Cümə axşamı, 13 Fevral 2020 14:06

Elşad Miri yeni "yoxdu"larla gəlir - İlahiyyatçı Səyavuş Yəhyayev yazır

Elşad Miri yeni cəfəngiyat dolu kitabı ilə yaxınlarda sizin görüşünüzə gələcək. Yenədə həmin dalğa həmin kordinat. Yoxdur!
Anons etdiyi kimi yeni “Elmi Əsər” on beş mövzunu əhatə edir. Özümə borc bildim ki, hər başlıq barədə qısa da olsa təəssuratlarımı sizlərlə bölüşüm.

1)İslamda məzhəb yoxdur - Əlbəttə əvvəldən orda nələrin yazılacağı, hansı məsələlər qaldırılacağı məlumdur. Zahirən cəlbedici görünən bu mövzu əslində İslamın coxşaxəli əqidə və hüquq (fiqh) məktəblərini sarsıdmağa hesablanır. Aydın məsələdir ki, İslamda məzhəb var! Amma bu məzhəblərin hansı haqq üzərindədir bax bu ilahiyyat elmlərinin geniş bəhs olunan məsələlərindəndir. Allah da Quranda buyurur: “Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın FİRQƏSİDİR” (5/56). Əgər İslam daxilində batil firqələr və məzhəblər olmasaydı Allah öz firqəsini elan etməzdi.

2) İslamda salavat gətirmək yoxdur – Quran buyurur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!” (33/56). Namazda Allah Rəsuluna (s) və onun Əhli-beytinə (ə) salavat göndərilməsə namaz batil olur. Bütün İslam ümməti namazın Təşəhhüdündə bu əməli edir. Bütün bunlardan sonra inkarçılıq etmək fasiqlikdir.

3) İslamda Qiyamətin əlaməti yoxdur – “Yer titrəyib lərzəyə gələcəyi zaman” (99/1), “Onlara deyilən söz yerinə yetdiyi zaman onlar üçün yerdən bir canlı çıxardarıq ki, onlarla danışıb, “İnsanlar ayələrimizə inanmırdılar!” – deyər” (27/82), “Nəhayət, Yəcuc-Məcüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə axışarlar.”(21/ 96) və s. Quranda qiyamətin əlamətləri barədə çxsaylı ayələr mövcuddur. Bütün bunlardan sonra YOX demək cahillikdir.

4) İslamda cənnətlik elan etmək yoxdur – Kimin cənnətə kimin cəhənnəmə düşəcəyini yalnız Allah bilir. Amma elə insanlar da vardır ki, Allah hələ sağlığında onları müjdələmiş və onları digər insanlara nümunə qərar vermişdir. Buna misal olaraq ilk növbədə Həzrət Muhəmmədi (s) qeyd etmək olar. Kimsə cürət edib iddia edə bilər ki, Muhəmməd(s) cənnət əhlindən deyil? Bundan əlavə Quran Fatimə (ə) barəsində buyurur “Həqiqətən, Biz Kovsəri sənə bağışladıq” (108/1) Bəs bu kövsər cənnət əhli deyil? Allah buyurur: “Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır” (76/12) Bu surənin Əhli-beytin (ə) şəninə nazil olması və onların evində baş verən bir hadisəni aləmə car çəkməsi heçkimə sirr deyil. Bəs beləysə onlara cənnət əhli deməyək? Bunu inkar etmək korluqdur.

5) İslamda bəd nəzər və gözdəymə yoxdur – Quran buyurur: “(Yəqub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (12/67), daha sonra Quran buyurur: “Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr” (68/51), bundan əlavə Fələq və Nas surələri də bu mövzunu əhatə edir. Müasir təbabət gözə daxil olan şüalarla yanaşı gözdən xaric olan şüaların da olmasını isbat etmişlər. Amma hələdə onların mahiyətini açıqlaya bilməmişlər. Bütün Quran təfsirçiləri bu ayə və surələri bəd nəzərlər mövzusunda təfsir etmişlər. Bunları inkar etmək axmaqlıqdır.

