müsəlmanlara aid deyil. Kimsə qəbir ziyarətində musiqi ifa edir, kimi şam yandırır, biz də Quran ayələri oxuyuruq. Hər halda Allahdan həmin şəxsin bağışlanması istənilir. Bağışlayıb, bağışlamamaq həmin şəxsin öz əməllərinə və Allahın mərhəmətinə bağlıdır. Məhkəmədə müttəhimin və vəkilinin hakimdən ədalətli və mərhəmətli qərar çıxarma istəyi məgər şirk və qadağandır? Əksinə, cəzanın yüngülləşdirilməsi üçün cəhd edilir. Baxmayaraq ki, arqumentləri qəbul etmək və etməmək səlahiyyəti hakimdədir.  

Məsələ bu qədər sadə olduğu halda, kimsə şou düzəldirsə, problem onun özündə və ictimailəşdirəndədir.

Hə, Quran ancaq dünyasını dəyişənlər üçün oxunmalıdır iddiası yanlışdır və heç kim belə bir iddia eləmir. Biz – İslamın təməl qaydalarını əsas götürən və dəyişməz hesab edənlər düşünürük ki, Quran əməl kitabıdır. Onu həyatımıza və məişətimizə daxil etməliyik. Quranla yaşamalı, yaşatmalı və ölməliyik ki, Allah da bizə şəfa versin. İkinci yol yoxdur.

Elşad Miri kimilər, Quranın hər vergülünə əməl edirmişlər kimi özlərini aparıb, bu mövzunu gündəmə gətirməklə bir çox məsələni undurlar. Məsələn, Quranda yüzlərlə ayə var ki, həqiqətin tərəfində olmağı, zalıma qarşı döyüşməyin vacibliyini çatdırır. Elşad Miri nə zaman ölkədəki haqsızlığa qarşı səsini qaldırıb? Şəxsi maraqları xaric, bir məmuru tənqid edibmi? Cənab Zeynallı, Elşadla tez-tez görüşdüyünüz qənaətindəyəm, bunu soruşa bilərsiz. Bu adam ən son madel avtomobil sürür, gəzmədiyi ölkə qalmayıb. Qazancı hardandır? Normal cəmiyyətlərdə hər şeyin mənbəyi göstərilir. Başdan ayağa qaranlığa qərq olan şəxsi təbliğ etməkdə məqsədiniz nədir, Əvəz Zeynallı?

Cavid Cabbarlı

P.S. Elşad Miri qeyd etdiyi ayələrin hamısını yanlış izah və tərcümə edir. Bu barədə başqa bir yazıda qeydlər edəcəm. Əvəz Zeynallının təşkil etdiyi debatın videosunu da əlavə edirəm:

Oxunuş sayı 1451 dəfə
Şərh vermək üçün giriş edin
Top