Bazar, 29 Yanvar 2017 21:00

Fiziki və mənəvi gücü mərkəzləşdirən döyüş növü – KAPOEYRA

Zahid Rüstəmov: “Əminəm ki, yaxın beş ildə kapoeyra həm dünyada, həm də Azərbaycanda ən yüksək dövrünü yaşayacaq

Təqribən altı əsir əvvəl qullar heç düşünməzdilər ki, müdafiə üçün icad etdikləri döyüş növü zaman gələcək sərhəd tanımadan bütün dünyanı bürüyəcək.  Əslində hər gün məhşurlaşmaqda olan KAPOEYRA sadəcə olaraq döyüş və idman növü deyil, əzilmişlərin, hüququ pozulanların, məzlumların hayqırtısıdır ki, günümüzə gəlib çatıb və həyat davam etdikcə, zülmün qulaqlarını kar edəcək. Əqidəsindən asılı olmayaraq, istənilən məzlum zilləti qəbul etməyib, hüququ uğrunda döyüşsə, onun müqəddəs amalı əbədi yaşayacaq və yaşayır.

Kopoeyra döyüş növü də Cənubi Amerika ölkəsi olan Braziliyada qulların azadlıq salnaməsi kimi tarixə düşüb. İllərin iztirabını, ayların məşəqqətini, günlərin acısını bir-birinə calamaqla XXI yüzilliyə qədər boylanan kapoeyra Odlar Yurdunda da çiçəklənmə mərhələsinə qədəm qoyub. Fiziki və mənəvi gücü mərkəzləşdirən kapoeyranın döyüş sirrləri Azərbaycanda artıq iyirmi ilə yaxındır ki, öyrədilir. Bu idman növü az müddətdə daha çox gənclərin könül qapısını takkıldadıb, onların gələcək ümidinə çevrilə bilib.

Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda kapoeyra ailəsi kimi heç bir idman növündə bu qədər mehribanlıq və səmimiyyət görməmişəm. Bu döyüş növünün səmimiliyi ilə məsuliyyət və ağırlığını daşıyan məşqçilərdən biri də beynəlxalq dərəcəli məşqçi Zahid Rüstəmovdur. Zahid Rüstəmov gənc olsa da, kapoeyra idman növünün Azərbaycanda əsas dayaqlarından birinə çevrilib. O, dözüm və cəsarətlə gənclərə bu idman növünün sirrlərini öyrədir. Öz etirafı ilə desəm, uşaqlarla işləməkdən zövq alır. Məhz dayanmadan göstərdiyi faliyyət və qayğının nəticəsi olaraq, “İlin ən yaxşı uşaq məşqçisi – 2016” mükafatına layıq görülüb.

Xeber.İnfo kollektivi Zahid Rüstəmovu bu nailiyyətinə görə təbrik edir, ona uğurlar arzulayır və kapoeyra döyüş növü haqqında ictimaiyyəti düşündürən suallarla müraciət edir.

-  Zahid müəllim, kapoeyra idman növü üzrə ilin ən yaxşı uşaq məşqçisi seçilmisiniz. Bu, necə hissdir?

-  Açığı, o anda yaşadığım sevinci heç kimə izah edə bilmərəm. Amma sizə deyim ki, cox gozel hisslər idi. Ən azından həvəslə çalışdığım işin bəhrəsi kimi qiymətləndirirəm. Bu hisslər bütün ağrı-acımı yox edə bildi.

Kapoeyra Azərbaycanda gənc idman növü hesab olunur, bu idman barəsində cəmiyyətə deyiləsi yeni məqamlar varmı?

 - Bu idman bitib, tükənməyən hərəkət bazasına malikdir.  Capoeyraçı olmaq üçün tək hərəkətlər öyrənmək kifayət eləmir. Xüsusi musiqi alətlərində ifa etmək, bu idmana məxsuz musiqiləri bilmək çox vacibdir.

-Kapoeyra başqa idman növlərindən əsasən nə ilə fərqlənir?

n birinci fərqi onun özünə məxsus musiqi alətlərinin olmasıdır. Başqa idman növlərində idmançi döyüşür bununla da onun missiyası sona catir. Lakin capoeyrist həm döyüşür,  həm musiqi alətlərində ifa edir, həm də bu növə aid mahnılar oxuyur. Mahnı isə capoeyrada cox vacibdir. Bu idman növünün fəlsəfəsinə görə, döyüşçünün ruhlanması üçün musiqi mütləqdir.

-Bu idman növünə maraq varmı və yaxud daha çox hansı cinsin nümayəndələri həvəs göstərir?