6) İslamda qadını döymək əmri yoxdur – İslamda istər qadın olsun istərdə kişi günah edənlərin və qanunu pozanların bu və ya digər şəkldə cəzalanması var. Qadını kişidən ayıraraq ayrıca təqdim etmək qərəzli olmaqdır. Elə dünyəvi qanunlarda da cinayət törətmiş insanlara fərq qoyulmur. İslam sistemi Patriarxat sistem olduğu üçün qadınlar kişilərə tabedir. Bu qanunu Allah qoyub və kişilər tam məsuliyət daşıyır. Əgər bir kişi öz xanımını GÜNAHINA görə cəzalandırırsa bu tam normal haldır. Eləcə də qadının öz ərindən QAZİYƏ şikayət etmək hüququ var. Necəki Peyğəmbərin (s) vaxtında bunun nümunələrini görürük. Eləcədə bu barədə çoxsaylı ayə və hədislər mövcuddur. İlahi sistemi inkar etmək küfrdür.

7) İslamda xəlifə təyin etmək hadisəsi yoxdur – Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə HƏVALƏ edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (4/59) Sizcə bu ayəni buyuran Peyğəmbər (s) ondan sonra kimin əmr sahibi olmasını deməyib? Tutalım Peyğəmbər (s) unudub, bəs bu ayəni göndərən Allah necə? Deməyib? – Ayədə çox maraqlı detallar mövcuddur, Bütün xırdalıqları ilə Allah burada kimin Peyğəmbərdən sonra rəhbər olmaq səlahiyətinə malik olmasını söyləyir. Bu isə İlahi xəlifə təyin etməkdir. Eləcə də Peyğəmbərin (s) “Hər kimin rəhbəri mənəmsə Əli (ə) də məndən sonra onun rəhbəridir” əmri bu məsələnin möhrünü vurur.

8) İslamda xüsusi olaraq Əhli-Beyt sevgisi yoxdur – Allah Quranda buyurur: “Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla MÜJDƏ verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir!” (42/23) – Bu hansı məhəbbətdir ki, Dinlə bir tərəziyə qoyulur? Bu hansı məhəbbətdir ki, Peyğəmbər zəhmətinin qarşılığı olaraq MÜJDƏ edilir? Bu hansı məhəbbətdir ki, “Məvəddət” adlandırılır? Bu hansı məhəbbətdir ki, məhz müsəlmanlara xitabən Peyğəmbərin dili ilə çatdırılır? Əlbəttə Əhli-beytə olan sevgidir! Əhli-Beyti (ə) yalnız Peyğəmbər (s) ailəsi olduğu üçün sevmək əmr olunmur. Peyğəmbərin (s) o qədər qohumları olub ki, onlar nifrətə layiqdir. Əhli-Beyt (ə) Allah tərəfindən görəvləndirilən və xüsusi İlahi məsuliyyət daşıyan insanlardır. Allah onlar barəsində buyurur ki, “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (33/33). Allah onların vasitəsi ilə insanları həm bu dünyada həm də axirətdə seçir, özlərini özlərinə tanıtdırır. Quran buyurur: “Onların ikisinin (cənnət ilə cəhənnəm) arasında pərdə və Əraf (sədd) üzərində isə insanlar (kişilər) vardır ki, onlar hamını üzündən tanıyır. Cənnət əhlinə: “Sizə salam olsun!” - deyə müraciət edərlər. Bunlar çox istədiklərinə baxmayaraq hələ ora (Cənnətə) daxil olmamış kimsələrdir”. Əhli-Beytin vəzifələri bu dünya ilə bitmir, onlar axirətdə də insanları saf-cürük edir. Dünyada isə əməllərimizə nəzarət edir. Necəki Quran buyurur: “De: “( İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görürlər”. Əgər kimsə bu dediklərimə etiraz etsə ki, “Əməllərə nəzarət Allaha aiddir, yalnız Allahı sevmək lazımdır” və s. Onlara söyləyirəm ki, can alan da Allahdır. Amma bu işi nədənsə mələyə həvalə edib, sevgiyə layiq olan Allahdır, amma nədənsə Peyğəmbəri, Cəbraili sevməmək Quranda küfr hesab olunur və s. Məsələnin mahiyətini bilmədən boş-boş çərənləyib camaatı azdıranlar əslində çərənçi və kütbeyindir! Yaxud da qərəzli bir İblisdir!

