Çərşənbə axşamı, 03 May 2016 22:00

Aydın Səfərov: “Hakimiyyətdə oğruluğa öyrəşmiş, tam kriminallaşmış məmur qrupu fəaliyyət göstərir”

Azərbaycan neft istismarından təqribən 135 milyard dollar gəlir götürüb və bu gün neft fondunun aktivləri təqribən 35 milyard civarındadır. Biz gəlirlərimizin böyük bir qismini xərcləsək də,  görünən odur ki, pullarımızı xərclədiyimiz sahələrdən gəlir əldə etmirik. Mövzu ilə bağlı Xeber.İnfonun suallarını cavablandıran sahibkar Aydın Səfərov hesab edir ki, bu gün ölkəmizdə gənclərin çalışması üçün hər hansı iş yeri tapmaq qeyri-mümkündür: “Mən hələ hər hansı vətəndaşın biznes qurmaq perspektivindən, iş imkanlarından danışmıram. Azərbaycan idxaldan asılı vəziyyətdə qaldığına görə hər gün bahalanmanı müşahidə edirik və neft satışının dünya bazarında ucuzlaşması və Azərbaycan neftinin azalması faktiki olaraq ölkəni iqtisadi krizislə üz-üzə qoyub. Bir həftədir ki, banklar dollar satışını dayandırıb və dollar satışında artıq qara bazar canlanıb. Bu isə gələcəkdə qeyri-leqal fəaliyyətlərin artmasını şərtləndirəcəkdir. Bu gün bir bank rəhbərinin məhkəməsində adıçəkilən nüfuzlu şəxslərin və onların ayrı-ayrı adamların adına kredit götürərək ödəməmələri kriminal qrupların vəzifədə yer tutmasının göstəricisidir. “İnter Tekstil” şirkəti, Bakı Fındıq Emalı Zavodu, “İnter security” şirkətləri ölkədə təsadüfi adamın şirkətidirmi ki, bu şirkətlərin rəhbərlərinin göstərişilə işçilər bankdan milyonlarla kredit götürsünlər. Bu ölkədə hamıya məlumdur ki, bu və ya digər şirkətlərin faktiki rəhbərliyi də təsadüfi adamlardır. Əsl sahibkar isə vəzifədə geniş şəbəkəsi olan məmurlardır. Və yaxud yadınıza salın ki, bankdan 3000 və ya 5000 kredit götürmək istəyən vətəndaşlardan nə qədər sənəd tələb olunur. Bütün bunlar onun göstəricisidir ki, hakimiyyətdə oğruluğa öyrəşmiş, tam kriminallaşmış məmur qrupu fəaliyyət göstərir.

A.Səfərov, Azərbaycana gələn böyük pullar böyük  problemlər gətirdi və biz bu gün bunun bəlasını yaşayırıq, deyir: “Vəziyyətdən çıxmaq üçün hakimiyyət iradə nümayiş etdirib iqtisadi islahatlar tətbiq etməlidir. Bu islahatlar real vəziyyəti əks etdirməli və AzTV reklamı üçün olmamalıdır. Gömrükdə və vergi sistemində olan neqativ hallar aradan qaldırılmalıdır. Daxili istehsalın artırılması üçün fəaliyyətlər həyata keçirilməlidir. Kənd təsərrüfatının inkişafı üçün kredit güzəştləri nəzərdə tutulmalı və sığorta tətbiq olunmalıdır. Ən əsas məsələ ondan ibarətdir ki, azad iqtisadi fəaliyyətə şərait yaradılmalıdır. Bu məsələlər həll edilməyincə Azərbaycanda iqtisadi vəziyyətin düzəlməyini gözləmək çətin olacaq. Onsuz da hətta bütün bu deyilənlər həyata keçsə belə, bir neçə il ölkədə sıxıntı olacaq. Lakin biz əməli fəaliyyətlərin şahidi olsaq yaxın gələcəkdə bunun nəticələrini də görə bilərik. Hərçənd hakimiyyətdə kök salmış bəz məmur qrupların vəzifədən getməyəcəyi halda mən bu nikbin gələcəyə inanmıram. Kreditlərin sürətlə artması yoxsullugun göstəricisidir. Bir neçə nəfər mövcud vəziyyətdən faydalanaraq,  daha çox varlanır. Digər tərəfdən əhali sürətli şəkildə yoxsullaşır. Məmur özbaşnalığı  və korrupsiyanın bu şəkildə davam etməsi ölkədə siyasi-sosial vəziyyəti gərginləşdirəcək. Azərbaycanda baş verən bütün neqativ hadisələrin kökündə korrupsiya və məmur özbaşnalığı durur

Oxunuş sayı 1485 dəfə
Şərh vermək üçün giriş edin
Top