Bu idman növünə hər il ötən ilə nisbətdə maraq artır. İnsanlar həmişə qeyri-adi şeylər axtardıqları üçün bu idman növünü seçirlər. Əlbəttə ki, Azərbaycanda bu idmanla daha çox oğlanlar məşğul olurlar. Amma qızların da sayı getdikcə çoxalır. Yaxın vaxtlarda qızlar qrupu yaradacağımla bağlı planlarım var.

-Dövlət daha çox pafosla idmana qayğısını iddia edir, siz yeni federasiya olaraq bu qayğının harasındsınız?

Dövlət həqiqətən də idmana qayğısını əsirgəmir. Kapoeyranın qeyri-olimpiya növü olmağına baxmayaraq, bizim federasiyaya dövlət qayğısı çoxdur. Əsasən də federasiyamızın prezidenti Dünya Kapoeyra Federasiyasının prezidenti seçiləndn sonra bu idmana diqqət daha da artıb.

Kapoeyranın gələcək perspektivləri haqqında nə düşünürsünüz, idmançılarımız daha ciddi uğur əldə etmək şansı qazana bilərlərmi?

Hal-hazırda bu idman növündə ciddi işler aparılır. Əsas hədəf olimpiya ailəsinə üzv olmaqdır. Ona görə bəzi dəyisikliklər və əlavələr haqqında işlər görülür. Bu braziliyalıların ənənəsi olduğu üçün nəyisə dəyişmək çətindir. Onları razı salmaq lazımdır. Hələ ki, bizim ən böyük uğurumuz Dünya və Avropa çempionatlarında tələbələrimizin uğurlu çıxışı ola bilər. İnşallah ele öz tələbələrimdən bu il uğurlu nəticələr gözləyirəm. Mən beynəlxalq dərəcəli məşqçi olduğum üçün bir çox xarici ölkədə də məşq keçirəm.

-Azərbaycanda ənənəvi idman növlərindən fərqli olaraq kapoeyra üçün zallar və maddi-texniki şərait yoxdu, yaxın zamanlarda bu istiqamətdə irəliləyiş gözləyirsiniz?

-Düz vurğuladınız, hal-hazırda maddi-texniki şəraitin yaxşılaşdırılması istiqamətində işlər görülür. İnanıram ki, yaxın zamanlarda münbit şərait yaradılacaq. Bu günlərdə Dünya Kapoeyra Federasiyasının Masterlər Kollegiyasının baş masteri Bakıda idi. Onunla da bu işlər haqqında danışıldı. Tezliklə həll olunacağına inanıram.

-Dünya kapoeyra federasiyasının prezidenti həmyerlimiz Taleh Orucov seçilib. Növbəti 5 ildə bu idman növünün inkişafı istiqamətində gözləntiləriniz nədən ibarətdir?

Taleh müəllim elə bir yeniliyə imza atıb ki, bütün diqqət onun üzərindədir. Əminəm ki, yaxın beş ildə kapoeyra həm dünyada, həm də Azərbaycanda ən yüksək dövrünü yaşayacaq.

-Kapoeyra yad və hətta uzaq bir ölkənin - Cənubi Amerika ölkəsinin milli adətlərini əks etdirir, cəmiyyətdə bu idman növünün oturuşmasında nə kimi çətinliklər var?

-Əvvəl çox çətin idi. Hamı deyirdi o nədi, rəqs edirsiniz? Lakin vaxt keçdi, bu idman növünə rəsq deyənlərə əsl döyüş göstərdik, sonra yavaş-yavaş qəbul etməyə başladılar. Qeyd edim ki, bu idman növünə maraq göstərənlər daha çox zəngin dünya görüşü olan insanlardırlar.

-Zahid müəllim, tələbələrinizdən gözləntiləriniz, gələcək planlarınız nədən ibarətdir?

-Beş müxtəlif idman zalında məşq keçirəm. Əllidən çox tələbəm var. Aralarında beynəlxalq turnirin qalibləri, respublika çempionları var. Daha çox azyaşlı uşaqlarla məşğul olduğumdan ümidlərim çoxdur. Planlarımdan biri də xanımlardan ibarət yeni qrup açmaqdır. Xanımlar var, amma onlar qrup formasında deyillər. Ümid edirəm, Azərbaycanın bayrağını dünyada şərəflə dalğalandıra biləcəyik. Bu, bizim ən ciddi məqsədimiz və ən ülvi amalımızdır.

Xeber.İnfo

Sədaqət Alışzadə

Oxunuş sayı 2841 dəfə
Şərh vermək üçün giriş edin
Top