9) İslamda saqqal saxlamaq məcburiyyəti yoxdur – Məcburiyyət zərurətdən doğur. Zərurət yaranarsa saqqal saxlamaq da icbar olur. Yox saqqalı qırxmaq zərurəti yaranarsa qırxmaq vacib olur. Bu məsələ fiqhi məsələ olduğu üçün fəqihlərin zaman və məkanla bağlı fətvaları əsasında həll olunur.

10) İslamın beş şərtdən ibarət olması anlayışı yoxdur – Bu məsələni qaldıran adam əgər özünü din üzrə savadlı bilirsə başa düşməlidir ki, bu şərtlər özü şərti olaraq qeyd edilir. Yəni tədris və tətbiqi asanlaşdırmaq üçün sistemləşdirmədən istifadə olunur. Biz sünnülükdə İslamın beş şərtinə baxarkən “Şəhadət etmek, namaz qılmak, zəkat vermək, oruç tutmaq, həccə gitmək” olduğunu görürük. Amma Şiələrdə bu beş şərt “Tövhid, ədalət, nübuvət, imamət, məad” olaraq qeyd edilir. Halbuki hər iki dəstə bu şərtləri izah edərkən Qurana və sünnəyə istinad edir və bu şərtlərdən doğan digər məsələləri də izah edir. Heçvaxt da heçkim niyə məhz bu şərtlər deyə bir irad bildirməyib. Çünki məsələ aydındır. Yenə qeyd edirəm bu şərtlər yalnız təbliğ və tədrisi asanlaşdırmaq üçün sistemləşdirilmiş alqoritmdir. Yəni ardıcıllıqdır. Buna irad bildirib uzun uzadı yazmaq, danışmaq kağıza və sözə israfdır. İsraf isə haramdır.

11- İslamda cümə namazı adlı xüsusi namaz yoxdur – Quran buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”. Məgər başqa günlər azan verilib namaza dəvət olunmur? Əgər Cümə günü xüsusi namaz yoxdursa niyə ayədə bu gün xüsusi olaraq qeyd edilir? Hətta bu günün xüsusi ayaq üstə oxunan xütbəsinə də işarə olunur? Buyrulur: “səni ayaq üstə olduğun halda tərk etdilər”. Cümə namazını inkar etmək aşkar bir zəlalətdir.

12- İslamda rüşvət verməyə və ya almağa icazə yoxdur- Məgər kimsə müsəlmanlardan rüşvətin icazəli olmasını deyir? Bu nə səfeh sözlərdir. Əgər belə mövzular açaraq “əsərlər” yaradacaqsansa onda sənin üfüqlərin çox genişdir. Məsələn “İslamda kələm dolması yoxdur”, “İslamda qoz mürəbbəsi yoxdur”, “İslamda plastik pəncərə yoxdur” və s. Kələm dolmasını izah edərkən hətta milli mətbəximizin geniş imkanlarından və xristian olan ermənilərin bizim yeməkləri mənimsəməsindən də geniş danışmaq olar. Qoz mürəbbəsini izah edərkən sonsuzluq problemlərinə də toxunmaq olar, plastik pəncərələrdən danışarkən təbii resusların tükənməyi məsələsini ekoloji problem kimi qaldırmaq olar və s. Bərəkəllah!!!

13- İslamda İsa (ə) peyğəmbərin təkrar gəlişi inamı yoxdur - Quran Kərimdə Ali İmran surəsinin 46 – cı ayəsı İsanın (ə) bir daha qayıdacağına dəlillərdən biridir. Ayədə buyrulur “İnsanlarla beşikdə (möcüzə ilə) və (40) yaşa dolduqda danışacaq və (o) salehlərdəndir.» Diqqətinizi bu ayədəki “yaşa dolduqda” sözünə çəkmək istəyirəm. Ərəbcə bu söz “kəhlən” deyə catdırılır. Kəhl sözünün mənası 40 yaşında olan, qırxla əlli yaşları arasında, gənclik dövrünü bitirib yaşlılığa tərəf gedən, yaşı kamala çatmış” deməkdir. Bu kəlmə İslam alimləri tərəfindən “40 yaşdan sonrakı dövrə işarə edir” şəklində tərcümə edilir. Həm Məsihilərə və həm Müsəlmanlara görə Həzrət isa (ə) 33 yaşında dünyadan köcüb. İstər məsihilərin dediyi kimi carmıxa cəkilsin istər də Quranın dediyi kimi göylərə yüksəlsin. Bir şey dəqiqdir ki, O 33 yaşında dünyadan köcüb. Quran isə İsanın (ə) 40 yaşından sonra insanlar arasında eynən beşikdə danışdığı kimi danışmasından bəhs edir. “(Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma!(Ali Imran 60)”.

14- İslamda Allah, Muhəmməd, ya Əli demək yoxdur – İlk əvvəl “İslamda” dedikdə nəyin nəzərdə tutulması aydın olmalıdır. İslam termin olaraq bir dinin adıdır. Allah, Muhəmməd (s), Əli (ə) bu dinin aparıcı, ana xəttini təşkil edən şəxsiyyətləridir. Allah vücudu vacib olan hər bir məxluqu yaradan və ona can verən varlıqdır. Muhəmməd (s) onun elçisidir, Əli (ə) isə Muhəmmədin Allah tərəfindən təyin olunan və bir qrupun bu təyinatla razılaşmadığı böyük bir şəxsin adıdır. İndi özünü bu İlahi təyinatla razılaşdığını və boyun əydiyini bildirənlər müxalif dəstəyə etiraz əlaməti və şüar olaraq “Allah, Muhəmməd ya Əli” deyirlər. Bu qədər etirazla dolu, çəkişmələrlə zəngin, uğrunda qan-qadalar olan bir məsələyə necə İslamda yoxdur demək olar? Adam gərək nəqədər səfeh olsun ki, İslam tarixində dərin cığır açmış belə bir məsələyə “yoxdur” desin. Var!!! Amma səhv və ya düz olması ayrı bir polemikanın mövzusudur.

15-İslamda Mehdilik və Mehdinin gələcəyi inamı yoxdur – Mehdinin (ə.f.) gələcəyinə dair həm Quranda həm də rəvayətlərdə aşkar dəlillər vardır. Həm sünnülər həm də şiələr bu barədə ittifaq etmişlər. Bu mövzu olduqca geniş və lazımlı mövzudur. İnkar edənlərin də nəyə görə inkar etməsi bəllidir. Bu mövzu barədə məşur ayələr bunlardır: Ayələr içində ən məşhur olanları bunlardlr:
Ənbiya, 105; Qəsəs, 5; Tövbə, 33; Hədid, 17; Nur, 55; Nisa, 159; Leyl, 1; Əsr surəsi və s.
Xüsusi ilə bu ayə həmin dönəmi işıqlandırır: “Biz Zikrdən (Tövratdan) sonra Zəburda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar”. Bu inqilab Mehdinin (ə. f.) rəhbərliyi ilə baş verəcək.
Sonda qeyd edim ki, seçilən başlıqlara uyğun qısa cavablar verdim. Əsasən ayələrdən istifadə etməyə çalışdım. Adı çəkilən kitab ortaya qoyulanda ordakı hər bir mövzuya ətraflı cavab veriləcək. Allah bizləri zəlalət əhlindən uzaq etsin!

İlahiyyatçı Səyavuş Yəhyayev

Oxunuş sayı 1619 dəfə
Şərh vermək üçün giriş edin
Top